Çempionlar Liqasında kartlar yenidən paylandı -İcmal
UEFA Çempionlar Liqasında 8-ci turun oyunları keçirilib.
Futbol azarkeşləri bu gecə maraqlı oyunlara şahidlik ediblər.
Günün mərkəzi matçında təmsilçimiz "Qarabağ" səfərdə İngiltərə klubu "Liverpul"la qarşılaşıb. Matç "Mersisaydlılar"ın qələbəsi ilə başa çatıb.
Hesab 15-ci dəqiqədə açılıb. Argentinalı yarımmüdafiəçi Aleksis Makallister qapını dəqiq nişan alıb. Az sonra Florian Virtz qol fərqini 2-ə çıxarıb. "Mersisaydlılar" 2-ci hissəyə 2:0 üstünlük ilə yollanıblar. 50-ci dəqiqədə hücumçu Məhəmməd Salah fərqlənib. Çox keçmədən Hüqo Ekitike azarkeşlərini sevindirib. 4-dəqiqə sonra Aleksis Makallister dubl edib. Bununla da qol fərqi 5-ə çıxıb. 90-cı dəqiqədə Federiko Çiesa matçın son qolunu vurub. Beləliklə, təmsilçimiz "Qarabağ" səfərdə "Liverpul" kollektivinə 0:6 hesabı ilə məğlub olub.
Günün digər qarşılaşması "Mançester Siti" və "Qalatasaray" arasında keçirilib. Görüş "Şəhərlilər"in qələləbəsi ilə başa çatıb.
Hücumçu Erlinq Halandın qolu ilə 11-ci dəqiqədə hesab açılıb. 29-cu dəqiqədə Rayan Şerki Jeremi Dokunun ötürməsini dəqiq tamamlayıb. Birinci hissə meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə bitib. İkinci hissədə qapılara qol vurulmayıb. Beləliklə, "Mançester Siti" doğma meydanda "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edib.
"Arsenal" doğma meydanda Qazaxıstan təmsilçisi "Kayrat"ı qəbul edib. İngiltərə nəhəngi meydandan qələbə ilə ayrılıb.
Hesab Viktor Gyokereşin qolu ilə matçın əvvəlində açılıb. Az sonra qonaqlar penalti vurmaq hüququ qazanıb. Portuqaliyalı hücumçu Jorjinho penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. 15-ci dəqiqədə Kay Havertz azarkeşlərini sevindirib. 36-cı dəqiqədə Qabriel Martinelli fərqlənib. Beləliklə, birinci hissə meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb. Matç sonuna əlavə edilmiş 3-cü dəqiqədə Rikardinyo komandasının hesabına 2-ci qolu yazdırıb. Nəticədə İngiltərə təmsilçisi "Arsenal" azarkeşləri önündə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.
"Barselona" azarkeşləri önündə "Kopenhagen"i məğlub edib. Kamp Nou stadionunda hesab 4-cü dəqiqədə açılıb. Hücumçu Viktor Dadason qapını dəqiq nişan alıb. Birinci hissə qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarının əvvəlində polşalı hücumçu Robert Levandovski hesabı bərabərləşdirib. 60-cı dəqiqədə gənc oyunçu Lamin Yamal Ferminin ötürməsini dəqiq tamamlayıb. Çox keçmədən hücumçu Rafinya qol fərqini 2-ə çıxarıb. 85-ci dəqiqədə Markus Raşford topu rəqib qapısından keçirib. Az sonra Qabirel Pereyra qol vurmağa yaxınlaşıb. Lakin, VAR sistemi oyundankənar vəziyyət elan edib və qol ləğv edilib. Beləliklə, İspaniya nəhəngi "Barselona" Danimarka təmsilçisini doğma meydanda 4:1 hesabla məğlub edib.
Daha bir qarşılaşma "Napoli" və "Çelsi" arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə başa çatıb.
19-cu dəqiqədə qonaqlar penalti vurmaq hüququ qazanıb. Enzo Fernandes penaltini dəqiq yerinə yetirərək, hesabı açıb. 33-cü dəqiqədə Antonio Verqara hesabı bərabərləşdirib. Çox keçmədən Rasmus Xyoylun azarkeşlərini sevindirib. 61-ci dəqiqədə braziliyalı hücumçu Juan Pedro vurduğu qolla hesabda yenidən bərabərlik yaradıb. 82-ci dəqiqədə hücumçu dubl edib. "Çelsi" səfərdə "Napoli" kollektivini 3:2 hesabı ilə məğlub edib.
Günün daha bir qarşılaşmasında "Bayer Leverkuzen" "Vilyarreal"ı məğlub edib. Yarımmüdafiəçi Malik Tillman 12-ci dəqiqədə hesabı açıb. ABŞ-li oyunçu 35-ci dəqiqədə dubl edib. 57-ci dəqiqədə Alexandro Qrimaldo Lukas Vaskezin ötürməsini dəqiq tamamlayıb.
Beləliklə, matç "Bayer Leverkuzen"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Benfika" "Real" Madrid qarşılaşması isə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. 30-cu dəqiqədə Kilian Mbappe fərqlənib. Az sonra Andreas Şelderup hesabı bərabərləşdirib. Birinci hissəyə əlavə edilmiş 5-ci dəqiqədə meydan sahibləri penalti vurmaq hüququ qazanıb. Yunanıstanlı hücumçu Vanqelis Pavlidis penaltini dəqiq yerinə yetirib. Az sonra Andreas Şelderup dubl edib. 58-ci dəqiqədə Kilian Mbappe yenidən fərqlənib. Oyun sonuna əlabə edilmiş 8-ci dəqiqədə qapıçı Anatoli Trubin matçın son qolunu vurub. Beləliklə, "Benfika" "Real" Madrid ilə qarşılaşmada doğma meydandan 4:2 hesablı qələbə ilə ayrılıb.
Türkanə Muradlı
02:10 29.01.2026
Oxunuş sayı: 513