Qırmızı lent: ümidin və mübarizənin simvolu
Hər il dekabrın 1-i Ümumdünya Qiçs Günü kimi qeyd olunur. Bu gün Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında məlumatlılığı artırmaq, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) ilə yaşayan insanlara dəstək olmaq üçün keçirilir. 1988-ci ildən bəri qeyd edilən Ümumdünya QİÇS Gününün əsas məqsədi cəmiyyətləri bir araya gətirərək QİÇS-in sosial, iqtisadi və tibbi təsirləri haqqında məlumatlılığı artırmaq, QİÇS-dən vəfat edən insanları yad etmək və xəstəliyin qarşısını almaq üçün birgə fəaliyyəti təmin etməkdir.
QİÇS nədir?
Bu virus bədənə yoluxduqdan sonra immun sistemini zəiflədərək müxtəlif infeksiyalara və xəstəliklərə qarşı müqaviməti azaldır. QİÇS İİV-infeksiyasının son mərhələsidir və müalicə edilməzsə həyati təhlükəli hala gələ bilər. İİV, immun sisteminin vacib hissəsi olan CD4 hüceyrələrini məhv edir. Bu hüceyrələr azaldıqca bədən xəstəliklərə qarşı daha həssas olur.
QİÇS və İİV arasında hansı fərqlər var ?
İİV, QİÇS-ə səbəb olan virusdur, lakin müasir tibbi müalicələrlə İİV-lə yaşayan insanlar heç vaxt QİÇS mərhələsinə çatmaya bilər. Müalicə və profilaktika bu xəstəliklərin təsirini azalda və yoluxmuş şəxslərin normal həyat sürməsini təmin edə bilər.
QİÇS bir neçə yolla yoluxur:
Cinsi, qan və perinatal yol ilə (anadan uşağa yoluxma)
QİÇS-in simptomları:
Bu virus erkən mərhələdə özünü qızdırma, boğaz ağrısı, əzələ ağrıları, səpgilər, yorğunluq, Latent dövrdə simptomsuz da ola bilər, virus immun sistemini zəiflədir.
İrəliləmiş mərhələdə (QİÇS) isə tez-tez infeksiyalar, çəki itkisi, xroniki ishal, uzunmüddətli hərarət, ağız yaraları, görmə zəifliyi müşahidə olunur.
QİÇS-in müalicə üsulları:
Antiretrovirus Terapiyası (ART): Virusun miqdarını azaltmaq və immun sistemini gücləndirmək üçün dərman müalicəsi.
Oportunistik infeksiyaların müalicəsi: İmmunitet zəiflədikdə yaranan əlavə xəstəliklərin qarşısını almaq və müalicə etmək.
Palliativ baxım: Ağrını azaltmaq, qidalanma dəstəyi və psixoloji yardım təmin etmək.
Psixoloji və sosial dəstək: Xəstələrin və ailələrinin emosional vəziyyətini yaxşılaşdırmaq və ayrıseçkiliklə mübarizə aparmaq.
Yoluxmadan qorunma yolları:
İynə və ya şprisləri paylaşmamaq, tibbi prosedurlar zamanı steril alətlərdən istifadə olunmasını tələb etmək və hamiləlik zamanı həkimin göstərişlərinə əməl etməkdir.
QİÇS-in sosial təsirləri ümumilikdə cəmiyyətin müxtəlif sahələrini əhatə edir:
Sosial Stiqma və Ayrıseçkilik: QİÇS və HİV-lə yaşayan şəxslər tez-tez sosial izolyasiyaya və ayrıseçkiliyə məruz qalır. Cəmiyyətin yanlış məlumatları və stereotipləri, bu şəxslərin gündəlik həyatlarını çətinləşdirir.
Psixoloji Təsirlər: Xəstəliyə yoluxmuş insanlar arasında depressiya, narahatlıq və təcrid olunma halları yayılır. Bu, həmçinin xəstəliyin irəliləməsi ilə bağlı qorxulardan qaynaqlanır.
İqtisadi Yük: QİÇS-ə yoluxmuş şəxslərin iş qabiliyyəti azalır, bu da onların ailə büdcəsinə və ümumi iqtisadi vəziyyətə mənfi təsir edir.
Sağlamlıq Sisteminə Təzyiq: Xəstəliklə mübarizə üçün əlavə resursların ayrılması, dövlət və sağlamlıq xidmətləri üzərində təzyiq yaradır.
Dünyada və Azərbaycanda vəziyyət:
Həm Azərbaycanda, həm də dünyada QİÇS-in yayılmasının qarşısını almaq üçün maarifləndirmə, vaxtında diaqnoz və effektiv müalicə əsas zərurətlərdir.
Hazırda dünyada HİV ilə yaşayan insanların sayı təxminən 39 milyona çatır. Bunun 75%-dən çoxu müalicə alır və bu, antiretroviral terapiyanın effektivliyini göstərir
Azərbaycanda QİÇS-lə bağlı vəziyyət isə qlobal miqyasda nisbətən nəzarət altındadır. 2024-cü ilin məlumatlarına görə, ölkədə 8000-dən çox HİV müsbət şəxs qeydə alınıb. Yoluxmaların 35%-dən çoxu narkotik vasitələrin iynə ilə istifadəsi nəticəsində baş verir.
Beynəlxalq miqyasda atılan addımlar:
ÜST, UNICEF və UNAIDS kimi təşkilatlar, HİV-lə bağlı qlobal proqramlar həyata keçirir, məlumatlandırma kampaniyaları təşkil edir və təhsil proqramları vasitəsilə cəmiyyəti məlumatlandırır.
Eyni zamanda, HİV və QİÇS haqqında məlumatları daha geniş kütlələrə çatdırmaq üçün sosial media vasitəsilə müxtəlif ictimai maarifləndirmə tədbirləri keçirilir.
QİÇS bədəndən tamamilə xaric edilə bilərmi?
Hazırda, QİÇS (AIDS) tam olaraq müalicə edilə bilməz. Lakin HİV (İnsan İmmunçatışmazlığı Virusu) ilə yaşayan insanlar, düzgün müalicə alaraq uzun və sağlam həyat sürə bilərlər.
QİÇS-in tam sağaldılması üçün hələ də əlavə tədqiqatlara və yeni müalicə üsullarına ehtiyac var.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Nazirliyinin baş müəssisəsi kimi, üzərinə qoyulan vəzifələrlə əlaqədar, İİV-epidemiyasına qarşı tədbirləri həm sərbəst olaraq, həm də metodiki baxımından təşkil edir.
Anonim və ödənişsiz test müayinələri üçün əlaqə nömrələri: (012) 5100869 (012) 5949924
Gülay Məmmədova
22:19 30.11.2024
Oxunuş sayı: 8934