İşçilərin və ailələrin minimum gəlir təminatı gücləndirilir - İQTİSADÇI
Azərbaycan Respublikasında minimum əmək haqqı anlayışı qanunvericilikdə yeni tərzdə təkmilləşdirilmişdir. Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanun bu sahədə əsaslı yenilikləri əks etdirir. Daha əvvəl minimum əmək haqqı yalnız ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ kimi qəbul edilirdi.
Yeni redaksiyaya görə, minimum əmək haqqı yalnız sadəcə minimum məbləğ kimi deyil, həm də ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, orta aylıq əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin səviyyəsi, yaşayış minimumu və məşğulluğun qorunması kimi göstəricilər nəzərə alınmaqla, işçilərin və onların ailələrinin sosial tələbatlarını təmin edən sosial normativ kimi müəyyən ediləcək.

Məsələ ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru Aqil Eyvazov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Əmək Məcəlləsinə və digər qanunvericilik sənədlərinə, o cümlədən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər minimum əməkhaqqı anlayışının mahiyyət etibarilə yenidən formalaşdırıldığını göstərir. Əvvəllər minimum əməkhaqqı daha çox ixtisassız əməyə görə müəyyən edilən texniki sosial normativ kimi çıxış edirdisə, yeni yanaşma onu ölkənin ümumi sosial-iqtisadi göstəriciləri ilə əlaqələndirən daha kompleks mexanizmə çevirir. İqtisadi inkişaf səviyyəsi, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti və yaşayış minimumunun nəzərə alınması minimum əməkhaqqının real həyat xərclərinə daha uyğun olmasına şərait yarada bilər. Bu dəyişiklik sosial baxımdan işçilərin və ailələrin minimum gəlir təminatını gücləndirmək məqsədi daşıyır və gəlir bərabərsizliyinin yumşaldılmasına töhfə verə bilər. Lakin iqtisadi müstəvidə yanaşma daha həssasdır. Xüsusilə özəl sektorda biznes subyektlərinin gəlirliliyin zəiflədiyi və əmək haqqı üzrə vergi–sığorta yükünün artdığı bir dövrdə minimum əməkhaqqının yüksəldilməsi işəgötürənlərin xərclərini artıracaq. Buna görə də bu mexanizmin tətbiqi mərhələli və əmək bazarının real imkanları ilə uzlaşdırılmış formada həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
Elmir Heydərli
15:36 19.01.2026
Oxunuş sayı: 1390