Azərbaycanda investisiya mühiti münbitləşir - Detallar açıqlandı
Qlobal iqtisadi qeyri-müəyyənliklərin və investisiya risklərinin artdığı bir dövrdə Azərbaycan iqtisadiyyatına yönələn xarici sərmayələrin həcminin yüksəlməsi ölkənin investisiya mühitinə olan beynəlxalq etimadın mühüm göstəricisi kimi dəyərləndirilir. Makroiqtisadi sabitlik, strateji tərəfdaşlıqlar və institusional islahatlar xarici investorlar üçün Azərbaycanın cəlbediciliyini qoruyub saxlayan əsas amillər sırasında yer alır.
Məhz bu amillərin nəticəsidir ki, ötən il ölkə iqtisadiyyatına xarici mənbələrdən əsas kapitala yönəldilən investisiyalarda əhəmiyyətli artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər göstərir ki, Azərbaycan müxtəlif ölkələrin sərmayədarları üçün regional miqyasda mühüm investisiya platforması olaraq qalır və bu tendensiya iqtisadiyyatın uzunmüddətli inkişaf perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı iqtisadçı-ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru Gündüz Camalzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ötən il Azərbaycanda əsas kapitala yönəldilən xarici sərmayələr 2024-cü illə müqayisədə təxminən 28 faiz artaraq 4,203 milyard manata çatmışdır. Bu artım ölkəyə əlavə maliyyə axınının daxil olması deməkdir. Bu da öz növbəsində iqtisadiyyatın digər sahələrinə investisiya imkanlarını genişləndirir. Artan investisiyalar innovasiya və texnologiyaların transferini sürətləndirərək həm yerli, həm də xarici təsərrüfat subyektləri üçün əlverişli mühit yaradır.

Ölkədə iqtisadi rəqabət qabiliyyətinin güclənməsi yerli və xarici investorların marağını artırır ki, bu da regional inkişaf üçün yeni imkanlar açır. Eyni zamanda iqtisadi şaxələndirməni genişləndirərək iqtisadiyyatı daha dayanıqlı edir. Bundan başqa, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltmişdir. Bu təşəbbüs nəticəsində ölkədə yaşıl enerji sektoruna iri həcmli sərmayələrin yatırılması prosesi sürətlənmişdir.
Eyni zamanda, regionun nəqliyyat xəritəsini dəyişəcək strateji layihələrdən biri olan Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması yalnız Azərbaycana deyil, bütövlükdə regionun inkişafına və qarşılıqlı əməkdaşlığın genişlənməsinə mühüm dividendlər qazandıracaqdır.
Ümumdünya İqtisadi Forumu çərçivəsində Davos sammitində, eləcə də beynəlxalq səfərlər zamanı cənab Prezident İlham Əliyevin aparıcı investorlarla birbaşa təması xarici investisiyaların cəlb olunmasına əhəmiyyətli təkan verir. Beynəlxalq şirkətlərin rəhbərləri ilə bölgədə yeni infrastruktur layihələri barədə aparılan fikir mübadilələri ölkəyə xarici kapital axınını gücləndirir, beynəlxalq investorların diqqətini Azərbaycana yönəldir".
Ekspert, həmçinin dövlət tərəfindən qəbul edilən uzunmüddətli proqramlarının iqtisadiyyatın dayanıqlılığını möhkəmləndirdiyini və investisiya mühitinə olan inamı artırdığını qeyd edib:
"Bu tədbirlər iqtisadiyyatın neftdən asılılığının azaldılmasına, qeyri-neft sektorunun gücləndirilməsinə və inklüziv iqtisadi artımın təmin olunmasına xidmət edir. Əlavə olaraq, Azərbaycanın iqtisadi dayanıqlılığını və aşağı dövlət borcu səviyyəsini əks etdirən beynəlxalq reytinqlər investorların etimadını daha da möhkəmləndirir. Ümumilikdə, rəqabətqabiliyyətli, şaxələndirilmiş və “yaşıl” iqtisadi model ölkəyə sabit gəlir axınları gətirir, uzunmüddətli dayanıqlı inkişafı təmin edir. Bu amillər investisiya mühitini daha da münbitləşdirir və xarici kapital axınının artması üçün möhkəm zəmin yaradır".
Elmir Heydərli
09:58 22.01.2026
Oxunuş sayı: 3172