Azərbaycanda inflasiya ilə bağlı beynəlxalq göstəricilərin elmi əsasları zəifdir - Ekspert
Beynəlxalq maliyyə institutları və reytinq agentliklərinin açıqladığı son hesabatlar Azərbaycanda inflyasiya göstəricilərinin yaxın illərdə necə formalaşacağına dair müxtəlif ssenariləri ortaya qoyur. Qlobal iqtisadi qeyri-müəyyənlik, enerji bazarlarındakı dalğalanmalar, monetar siyasətin sərtləşdirilməsi və daxili tələbin dinamikası inflyasiya gözləntilərinə birbaşa təsir göstərən əsas amillər kimi qiymətləndirilir. Bu fondda Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı, aparıcı beynəlxalq bank qrupları və reytinq agentliklərinin proqnozları bir tərəfdən qiymət artımlarının tədricən zəifləyəcəyinə işarə etsə də, digər tərəfdən fərqli risk və yanaşmaların mövcud olduğunu göstərir.
Rəsmi qurumların açıqlamaları ilə beynəlxalq təşkilatların hesablamaları arasında müşahidə olunan fərqlər isə Azərbaycanın makroiqtisadi sabitliyinin qorunması baxımından inflyasiyanın əsas çağırışlardan biri olaraq qalmaqda davam etdiyini təsdiqləyir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Beynəlxalq təşkilatlar Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını əsasən ölkə daxilindəki rəsmi orqanların açıqlamalarına istinad edərək hazırlayırlar. Ölkədə həm Mərkəzi Bank, həm də hökumət öz müstəqil inflyasiya gözləntilərini açıqlayır, beynəlxalq qurumlar isə bu məlumatları təhlil edərək öz proqnozlarını formalaşdırırlar. Yəni, bu təşkilatların Azərbaycanda inflyasiya ilə bağlı ayrıca araşdırma aparmaq və ya müstəqil indikatorlar yaratmaq imkanları yoxdur.

Nə BMT-nin, nə Dünya Bankının, nə də Beynəlxalq Valyuta Fondunun Azərbaycanda belə bir infrastrukturu mövcuddur ki, sorğu keçirib real göstəriciləri toplasınlar. Buna görə də onların proqnozları əsasən hökumət və Mərkəzi Bankın açıqlamaları ilə paralellik təşkil edir".
Ekspert, həmçinin praktikada bu proqnozların çox vaxt reallığı tam əks etdirmədiyini bildirib:
"Məsələn, hökumət tərəfindən verilən illik proqnozlar əksər hallarda özünü doğrultmayıb. Son illərdə ərzaq inflyasiyası gözləniləndən xeyli yüksək olub — hökumət 4–4,5 % səviyyəsində proqnoz verərkən, real inflyasiya 6–7 % civarında olmuşdur. Beləliklə, beynəlxalq təşkilatların inflyasiya proqnozları maraqlı və mediatik olsa da, onların elmi-fundamental əsasları zəifdir və daha çox rəsmi məlumatların təhlilinə əsaslanır".
Elmir Heydərli
16:39 10.01.2026
Oxunuş sayı: 3175