Azərbaycanda insanlar real gəlir əldə edə bilmirlər - Bahalaşma artır
2025-ci ilin dekabr ayı üzrə Azərbaycanda istehlak qiymətlərində həm illik, həm də aylıq artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ümumi istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 % yüksəlib. Xüsusilə qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 6,5 % təşkil edib. Dekabr ayında da istehlak qiymətlərində həm qida məhsulları, həm qeyri-qida malları, həm də xidmətlər üzrə müəyyən artımlar qeydə alınıb. Bu göstəricilər ölkədə inflyasiya meylləri, həmçinin fərdi və ailə büdcəsinə təsir edən amillər haqqında ümumi mənzərə təqdim edir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan rəsmi inflyasiyanın 6 faiz olması ondan xəbər verir ki, ölkədə real gəlirlərin artım tempi ürəkaçan deyil: "Yəni nominal gəlirlər artdıqca inflyasiya onları yeyir-bitirir və insanlar real gəlirlər əldə edə bilmirlər. İkinci məsələ ondan ibarətdir ki, bizdə daha çox insanları narahat edən ərzaq inflyasiyasıdır. Ərzaq inflyasiyası daha yüksəkdir. 30–40 adda gündəlik tələbat məhsullarının inflyasiyası isə daha yuxarı, iki rəqəmli həddədir. Yəni bu, insanların dolanışığına, onların gəlirlərinə, əlavə pulu qazanmaq imkanlarına, xərcləmə imkanlarına məhdudiyyətlər gətirir. Yəni insanlar belə demək mümkünsə, ərzağa işləməyə məcbur olurlar. Azərbaycan əhalisinin ay ərzində xərclədiyi hər 100 manatın 50 manatı ərzağa gedir ki, bu çox yüksək rəqəmdir".
Mehriban Yariyeva
10:37 17.01.2026
Oxunuş sayı: 1416