"Liverpul"la oyunda üçüncü qoldan sonra qırılma nöqtəsini gördük - Aydın Bağırov
UEFA Çempionlar Liqasında əsas mərhələnin sonuncu turunda "Qarabağ" "Liverpul" qarşısında 0:6 hesabı ilə məğlub olub. Bu məğlubiyyət bir çox sualı gündəmə gətirdi. Qarşılaşma təkcə hesabla deyil, komandalar arasındakı real güc fərqi ilə də diqqət çəkdi. Oyunun gedişində bu fərqin hansı məqamlarda daha çox üzə çıxdığı maraq doğurur.

İdman jurnalisti Aydın Bağırov təmsilçimizin növbəti mərhələyə adlamasının böyük hesablı məğlubiyyəti kölgələdə qoyduğunu bildirib: "Təmsilçimizin məğlubiyyətində təəcüblü bir şey yoxdur. Ağdam klubu dünən dünyanın ən güclü komandalarından biri ilə qarşılaşıb. "Kəhər Atlar" 20 dəfə İngiltərə çempionu, 6 dəfə UEFA Çempionlar Liqasında çempion olan komandaya qarşı mübarizə apardı. Böyük tarixə malik, heyətində dünya futbolunun ulduzları olan komandanın büdcəsi təmsilçimizin büdcəsindən dəfələrlə böyükdür. Bu üstünlüyü dünənki oyunda da göstərdilər. Artıq 3-cü qoldan sonra oyunun qırılma nöqtəsini gördük. Lakin, əsas məsələ pley-offa vəsiqə qazanmaq idi. "Qarabağ" bunun öhdəsindən gəldi və Azərbaycanın 115 illik futbol tarixində bir ilkə imza atdı. Qarşıda təmsilçimizi daha çətin oyunlar gözləyir."
Türkanə Muradlı
16:41 29.01.2026
Oxunuş sayı: 630