Əbədiyyət axtarışında donmuş zaman – Bülbülün izi ilə
“Mən Şalyapini rus operasının, Bülbülü Azərbaycan operasının novatoru hesab edirəm”
Niyazi
Bura sadəcə bir muzey deyil, Azərbaycan musiqisinin arxivnaməsidir
Azərbaycan mədəniyyət tarixində elə simalar var ki, onların yaradıcılığı bir xalqın mənəvi pasportuna çevrilir. Professional vokal sənətimizin banisi Bülbül məhz belə nadir şəxsiyyətlərdəndir. Ümummilli lider Heydər Əliyevin də vurğuladığı kimi, Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır. Bülbül sadəcə bir ifaçı deyil, Şərqin qədim musiqi ənənələrini Avropanın klassik vokal məktəbi ilə ustadcasına birləşdirən böyük bir novatordur.
Onun sənət dünyası o qədər zəngindir ki, dahi bəstəkar Qara Qarayev onu musiqimizin “ehtiraslı təbliğatçısı”, dünya şöhrətli Müslüm Maqomayev isə “təkrarolunmaz məktəb” adlandırırdı. Bülbülün səsi təkcə Azərbaycanın deyil, bütün Şərqin opera səhnəsində inqilab etmiş, Üzeyir Hacıbəylinin “Koroğlu”su ilə milli ruhun simvoluna çevrilmişdir. Bu gün Bülbülün irsi həm bir sənət fədaisinin “dəhşətli əməyi”nin nəticəsi, həm də gələcək nəsillər üçün tükənməz bir örnək kimi yaşamaqdadır.
Onun yaradıcılığı sadəcə bir müğənninin sənət yolu deyil, bütöv bir xalqın mədəni dirçəlişinin, Şərqin qədim muğam sədaları ilə Qərbin möhtəşəm opera sənətinin harmonik vəhdətinin hekayəsidir. Onun səsi Azərbaycanın təbiətini, xalqımızın psixologiyasını və milli ruhunu özündə rəsm edən təkrarolunmaz bir tablodur. Xüsusilə canlandırdığı qəhrəmanlıq obrazları ilə o, xalqın yaddaşında elə bir iz qoymuşdur ki, bu gün də həmin obrazlar düşünüləndə ağıllara gələn ilk sima məhz odur.
Bülbülün keçdiyi bu şərəfli və zəhmət dolu yolun hər anını hiss etmək üçün onun xatirəsini əbədiləşdirən Bülbülün Memorial muzeyindəyik. Muzeyin qapısından içəri addım atanda insanı elə bir aura bürüyür ki, sanki az sonra sənətkarın o gur və məlahətli səsi otaqlara yayılacaq.
Muzeyə daxil olarkən bizi muzeyin elmi işçisi Aytac Əhmədli qarşılayır.
Muzey Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış və mədəniyyət tariximizdə unudulmaz bir hadisə kimi yadda qalmışdır. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son gününə, yəni 1961-ci il sentyabrın 26-dək yaşayıb-yaratmışdır. Ziyarətçiləri qarşılayan büst isə onun xoş təbəssümlü, ölməz simasını canlandırır, sanki Bülbül bu otaqda hələ də musiqisinin sehrini yayır.
Bülbül yalnız müğənni və artist deyildi, o, həm müəllim, həm alim-musiqişünas, həm də musiqi incəsənətində yenilikçi ruh idi. Onun yaradıcılığı xalqın mədəni sərvətini zənginləşdirən əbədilik mənbəyinə çevrilmişdir. Muzeydə toplanmış 8000-dən çox sənəd, material və eksponatlar, onun elmi, pedaqoji və ictimai fəaliyyətinin dərinliyini göstərməklə yanaşı, Azərbaycan musiqi incəsənətinin zəngin və ölməz ruhunu da təqdim edir.
Muzeyin açılışı 1982-ci il iyunun 10-da təntənəli şəkildə keçirilmişdir. Azərbaycan KP MK Birinci katibi Heydər Əliyev, respublikanın partiya və hökumət rəhbərləri, eləcə də SSRİ Böyük Teatrının məşhur truppası bu anın şahidi olmuşlar.
Ekspozisiyanın ilk otağı Bülbülün yataq otağıdır. Otağın quruluşu və mebelləri sənətkarın sağlığında olduğu kimi qorunub saxlanılmışdır. Xüsusilə otaqda yerləşən incəsənət nümunəsi olan mebel Bülbülün gözəlliyə və yüksək zövqə verdiyi önəmi əks etdirir.1897-ci il iyunun 22-də Şuşada anadan olduğu evin maketi də burada nümayiş olunur.
Muzeydə nümayiş etdirilən ikinci otaq sənətkarın ictimai və yaradıcılıq fəaliyyətinin mühüm mərhələsini əks etdirir. Zamanla saralmış köhnə sənədlər kompleksi Bülbülün həmkarlar ittifaqındakı fəal fəaliyyətindən xəbər verir. O, Gəncə və ətraf qəzalarında musiqi-teatr işləri üzrə instruktor-təşkilatçı kimi çalışmış, eyni zamanda Gəncə incəsənət işçiləri həmkarlar ittifaqının sədri, idarə heyətinin üzvü, mədəni-maarif plenumunun üzvü olmuşdur.
Ekspozisiyada yer alan sənədlər Bülbülün daim axtarışda olan, əldə etdiyi biliklərlə kifayətlənməyən bir sənətkar olduğunu göstərir. Məhz bu yenilikçi ruh onu 1921-ci ildə Bakı Konservatoriyasına gətirmişdir. Xalq musiqisinə dərin məhəbbət və milli incəsənəti daha geniş çərçivədə təqdim etmək istəyi Bülbülü ifaçılıq üslubunda yeni istiqamətlər axtarmağa sövq etmişdir. Qeyd edək ki, Bülbül Konservatoriyada vokal üzrə təhsil alan ilk azərbaycanlı tələbə olmuşdur.
1927-ci ildə konservatoriyanı bitirdikdən sonra onun istedadı və uğurları Azərbaycan hökumətinin diqqətini cəlb etmiş və təhsilini davam etdirməsi üçün İtaliyanın Milan şəhərinə ezam olunmasına şərait yaradılmışdır. Bu mərhələ Bülbülün dünya və milli incəsənət məktəblərinin sintezini yaratması baxımından xüsusi əhəmiyyət daşıyır.
İlk vitrində Bülbülün İtaliyaya ezam olunması ilə bağlı rəsmi sənədlər nümayiş etdirilir. Burada onun xarici pasportu, italyan dilini öyrənmək üçün istifadə etdiyi “Berlits məktəbi”nin kitabı, Arturo Toskaninin konsert proqramı, maestro Raffaele Qraninin məktubları və digər şəxsi əşyalar yer alır. Bülbül İtaliyada yalnız dərslərlə kifayətlənməyib, tamaşalarda, konsertlərdə iştirak etmiş, arxiv və kitabxanalarda saatlarla çalışaraq vokal sənətini dərindən öyrənmişdir.
1931-ci ildə İtaliyanın məşhur “Arte Nostra” musiqi jurnalı Bülbülün böyük portretini və onun haqqında məqalə dərc etmiş, məqalədə onun Şərq oxuma tərzindən Avropa vokal məktəbinə uğurlu keçidi xüsusi vurğulanmışdır. Dörd illik təhsildən sonra maestro Qrani Bülbülün İtaliya ifaçılıq məktəbini mükəmməl mənimsədiyini etiraf etmiş və sənətkar əldə etdiyi bilikləri xalqına çatdırmaq üçün vətənə qayıtmışdır.
Ekspozisiyanın bu hissəsi qonaq otağı olmuşdur. Vaxtilə bura tanınmış bəstəkarların, alimlərin, yazıçı və şairlərin toplaşdığı yaradıcılıq mühitinə çevrilmişdir. Burada yeni ideyalar formalaşmış, əsərlər müzakirə olunmuş, qonaqlar tərəfindən Bülbülə hədiyyə edilən imzalı şəkillər, notlar və kitablar bu gün muzeyin dəyərli eksponatları kimi qorunur.
Ekspozisiyanın üçüncü otağı sənətkarın folklorşünaslıq, elmi-tədqiqat və pedaqoji fəaliyyətini əhatə edir. Avropa vokal mədəniyyətini dərindən mənimsəməsi Bülbülün Azərbaycan musiqi folkloruna marağını azaltmamış, əksinə, bu sahədəki fəaliyyətini daha da gücləndirmişdir.
Otaqda nümayiş etdirilən 1932-ci ildə Leninqraddan gətirilmiş “Edison” fonoqrafı Bülbülün folklor irsinin qorunması istiqamətində gördüyü işlərin canlı sübutudur. Məhz bu cihaz vasitəsilə C.Qaryağdıoğlu, Q.Primov kimi tanınmış xanəndə və musiqiçilərin səsləri yazıya alınmışdır. Bu eksponatlar Azərbaycan musiqi tarixinin qorunmasında Bülbülün rolunu aydın şəkildə göstərir.
Ekspozisiyada Bülbülün aşıq yaradıcılığına verdiyi böyük töhfələr də əksini tapır. O, aşıq sənətinin toplanması və tədqiqi istiqamətində qurultayların təşəbbüsçüsü olmuşdur. Nümayiş olunan fotolarda Bülbülün 1938-ci il Aşıqlar Qurultayında məruzə ilə çıxış etdiyi anlar, eləcə də 1961-ci ildə keçirilən III Aşıqlar Qurultayındakı fəaliyyəti əks olunub. Bu tədbirlərdə Səməd Vurğun, Hüseynqulu Sarabski, aşıq Mirzə Bayram və digər tanınmış simalar iştirak etmişlər.
Bu otaq eyni zamanda Bülbülün iş otağı olmuşdur. Məhz burada yeni konsert proqramları hazırlanmış, operalar üzərində işlənmiş, Azərbaycan musiqi incəsənətinin inkişafı ilə bağlı fundamental ideyalar formalaşdırılmışdır. Bülbül burada elmi məqalələr və məruzələr yazmış, vokal sənətinin nəzəri əsaslarını işləyib hazırlamış, milli vokal kadrların hazırlanması üçün dərs vəsaitləri və xüsusi məşqlər tərtib etmişdir.
Otaqda 1930-cu illərdə Azərbaycan hökuməti tərəfindən Bülbülə hədiyyə edilmiş piano da nümayiş olunur. Məhz bu pianoda Fikrət Əmirovun dünya şöhrəti qazanmış “Şur” və “Kürd Ovşarı” simfonik muğamları ərsəyə gəlmişdir. Simfonik muğam janrının formalaşmasında Bülbülün təşəbbüskar və yaradıcı iştirakının xüsusi rolu olduğu vurğulanır.
Ekspozisiyada Bülbülün istirahət anlarını əks etdirən fotolar da yer alır. O, asudə vaxtlarında radionun qarşısında əyləşərək musiqi dinləməyi və jurnalları vərəqləməyi sevirdi.
Burada nümayiş olunan vitrində Bülbülün elmi və təşkilati fəaliyyətinə dair zəngin materiallar toplanıb. 1926-cı ildə Moskvada Dövlət Musiqi Elmləri İnstitutunun yaradılması münasibətilə Bülbül Azərbaycan milli musiqisini tanıtmaq üçün ansamblla Moskvaya səfər etmişdir. Həmin dövrdə “Muzyka i Oktyabr” jurnalında onun rəhbərliyi ilə çıxış edən ilk Azərbaycan instrumental ansamblı haqqında məqalələr dərc olunmuşdur.
Ekspozisiyada Bülbülün opera studiyasının, səsyazma kabinetinin, not nəşriyyatının yaradılması, ilk Musiqi Olimpiadasının keçirilməsi və vokal təhsili üzrə ümumittifaq müşavirələrin təşkili ilə bağlı sənədlər də nümayiş etdirilir. 1937-ci ildə Moskvada keçirilən Ümumittifaq vokal müşavirəsində Bülbül “Səsşünaslıq üçün Azərbaycan dilinin fonetik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Üçüncü vitrində Bülbülün çoxşaxəli ictimai fəaliyyəti, deputatlıq dövrü, elmi məruzə və əlyazmaları təqdim olunur. O, uzun illər Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, respublikanın zəhmətkeşləri ilə mütəmadi görüşlər keçirmişdir. Bülbül həmçinin gənc nəslə xüsusi diqqət göstərmiş, oktyabryat və pionerlərlə görüşlərə vaxt ayırmışdır.
Bu otaqla birlikdə muzeyin memorial hissəsi başa çatır və biz ekspozisiyanın sərgi bölməsinə keçirik.
Ekspozisiyanın dördüncü otağı sənətkarın xalq xanəndəsindən görkəmli professional vokal ustasına qədər keçdiyi möhtəşəm yaradıcılıq yolunu əhatə edir. Otaqda nümayiş etdirilən gənclik və uşaqlıq illərinə aid fotolar bu böyük sənət yolunun başlanğıcını əks etdirir.
Ekspozisiyada Bülbülün səhnə fəaliyyətinə dair nadir sənədlər və afişalar yer alır. Burada onun 1920-ci ildə “Əsli və Kərəm” muğam operasında Kərəm rolunda ilk çıxışının proqramı, 1921-ci ildə “Şeyx Sənan” tamaşasında Kor Ərəb rolundakı çıxışına dair materiallar, eləcə də 1923-cü ildə Moskvada keçirilmiş konsertinin proqramı nümayiş etdirilir. Eyni zamanda görkəmli ədəbiyyat və incəsənət xadimlərinin yubileylərinə həsr olunmuş konsert proqramları da təqdim olunur. Fotolardan birində Bülbül oğlu Polad ilə məşq zamanı əks olunub.
Bu otaqda Bülbülün 1938 və 1959-cu illərdə Moskvada Böyük Teatr səhnəsində Azərbaycan incəsənətinin ongünlüyü çərçivəsində verdiyi möhtəşəm konsertlərə dair materiallar da yer alır. “İlk” anlayışı Bülbülün yaradıcılığından qırmızı xətt kimi keçir: o, vokal üzrə ilk azərbaycanlı tələbə, ilk azərbaycanlı professor və Ümumittifaq vokal müsabiqəsinin ilk azərbaycanlı laureatı olmuşdur.
1933-cü ildə Moskvada keçirilmiş vokalistlərin I Ümumittifaq müsabiqəsində Bülbülün qazandığı diplom və büllur bakal onun ifaçılıq sənətinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Lirik-dramatik tenor səsinə, geniş diapazona və böyük nəfəs imkanlarına malik Bülbül öz nadir səsi və ifaçılıq ustalığı ilə dinləyicilərin qəlbini fəth etmişdir.
Sənətkarın konsert fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, 1950-ci ildə ona Stalin mükafatı təqdim olunmuşdur. Ekspozisiyada bu mükafata aid diplom, nişan və vəsiqə nümayiş etdirilir.
1957-ci ilin dekabrında Sovet musiqi ictimaiyyəti Bülbülün anadan olmasının 60 illiyini və yaradıcılıq fəaliyyətinin 40 illiyini böyük təntənə ilə qeyd etmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərin dəvətnamələri, elmi sessiyalara dair materiallar və rəsmi sənədlər də burada sərgilənir. Muzey fondlarında saxlanılan çoxsaylı təbrik teleqramları arasında Nazim Hikmətin, Anatoli Dalivanın, eləcə də müxtəlif ölkələrin elmi və mədəni qurumlarının ünvanladığı təbriklər xüsusi diqqət çəkir.
Otaqda 80 ildən artıq yaşı olan nadir afişalar da yer alır. Bunlar arasında İtaliyadan qayıtdıqdan sonra Bülbülün “Riqoletto” operasında Hersoq rolunda ilk çıxışına dair afişa və “Toska” operasının proqramı var. Klassik Azərbaycan operalarının hələ formalaşmadığı dövrdə Bülbül rus opera truppasında rus və italyan dillərində çıxış etmişdir.
Ekspozisiyada Bülbülün səhnədə istifadə etdiyi qrim ləvazimatları və şəxsi çamadanı da nümayiş etdirilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1935-ci ildə “Azərbaycanın əməkdar artisti”, 1938-ci ildə isə “SSRİ Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Bülbül bu obrazı 400 dəfədən çox ifa etmişdir. Otaqda 400-cü çıxışın proqramı və müxtəlif illərə aid fotolar yer alır. Bundan başqa, “Arşın mal alan” musiqili komediyasında Əsgər, Niyazinin “Xosrov və Şirin” operasında Fərhad rollarına dair materiallar da təqdim olunur.
Bülbül təkcə səhnə sənətkarı deyil, həm də nüfuzlu alim və pedaqoq kimi bütün Sovet İttifaqında tanınmışdır. O, Ümumittifaq vokal müsabiqələrinin münsiflər heyətinin üzvü, beynəlxalq konfrans və festivalların fəal iştirakçısı olmuşdur. 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya Gənclər və Tələbələr Festivalında “Şərq xalqlarının klassik oxuma sənəti” müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
Müharibə illərində Bülbül ön cəbhə və hospitallarda çıxış etmiş, əsgərlər qarşısında konsertlər vermiş, şəxsi vəsaitindən Müdafiə Fonduna böyük məbləğ ianə etmişdir. Bu vətənpərvər fəaliyyəti Ali Baş Komandan İosif Stalinin təşəkkür teleqramları ilə qiymətləndirilmişdir.
Bülbülün zəngin yaradıcılıq və ictimai fəaliyyəti iki Lenin ordeni, Qırmızı Əmək Bayrağı, Şərəf nişanı və bir sıra medallarla təltif olunmuşdur.
1961-ci il sentyabrın 26-da Bülbül vəfat etmiş, Azərbaycan musiqi mədəniyyəti ağır itki ilə üzləşmişdir. Onun məzarı üzərindəki abidə heykəltəraş, akademik Tokay Məmmədov tərəfindən yaradılmışdır. 1969-cu ildə Fəxri Xiyabanda abidəsinin açılışı keçirilmişdir.
Ekspozisiyanın son vitrini Bülbülün xatirəsinin əbədiləşdirilməsinə həsr olunub. Onun adını daşıyan musiqi məktəbləri, küçələr, muzeylər, nəşr olunmuş kitablar və “Bülbülün sənəti” adlı çoxcildlik musiqi albomu sənətkarın irsinin bu gün də yaşadığını nümayiş etdirir.
Aradan onilliklər keçsə də, Bülbülün sehrli zəngulələri hələ də könülləri oxşayır, bizi xeyirxahlığa və milli köklərimizə bağlılığa səsləyir. Onun sönməz obrazını qranit monument kimi xalq öz ürəyində böyük məhəbbətlə qoruyur O, Azərbaycanın sönməz günəşi kimi musiqi tariximizin ən uca zirvəsində qərar tutaraq gələcək nəsillər üçün bir məktəb və örnək olaraq qalmaqdadır.
10:00 22.01.2026
Oxunuş sayı: 1404