Qızıl "od qiymətinə" oldu- İqtisadçı səbəbləri açıqladı
Qlobal maliyyə bazarlarında qeyri-sabitlik fonunda investorların qiymətli metallara marağı artmaqda davam edir. Xüsusilə qızıl, gümüş, platin və palladium kimi aktivlər inflyasiya risklərinə və iqtisadi qeyri-müəyyənliyə qarşı etibarlı vasitə kimi ön plana çıxır.
Bu tendensiya Nyu-York ticarət birjasında (NYMEX) və onun "Comex" bölməsində keçirilən son ticarət sessiyalarında da öz əksini tapıb. Ticarət platformalarının məlumatlarına görə, əsas qiymətli metalların fyuçers qiymətlərində nəzərəçarpacaq artım qeydə alınıb ki, bu da bazarlarda müsbət dinamikanın davam etdiyini göstərir.
Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Qızılın hazırkı qiymət artımı təsadüfi deyil və bunu təkcə iqtisadi amillərlə əlaqələndirmək doğru olmaz. Bu, bir sıra amillərlə - qlobal qeyri-sabitlik, inflyasiya qorxuları, yüksək likvidliyin maliyyə bazarlarından qızıla yönəlməsi, mərkəzi bankların siyasəti və dolların dinamikası ilə bağlıdır.
Müharibələr, beynəlxalq gərginliklər və siyasi qeyri-müəyyənlik dövrlərində qızıl təhlükəsiz bir investisiya hesab olunur və təbii ki, bu da qızılın qiymətini yüksəldir. Qısa müddətdə qiymətlərdə müəyyən dalğalanmalar mümkün olsa da, mövcud şəraitdə kəskin və davamlı ucuzlaşma üçün güclü iqtisadi əsaslar hələ görünmür".
Elmir Heydərli
09:44 26.01.2026
Oxunuş sayı: 552