Türk ölkələrinin rəsmiləri bir araya gəldi
Avstriyanın paytaxtı Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi, ölkəmizin Avstriyadakı Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları nümayəndələrinin görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumları arasında əlaqələrin dərinləşdirilməsinin və fəaliyyətin daha koordinasiyalı şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbir çərçivəsində keçirilən Diaspor Potensialının Artırılması üzrə təlim proqramlarının bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli belə təşəbbüslərin türk diasporunun beynəlxalq müstəvidə daha güclü və vahid mövqe ortaya qoymasına xidmət etdiyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Leyla Həmzəyeva və Şəfəq Binnətova komitənin həyata keçirdiyi genişmiqyaslı layihələr, qarşıya qoyulan hədəflərlə bağlı geniş məlumat veriblər. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıblar.
Digər çıxışçılar xaricdə yaşayan türk icmalarının təşkilatlanması, gənclərin diaspor proseslərinə cəlb olunması məsələlərinə toxunub, TDT-yə üzv ölkələrin diaspor qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsinin labüdlüyünü dilə gətiriblər.
Görüş qarşılıqlı fikir mübadiləsinin aparılması, diaspor sahəsində qazanılan təcrübələrin paylaşılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.
16:29 15.01.2026
Oxunuş sayı: 1203