İraqda Güc Balansının Yenidən Qurulması: İrandan yeni demarş
Hazırda İraqda baş nazir postu uğrunda gedən son siyasi proseslər ölkənin daxili güc balansının yenidən formalaşdığını göstərir. Şiə Koordinasiya Çərçivəsinin (Coordination Framework), kürd siyasi partiyalarının mühüm hissəsinin və Tehranla yaxın dairələrin dəstəyi ilə Nuri əl-Maliki yenidən Bağdadın əsas siyasi fiquruna çevrilməkdədir. Sünni blokun ciddi etirazlarına baxmayaraq, parlament reallıqları onun namizədliyinin qarşısını almağa imkan vermir. Bu proses təkcə hökumət dəyişikliyi deyil, İraqın geosiyasi orientasiyasının və şiə siyasi fəlsəfəsinin hansı xətt üzrə inkişaf edəcəyinin göstəricisidir.
Nuri əl-Maliki İraq siyasətində təsadüfi fiqur deyil. 2006–2014-cü illərdə iki müddət baş nazir olan Maliki, dövlət institutlarının mərkəzləşdirilməsini, təhlükəsizlik aparatının gücləndirilməsini, şiə siyasi hakimiyyətinin konsolidasiyasını prioritetə çevirib. Lakin onun hakimiyyəti dövrü eyni zamanda, sünni icmaların sistemli şəkildə marginallaşdırılması, siyasi inklüzivliyin zəifləməsi, konfessional parçalanmanın dərinləşməsi ilə də yadda qalıb. Bu faktorlar sonradan İŞİD-in sosial bazasının formalaşmasına münbit zəmin yaratmışdı.
Malikinin fərqləndirici cəhətlərindən biri onun Nəcəf deyil, Qum şiə məktəbinə yaxınlığıdır. Bu məsələ İraq şiəliyinin daxili ideoloji xəritəsində həlledici əhəmiyyət daşıyır.
Nəcəf məktəbi (Ayətullah Sistani xətti) – milli suverenlik, siyasi məsafə, dini avtoritetin birbaşa hakimiyyətdən uzaq tutulmasını əsas olaraq qəbul edir. Qum məktəbi (Xamenei xətti) isə “vilayəti-fəqih”, dövlət və dinin sintezi, regional şiə ekspansiyası üzərində öz siyasi-ideoloji xəttini yeritməkdədir.
Maliki açıq şəkildə Qum xəttinə daha yaxındır. Bu isə onu Müqtəda əs-Sədr kimi Nəcəf yönümlü şiə liderlərindən, dini neytrallığı qorumağa çalışan Sistani xəttindən ayırır. Malikinin siyasi yüksəlişi İranın İraqdakı strateji planı ilə paralel inkişaf edib. O, Səddam dövründə SEPAH-ın siyasi-logistik dəstəyi ilə fəaliyyət göstərib, İranın İraqda qurduğu təhlükəsizlik və milis şəbəkələrinin legitimləşməsində rol oynayıb, “İranın Bağdaddakı əsas siyasi dayaqlarından biri” kimi qəbul edilib.
Bu kontekstdə Maliki təkcə siyasətçi yox, Tehranın regional təhlükəsizlik konsepsiyasının bir elementi kimi də çıxış edir.
Kürd siyasi aktorlarının – xüsusilə Talabani və Barzani xəttinin – Maliki ilə münasibəti ideoloji deyil, iqtisadi və institusional maraqlara əsaslanır: enerji müqavilələri, büdcə payı, muxtariyyətin qorunması. Bu səbəbdən kürdlər Malikini “İranın adamı” kimi deyil, işbirliyinə gedən mərkəzi fiqur kimi görürlər. Bu da onun parlamentdə əlavə legitimlik qazanmasına şərait yaradır.
Sünnilərin Malikiyə etirazı isə tarixi və emosional baxımdan başadüşüləndir. Lakin siyasi fragmentasiya, liderlik böhranı, vahid strategiyanın olmaması onları proseslərdən kənarda saxlayır. Sünni etirazlar daha çox simvolik xarakter daşıyır, real təsir mexanizminə çevrilmir. Bu isə qarşı tərəf üçün ciddi üstünlük deməkdir. Malikinin baş nazirliyə qayıdışı bu mənada olduqca ciddi nəticələrə yol aça bilər.
İlk növbədə ABŞ və Körfəz ölkələri ilə münasibətlərdə gərginliyin artması fonunda İranın İraqdakı təsirinin yenidən, təqribən 5 ildən sonra institusional möhkəmlənməsi prosesi başlayacaq. Yəni faktiki olaraq İran, Maliki ilə İraqda itirdiyi mövqelərini yenidən geri qaytarmaq üçün ciddi həmlə etməkdədir.
Eyni zamanda Şiə-sünni xəttində yeni siyasi qütbləşmə İraqın “milli dövlət” modelindən “regional proksi dövlət” modelinə daha da yaxınlaşmasına səbəb ola bilər.
Nuri əl-Malikinin yenidən hakimiyyətə qayıtmaq ehtimalı sadəcə bir siyasi revanş deyil. Bu, İraqın hansı şiə xətti ilə, hansı regional güc mərkəzi ilə və hansı dövlət modeli ilə yoluna davam edəcəyinin göstəricisidir. Bu prosesdə Maliki İran üçün strateji zəmanət, kürdlər üçün praqmatik tərəfdaş, sünnilər üçün isə köhnə travmanın simvolu olaraq qalır. İraq isə növbəti dəfə daxili suverenliklə regional asılılıq arasında seçim etmək məcburiyyəti ilə üzləşir.
Vüqar ZİFƏROĞLU
11:03 25.01.2026
Oxunuş sayı: 1300