Trampın impiçment məsələsi gündəmdə: ABŞ NATO-dan çıxarılacaq - Müsahibə
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Avropanın siyasi və iqtisadi kursunu sərt tənqid edib. O bildirib ki, Avropa çiçəklənmək potensialına malik olsa da, hazırda düzgün istiqamətdə irəliləməyir və bəzi dəyişikliklər tanınmaz həddə çatıb.
Tramp xüsusilə Avropanın miqrasiya siyasətini və enerji strategiyasını tənqid edərək vurğulayıb ki, son illərdə formalaşmış bəzi yanaşmalar region üçün təhlükəli nəticələr doğura bilər. Onun sözlərinə görə, iqtisadi artım yalnız dövlət xərclərindən, miqrasiyadan və idxaldan asılı hesab edilən fikir yanlışdır.
Amerikalı lider əlavə edib ki, sənaye və enerji sahələrində edilən dəyişikliklər “yaşıl fırıldaq” və uzaq ölkələrdən yeni əhalinin köçürülməsi kimi yanaşmalarla əvəz olunur, lakin bu, Avropanın davamlı inkişafı üçün düzgün yol deyil.
Bu barədə politoloq, professor Qabil Hüseynli Crossmedia.az-a müsahibə verib.

— ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışında Avropanın siyasi və iqtisadi kursunu tənqid etdi. Vaşinqtonla Avropa paytaxtları arasında gərginliyin hazırkı durumunu necə qiymətləndirirsiniz?
— Trampın siyasəti bir çox regional məsələfə ərginlik yaradır. Ukrayna, İran və Fələstin məsələlərində Amerika yanaşmaları qarışıqdır, bəzən Avropa və regional tərəfdaşlarla anlaşılmazlıqlara gətirib çıxarır. Eyni zamanda, ABŞ-Rusiya münasibətlərində Tramp fərqli yanaşmalar sərgiləyir, bu isə dünya siyasətində qeyri-müəyyənliyi artırır. Onun bəzi addımları BMT və NATO kimi institutların nüfuzuna mənfi təsir göstərir, yeni hərbi və siyasi təşkilatlar yaratmaq istəyi isə mövcud dünya düzənini sarsıda bilər.
— Gərginlik hansı səviyyəyə qədər inkişaf edə bilər?
— Gərginlik davamlı olaraq arta bilər. Bu ilin payızında Amerikada keçiriləcək Konqres seçkiləri önəmli rol oynayacaq. Demokratlar üstünlük qazandığı halda, Trampın impaçment məsələsi gündəmə gələcək və bu, ABŞ daxili siyasətində əlavə gərginlik yaradacaq. Nəticədə, onun xarici siyasətdəki təsiri daha da qeyri-sabit ola bilər.
— Bu gərginliyin artacağı təqdirdə Bakı və Ankara necə davranmalıdır?
— Rəsmi Bakı və Ankara vəziyyəti diqqətlə izləməli, gərginlikdən mümkün qədər uzaq dayanmalıdır. Türkiyə məsələlərə ehtiyatlı yanaşır, lakin ABŞ-nin Avropadakı siyasətində qeyri-sabitlik davam edərsə, regional tərəfdaşlar mövqelərini buna uyğun tənzimləməlidirlər. Diplomatik çeviklik və strateji balans saxlamaq vacibdir.
— Sizcə, Rusiya bu gərginlikdən necə yararlanır?
— Hazırda Rusiya bu vəziyyətdən çox yaxşı yararlanır. ABŞ-nin siyasətindəki qeyri-müəyyənlik və gərginliklər Moskvanın öz geosiyasi maraqlarını təşviq etməsinə imkan verir. Trampın ABŞ-Rusiya münasibətlərinə dair dəyişkən mövqeləri Rusiyanın diplomatik və hərbi strategiyasını gücləndirir.
— Artan gərginlik fonunda ABŞ NATO-dan çıxa və alyans dağıla bilərmi?
— ABŞ-nin NATO-dan çıxması hələ real görünmür, amma Amerikanın alyansdan uzaqlaşdırılması mümkündür. Bu halda Avropa öz xarici müdafiə sistemini yaradacaq və ABŞ bu strukturlarda iştirak etməyəcək. NATO qalacaq, lakin ABŞ-ın rolu azalacaq və alyansın fəaliyyət mexanizmləri Avropanın maraqlarına uyğun formalaşacaq.
15:05 24.01.2026
Oxunuş sayı: 674