Zəka və elm – Abstrakt şüardan real inkişaf modelinə
Elm və təhsil sahəsində aparılan islahatlar ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirən strateji addımlardır. Cənab Prezidentin yerli mediaya müsahibəsi zamanı vurğuladığı “zəka və elm” xətti sadəcə bir şüar deyil, artıq həyata keçirilən və nəticə verən dövlət siyasətinin ideoloji ifadəsidir. Bu yanaşma həm məsuliyyətli və uzaqgörən, həm də elmi cəhətdən tam əsaslı inkişaf modelidir.
Belə ki, cənab prezidentin çıxışında da qeyd etdiyi kimi elm uzun müddət dövlət strukturlarından kənarda qalmışdı, lakin Elm və Təhsil Nazirliyinin yaradılması ilə bu boşluq aradan qaldırıldı. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm ali məktəblərin nəzdində inkişaf edir, universitetlər həm təhsil, həm də elmi mərkəz funksiyasını daşıyır. Bu modelin ölkəmizdə tətbiqi elmi potensialın təhsil sistemi ilə sinxronlaşdırılmasına, gənc alimlərin yetişdirilməsinə və beynəlxalq standartlara uyğun elmi fəaliyyətin formalaşmasına imkan verir.
Hazırda struktur islahatları çərçivəsində bir çox elmi-tədqiqat institutları birləşdirilir, resursların daha səmərəli istifadəsi təmin olunur. Bununla yanaşı, kadr islahatları aparılır müasir düşüncəli, gənc alimlər önə çəkilir, onlara öz potensiallarını göstərmək üçün dövlət tərəfindən lazımi dəstək verilir, elmi mühit yenilənir və dinamizm artırılır. Keyfiyyət göstəriciləri beynəlxalq standartlara uyğun müəyyən edilir. Alimlərin əsərlərinin nüfuzlu jurnallarda çap olunması, onların elmi potensialının bugünkü reallıqlara uyğunluğu əsas meyar sayılır.
Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, ölkənin inkişafı yalnız təbii resurslarla deyil, intellektual potensialla mümkündür. Neft və qazla zəngin olan ölkələrin texnologiyaları özlərindən deyil, beyin mərkəzlərindən, texnoloji laboratoriyalardan gəlir. Bu isə birbaşa elm və təhsilə bağlıdır. Əgər biz dayanıqlı inkişaf istəyiriksə, elm və təhsilin birgə inkişafına xüsusi önəm verməliyik.
Beləliklə, “zəka və elm” xətti abstrakt bir ideya yox, artıq həyata keçirilən dövlət siyasətinin ideoloji dayağıdır. Bu siyasət ölkənin gələcəyini daha güclü zəka, müasir texnologiyalar və elmi nailiyyətlər üzərində qurur. Elm və təhsil birləşdikcə, Azərbaycan qlobal rəqabətdə mövqeyini möhkəmləndirəcək və dayanıqlı inkişaf modelini reallaşdıracaq.

Elfaq Məmmədov
YAP Yasamal rayon təşkilatının fəalı
17:15 16.01.2026
Oxunuş sayı: 1456