Beynəlxalq agentlik açıqladı: Ermənistan iqtisadiyyatı Azərbaycandan asılı vəziyyətə düşür
Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın kredit reytinqinə müsbət təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Fitch Ratings agentliyi yazıb.
Fitch Ermənistanın xarici valyutada uzunmüddətli defolt reytinqi (IDR) üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib, reytinqi isə BB- səviyyəsində təsdiqləyib.
Agentliyin hesabatında bildirilir ki, Ermənistan və Azərbaycan sülh sazişi üzrə birgə bəyannamə imzalayıblar ki, bu da hərbi eskalasiya risklərini azaldır. Qeyd olunur ki, ticarət əlaqələri tədricən açılır, Türkiyə ilə münasibətlər yaxşılaşır və quru sərhədlərinin açılması imkanları nəzərdən keçirilir.
Fitch hesab edir ki, Ermənistanın ortamüddətli iqtisadi perspektivlərində əlavə artım potensialı Azərbaycanla sülh sazişinin ardıcıl icrası və Türkiyə ilə sərhədin açılması fonunda yarana bilər.
Bununla yanaşı, agentlik reytinqə mənfi təsir göstərə biləcək amillər sırasında Azərbaycanla mövcud sülh prosesinin pozulması ehtimalını, geosiyasi risklərin artmasını, eləcə də siyasi və iqtisadi sabitliyə xələl gətirə biləcək hadisələri qeyd edir.
Fitch-in qiymətləndirməsinə görə, reytinqin gələcəkdə yüksəldilməsi üçün əsas amillər geosiyasi risklərin davamlı şəkildə azalması və Azərbaycanla sülh prosesində real irəliləyişin təmin olunmasıdır. (Trend)
12:00 17.01.2026
Oxunuş sayı: 1185