20 Yanvar – xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi
“20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu”.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan tarixində elə günlər vardır ki,
onlar xalqın yaddaşına qanla, göz yaşı ilə, eyni zamanda qürur və qəhrəmanlıqla
həkk olunub. 20 Yanvar 1990-cı il tarixi də məhz belə günlərdən biridir. Bu
tarix Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda apardığı mübarizənin ən
parlaq və faciəli səhifələrindən biridir.
20 Yanvar hadisələri mənfur sovet
totalitar rejimi tərəfindən Azərbaycan xalqının demokratiya və milli azadlıq
uğrunda mübarizəsini boğmaq, xalqı əzmək, ona mənəvi zərbə vurmaq məqsədilə
gerçəkləşdirilib.
Sovet İttifaqı Kommunist Partiyasının baş
katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları 1990-cı ilin yanvarın 19-dan
20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Tanklar və
zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, fərqinə
varmadan hər kəsi atəşə tutub. Vəhşiləşmiş sovet hərb maşını hətta xəstəxanaları,
yaralılara köməyə tələsən “təcili yardım” maşınlarını atəşə tutub, həkimlər
öldürülüb. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda
ümumilikdə 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs
olunub.
Lakin bu faciə xalqın iradəsini qıra bilmədi,
əksinə, onun azadlıq əzmini daha da gücləndirdi. Tankların
qarşısına əliyalın çıxan insanlar bir həqiqəti dünyaya sübut etdilər: xalqın
azadlıq istəyini heç bir silah susdura bilməz. O gecə tökülən qanlar müstəqilliyin
bünövrəsinə çevrildi.
20 Yanvar hadisələri Azərbaycan xalqının qəhrəmanlığını,
birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Silahsız insanlar
tankların qarşısına sinə gərərək öz hüquqlarını, milli ləyaqətlərini qorudular.
Bu, xalqın qorxmazlığının və azadlıq
sevgisinin bariz nümunəsi idi. Şəhidlər öz canlarını fəda etməklə Azərbaycanın
müstəqilliyə gedən yolunu işıqlandırdılar. O vaxtkı ermənipərəst sovet rəhbərliyinin
insanlıq əleyhinə bütün cinayətkar cəhdlərinə baxmayaraq, xalqımızın iradəsini
sarsıtmaq və azadlıq uğrunda mübarizəsini dayandırmaq mümkün olmadı. Bu hadisə
Azərbaycan xalqının müstəqillik yolunu sürətləndirdi. Qanlı Yanvar Sovet
imperiyasının əsarət zəncirlərini qıran ilk böyük zərbə oldu.
Şəhidlərin ruhu şaddır, çünki onların
axıtdığı qan hədər getmədi. Otuz altı il əvvəl başlanan çətin və şərəfli yol
xalqımızı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşdurdu.
Tarixin ən ağır və çətin günlərində hər
zaman doğma xalqı ilə birlikdə olan Ulu Öndər Heydər Əliyevin faciədən dərhal
sonra törədilmiş qırğına görə sovet rəhbərliyinə kəskin etirazını bildirməsi və cinayətkarların layiqincə cəzalandırılmasını
tələb etməsi dövrün ən cəsarətli addımlarından biri kimi xalqımızın yaddaşında
silinməz iz buraxıb.
20 Yanvar hadisələri
ilə əlaqədar ilk rəsmi etiraz Ümummilli Lider Heydər Əliyev tərəfindən səsləndirilib.
Ulu Öndər 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını
təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib,
qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Ümummilli
Lider Heydər Əliyev sovet rəhbərliyinin həyata keçirdiyi hərbi əməliyyatları
açıq şəkildə pisləyərək bu hadisəni insan hüquqlarına, demokratik dəyərlərə və
hüquqi normalara zidd addım kimi qiymətləndirib: “Mən
baş vermiş hadisələr
haqqında dünən xəbər
tutmuşam və təbiidir
ki, bu hadisəyə laqeyd qala bilməzdim.
Buraya ən əvvəl
ona görə gəlmişəm
ki, Azərbaycanın Moskvadakı kiçik parçası olan
daimi nümayəndəliyində,
böyük itkilərə səbəb
olmuş faciə ilə
bağlı bütün Azərbaycan xalqına başsağlığı
verim. İkinci tərəfdən,
bu məsələyə
öz münasibətini bildirmək istəyirəm.
Azərbaycanın Moskvada daimi nümayəndəsi
Söhrab İbrahimovdan xahiş
edirəm ki, mənim sözlərimi,
kədərimi, başsağlığımı
Azərbaycan xalqına çatdırsın”.
Ulu Öndər Heydər
Əliyev ilk dəfə
olaraq 20 Yanvar hadisəsinə yeganə
düzgün siyasi qiymət verib: “Mən onları hüquqa,
demokratiyaya yabançı, humanizmə və
ölkəmizdə elan olunmuş
hüquqi dövlət quruculuğu prinsiplərinə
zidd hesab edirəm”.
Daha sonra 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış
edən Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh
edib: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan
xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən,
dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet
ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə
nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.
Ümummilli Lider cəsarətli
bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə
zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud
siyasi səhv kimi ifşa edib. Heydər Əliyev faktiki
olaraq böyük risklərə baxmayaraq, xalqının haqq səsini dünyaya çatdırıb və
bununla da 20 Yanvar həqiqətlərinin ilk müdafiəçisi olub.
Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiymətin
verilməsi də məhz əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi.
Ümumiyyətlə, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər
Əliyevi çox düşündürən məsələlərdən biri idi. 1990-cı ilin yanvarından sonra
hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək,
günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək
olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı
1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvarın
22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq
qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi.
Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa
çatdırılmamış qalmışdı.
1994-cü
il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə
deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ
müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi,
resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl
mahiyyətini xalqa bəyan etməmişlər”.
Yalnız
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı
Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20
Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi:
“Xalqımızın
tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də
Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir.
Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi
ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində
lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Fərmanda
Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu
məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması
tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın
29-da qəbul edilən Qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Məhz bu Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd
olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan
xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş
hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və 20 Yanvar - Ümumxalq Hüzn
Günü elan edilib.
Ulu Öndər 1996-cı il yanvarın 20-də Qanlı
Yanvar faciəsi şəhidlərinin xatirə gecəsində çıxışında bildirirdi: “O gecə Azərbaycan
xalqına, respublikasına qarşı hərbi təcavüz edildi. Özünün ərazi bütövlüyü
uğrunda çalışan, vuruşan, döyüşən, milli azadlığı uğrunda mübarizə aparan
xalqımıza qarşı böyük hərbi təcavüz oldu. Azərbaycan xalqının çoxəsrlik
tarixində onun başına çox bəlalar gəlib, xalqımız faciələrlə rastlaşıb. Ancaq
deyə bilərəm ki, bu qədər dəhşətli faciə görünməmişdi. Xalqımızın milli mənliyinə,
mənəviyyatımıza, milli azadlığımıza təcavüz edilibdir. O gecə Azərbaycanın
günahsız övladları həlak oldular, müstəqilliyimiz yolunda, milli azadlıq
yolunda şəhid oldular… Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtdı, əzdi.
Ancaq onun mənliyini tapdalaya bilmədi. Bizim qürurumuzu sındıra bilmədi. İtkilər
verdik, ona görə də bu gün matəm günü keçiririk. Ancaq eyni zamanda o gün və
ondan sonrakı günlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni böyük bir
səhifə yazdı”.
Ulu Öndər 20 Yanvar hadisələrini daim diqqətdə
saxlayıb, şəhid ailələrinə dövlətin diqqət və qayğısı davamlı xarakter alıb. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31
mart tarixli Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Heydər Əliyevin siyasi kursu nəticəsində 20 Yanvar
hadisələri Azərbaycan xalqının milli kimliyinin, müstəqillik ideyasının və
azadlıq ruhunun simvoluna, Şəhidlər xiyabanı müqəddəs ziyarətgahımıza çevrilib,
“Əbədi məşəl” abidə kompleksi ucaldılıb və hər il yanvarın 20-də dövlət səviyyəsində
anım mərasimləri keçirilir. Bu addımlar 20 Yanvar faciəsinin təkcə tarixi hadisə
kimi deyil, həm də dövlətçilik yaddaşının əsas sütunlarından biri kimi
formalaşmasını təmin edib.
Ümummilli Liderin müəyyənləşdirdiyi bu
siyası xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və şəhid
ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl qərarlar qəbul
edilir. 20 Yanvar hadisələri ilə əlaqədar
əlilliyi olan şəxslər, şəhid ailələri üçün səmərəli sosial müdafiə sistemi formalaşdırılıb. “20
Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq
məqsədilə təqaüd verilir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi
olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında
irimiqyaslı layihələr həyata keçirilib. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin
problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin
problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm
işlər görülür.
Ulu Öndər çıxışlarında qeyd edirdi ki, 20
Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri
üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin
qəhrəmanlığından nümunə götürəcəklər. “Gələcək nəsillər bu günləri daim yad edəcəklər.
Mən buna əminəm. Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim
borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır - milli azadlığımızı
qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır. Borcumuz bütün şəhidlərin
ailələrinə qayğı göstərməkdir, yaralılara qayğıları artırmaqdır”.
Ümummilli Liderin kursunu
davam etdirən Prezident
İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər xiyabanının yenidənqurulması,
o cümlədən “Əbədi məşəl” abidəsinin müasir üslubda işlənilməsi, dövlət
başçısının təşəbbüsü ilə “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin əziz
xatirəsinə abidə-kompleksin inşası şəhidlərinizin xatirəsinə dövlətimiz tərəfindən
göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Beləliklə, 20 Yanvar şəhidlərinin
xatirəsi ölkəmizdə layiqli şəkildə əbədiləşdirilib.
Artıq 20 Yanvar hadisələri tariximizdə
yalnız faciə deyil, qəhrəmanlıq, milli ləyaqət və şərəf simvolu kimi yad
edilir. 20 Yanvar şəhidləri Azərbaycan xalqının qürur mənbəyidir. Onların canı
bahasına qazandığımız müstəqillik bu gün güclü, suveren və müasir Azərbaycan
dövlətinin əsas dayağıdır. Azərbaycan artıq bütün dünyada qüdrətli, söz sahibi
olan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü bir dövlətdir.
20 Yanvar faciəsi bizə bir daha xatırladır:
azadlıq asanlıqla əldə edilmir, böyük tarixi inkişafın bütün mərhələlərində
azadlıq ən şirin nemət kimi xaqların şüurunda dərin qatlarda formalaşıb boy atsa
da, bütün xalqlar bu nemətə nail ola bilməyib.
Milli birlik və vətənpərvərliyin simvoluna
çevrilmiş 20 Yanvar hadisələrinin təhlili onu göstərir ki, məkrli qüvvələrin Azərbaycan
xalqının əzmini qırmağa yönəlmiş soyqırım hərəkətləri xalqımızın mübarizliyini
daha da möhkəmləndirdi.
Şübhə yoxdur ki, 20
Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Bununla belə,
Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan
tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə,
ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda
lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar
faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz
ruhu daim anılacaq, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi
yaşayacaq.
Artıq 6-cı ildir ki, 20
Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda – Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun 44
günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdığı bir dövrdə qeyd
edirik. 2020-ci ildəki
44 günlük Vətən müharibəsində qazanılan Qarabağ Zəfəri və 2023-cü ilin
sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi
bütövlüyü və suverenliyi tam bərpa olundu. Məhz bu səbəbdən xalqımız 20 Yanvar
faciəsinin 36-cı ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd edir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin
uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu
strategiyası ilə Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq qələbə xalqımızın
mübarizlik, yenilməzlik və qəhrəmanlıq nümunələrini yaşadır. Artıq ölkəmizin
azadlığı və suverenliyi yolunda canlarından keçən vətən övladlarının, 20 Yanvar
şəhidlərinin ruhu şaddır. Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub,
azad torpaqlarımızda həyat qaynayır, yurd yerlərinə Böyük Qayıdış uğurla icra
olunur. Bu gün öz bütövlüyünə qovuşmuş Vətən torpaqlarında Azərbaycan bayrağı qürurla dalğalanır. Biz
buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə
borcluyuq.

Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi
15:08 19.01.2026
Oxunuş sayı: 4867