Adı olan, özü olmayan beynəlxalq hüquq: Tədrisi davam etdirilməlidirmi?
Son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan ikili standartlar, selektiv yanaşmalar və güc amilinin hüququ üstələməsi beynəlxalq hüququn real təsir imkanlarını ciddi şəkildə sual altına alıb. Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, müasir dünyada beynəlxalq hüquq mexanizmləri çox zaman işləmir, ədalət prinsipi isə böyük güclərin siyasi maraqları fonunda arxa plana keçir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini məhz öz gücü və iradəsi hesabına bərpa etməsi bu reallığın bariz nümunəsidir. Məhz belə bir şəraitdə beynəlxalq hüququn yalnız praktik müstəvidə deyil, eyni zamanda akademik və tədris kontekstində hansı əhəmiyyət daşıdığı sualı aktuallaşır. Bu baxımdan beynəlxalq hüquq fənninin tədrisinin zəruriliyi və onun müasir dövrdə hansı funksiyanı yerinə yetirdiyi məsələsi ciddi müzakirə mövzusu kimi çıxış edir.
Milli Məclisin deputatı Elnarə Akimova məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib:
"Bu mövzu çox yerindədir və əslində müasir dövrün ən ciddi intellektual dilemmasını əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı “dünyada beynəlxalq hüquq işləmir, ədalət yoxdur” fikri emosional yox, praktik reallığın siyasi diaqnozudur. Azərbaycan bunu 30 il ərzində açıq şəkildə yaşadı və nəhayət, öz gücü, siyasi iradəsi və ordusu hesabına hüquqlarını özü bərpa etdi. Bu reallıq fonunda “beynəlxalq hüquq dərslərinin tədrisi lazımdırmı?” sualı haqlıdır, amma cavab “lazım deyil” yox, “tamamilə başqa cür lazımdır” şəklindədir.

Əgər beynəlxalq hüquq klassik, idealist, “hamı qaydalara əməl edir” məntiqi ilə tədris olunacaqsa, bu artıq faydasızdır və hətta zərərlidir. Çünki bu, gənclərdə yanlış illüziya yaradır".
Deputat əlavə edib ki, Azərbaycan təcrübəsi göstərdi ki, BMT qətnamələri, beynəlxalq məhkəmələr, ikili standartlara bulaşmış institutlar real güc qarşısında çox vaxt aciz qalır: "Bu həqiqəti gizlətmək təhsil deyil, aldatmadır.
Amma beynəlxalq hüququ reallıqla uzlaşdırılmış, tənqidi və praktik baxışla öyrətmək strateji baxımdan zəruridir.
Əvvəla, beynəlxalq hüquq “ədalət mexanizmi” kimi yox, qlobal münasibətlərin dili və aləti kimi öyrədilməlidir. Güclü dövlətlər belə beynəlxalq hüququ pozsalar da, bunu hüquqi terminologiya ilə əsaslandırırlar. Deməli, hüquq işləmir deyə onu bilməmək yox, əksinə, onu kim necə manipulyasiya edir – bunu bilmək lazımdır. Hüququ bilməyən tərəf arqumentsiz qalır.
Beynəlxalq hüquq dərsləri Azərbaycan reallığı üzərindən qurulmalıdır. Qarabağ münaqişəsi, BMT qətnamələrinin icrasız qalması, ATƏT-in iflası, sülhməramlı institutların passivliyi, 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri dərsliklərin mərkəzində dayanmalıdır. Tələbə görməlidir ki, hüquq kağız üzərində var, ədalət çox vaxt güc balansından asılıdır, amma hüquqi arqumentlər siyasi və informasiya mübarizəsində vacib silahdır.
Həmnçinin, beynəlxalq hüquq dərsləri hərb, diplomatiya və informasiya müharibəsi ilə əlaqəli tədris olunmalıdır. Müasir dünyada hüquq təkbaşına qərar vermir, amma, legitimlik yaradır, müttəfiqlər üçün əsaslandırma verir, qarşı tərəfi siyasi təzyiq altında saxlayır.
Azərbaycanın 2020 və 2023-cü illərdə atdığı addımların hüquqi əsaslarla izah olunması bunun bariz nümunəsidir.
Bu fənn gənclərdə “ədalət romantizmi” yox, milli maraq düşüncəsi formalaşdırmalıdır. Tələbə başa düşməlidir ki, beynəlxalq hüquq zəif üçün avtomatik müdafiə, güclü üçün məhdudiyyət deyil, amma ağıllı dövlət üçün istifadə edilə bilən mexanizmdir.
Bu mənada, Prezident İlham Əliyevin mövqeyi əslində beynəlxalq hüququ inkar etmək yox, onun saxtalaşdırılmış tətbiqini ifşa etməkdir. Dövlət başçısının mesajı budur: “Ədalət sənə verilmir, sən onu gücünlə və haqlılığınla təmin edirsən.” Bu mesaj beynəlxalq hüquq dərslərində açıq şəkildə təhlil olunmalıdır. Bu, gənclərə həm realizm, həm də dövlətçilik düşüncəsi aşılayar.
Nəticə etibarilə, beynəlxalq hüquq dərsləri ləğv edilməməli, illuziyadan təmizlənməli, milli maraqlara uyğunlaşdırılmalı və real dünya nümunələri ilə zənginləşdirilməlidir. Əks halda, biz hüququ bilən yox, hüquqa kor-koranə inanan nəsil yetişdirərik. Azərbaycanın son illərdəki təcrübəsi isə göstərdi ki, qalib gələnlər reallığı düzgün oxuyanlardır".
Təhsil eksperti Rizvan Fikrətoğlu isə məsələ ilə bağlı qeyd edib ki, bu məsələ müasir beynəlxalq münasibətlərin əsas paradoksunu əks etdirir: "Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas fikir ondan ibarətdir ki, beynəlxalq hüquq kağız üzərində mövcuddur, amma onun icrası selektivdir, yəni tam həyata keçirilmir.

Prezident hüququn mövcudluğunu inkar etmir – hüquq var, lakin ədalətli və bərabər şəkildə tətbiq olunmur. Azərbaycan, məsələn, 30 ilə yaxın müddət ərzində BMT qətnamələrinin icra olunmamasının canlı nümunəsini Qarabağ məsələsində yaşadı. Öz əzəli torpaqlarımız bizə qaytarılmadı və nəticədə müharibə baş verdi, biz çoxsaylı şəhidlər verdik. Bu, təəssüf ki, zəruri idi.
Əgər beynəlxalq hüquq işləyirsə, niyə biz 30 il ərzində torpaqlarımızdan məhrum olduq? Niyə xalqımız belə əzab çəkdi? Nəticədə, ölkəmizin gücü, öz iradəsi və ordusu öz sözünü dedi.
Bu reallıq fonunda sual yarana bilər: belə desək, beynəlxalq hüququ niyə öyrənirik? Mahiyyət etibarilə budur: beynəlxalq hüquq ideal modeldir, amma reallıq isə güc balansıdır. Yəni beynəlxalq hüquq “olmalı olanı” göstərir, “olanı” yox. Dövlətlər isə qərarlarını əsasən maraqlar, güc və siyasi kontekst üzərindən verir.
Bu, beynəlxalq hüququ mənasız etmir, amma onun təhlükəsiz zəmanət olmadığını göstərir".
Ekspert əlavə edib ki, beynəlxalq hüququ bilməmək zəiflikdir, amma onu bilmək və düzgün istifadə etmək gücdür: "Azərbaycanın uğuru beynəlxalq hüququ inkar etməklə əldə olunmayıb; əksinə, onu yaxşı bilmək və öz xeyrinə istifadə etmək sayəsində mümkün olub. Rəsmi Bakı daim hüquqi arqumentlərə söykənirdi.
Bu arqumentlər əsasən ərazi bütövlüyü, işğal faktı və beynəlxalq prinsiplər üzərində qurulmuşdu. Beynəlxalq hüquq Azərbaycanın xeyrinə işləməsə də, biz onu öz xeyrimizə çevirməyi bacardıq. Çünki hüquq işləməsə belə, onu bilməyən tərəf daha zəif vəziyyətdə olur. Beynəlxalq hüquq dərsləri sadəcə qanun öyrətmir; düzgün tədris olunduqda, böyük dövlətlərin düşüncə tərzini, ikili standartların mexanizmini, beynəlxalq təşkilatların real ruhunu, hüquq və siyasətin harada ayrıldığını və harada üst-üstə düşdüyünü göstərir.
Problem ondadır ki, bu fən bəzən romantik və idealist formada təqdim olunur. Halbuki daha realist və tənqidi yanaşma lazımdır. Nəticə olaraq, beynəlxalq hüquq dərslərinin tədrisi məntiqlidir, amma onu ədalət zəmanəti kimi deyil, alət, dil və mübarizə vasitəsi kimi öyrənmək daha məqsədəuyğundur.
Cənab Prezidentin dedikləri beynəlxalq hüququn ləğvi deyil; əksinə, beynəlxalq hüquqa yalnız inanıb ona güvənməyin təhlükəli olduğunu göstərir. Müasir dünyada dərs belə olmalıdır: hüququ bil, amma taleyini yalnız ona bağlama".
Ayhan
13:55 17.01.2026
Oxunuş sayı: 1176