Venesueladan sonra hədəf İran molla rejimidir? Peşəkarlar cavab verir
Qərb mediasında son dövrlərdə yayılan iddialara görə, Venesueladan sonra növbəti hədəf İranın molla rejimi ola bilər. Bu xəbərlərə görə, İsrail və Qərb dövlətləri İranın nüvə proqramı və bölgədəki təsiri səbəbindən Tehran hakimiyyətinə qarşı addımlar atmağa hazırlaşırlar. İddialara görə, bu planın əsas məqsədi İranın ali rəhbəri Ayətullah Xameneinin həbs olunması və İsrailə aparılmasıdır.
Lakin bu cür məlumatlar hələ də rəsmi olaraq təsdiqlənməyib və tərəflər arasında qarşılıqlı təzyiqlər, xüsusilə ABŞ və İsrailin İranla münasibətləri daha da gərginləşib. İran tərəfi isə bu cür iddialara qarşı sərt mövqe nümayiş etdirərək, ölkənin suverenliyinə müdaxilə etməyi pisləyib. Bu vəziyyət ələlxüsus Yaxın Şərqdəki geosiyasi gərginliyi daha da artırıb.
Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan şərhində bildirib ki, bu iddiaları təkcə Qərb mediası deyil, ABŞ senatoru Lindsi Qrem də səsləndirib.

Onun sözlərinə görə, dünyada hər dəfə dəyişiklik olanda, hər yenilənmə, etiraz aksiyaları, yaxud əməliyyat zamanı hər kəs növbədə İranın olacağını düşünür:
“Amma İranı əvvəlcə Venesuela ilə müqayisə etmək lazımdır. İran ABŞ üçün Venesuela ilə eynidirmi? Yaxud İran ABŞ üçün Venesuela kimi zəifdirmi? Bu məsələlərə diqqət çəkməklə fərqləri və iddiaları görmək olar. Venesuela prezidenti Nikolas Maduro və Venesuela hakimiyyəti İran ərazisində heç bir təşkilat, heç bir qurum, Yaxın Şərqdə ABŞ-nin maraqlarına zərbə vura biləcək heç bir fəaliyyət göstərməyib. Amma İran hakimiyyəti Venesuela ərazisində Hizbullahın vurulmasında, Venesuela ilə iqtisadi, ticarət, hərbi əlaqələri inkişaf etdirməkdə aparıcılardan biri olub.
Rusiya, Çin qədər olmasa da, onlarla bir yerdə Venesuela iqtisadiyyatının ayaqda durmasına, ABŞ təzyiqlərinə, ABŞ sanksiyalarına müqavimət göstərməsində iştirak edib. Xamenei isə Nikolas Maduro deyil. Xamenei bu ölkənin ali rəhbəri və regionda müəyyən mənəvi tərəfdarları olan bir liderdir.
Əgər ABŞ və yaxud İsrailə Xameneini sıradan çıxarmaq, neytrallaşdırmaq, öldürmək, uzaqlaşdırmaq lazım idisə, bunu 2025-ci ilin yayındakı 12 günlük müharibədə edə bilərdilər. Amma etmədilər çünki Xameneinin neytrallaşdırılması, zərərsizləşdirilməsi, uzaqlaşdırılması, öldürülməsi və s. regionda xaotik hadisələrə səbəb ola bilərdi.
Fikrimcə, İranda xaos yaranar. ABŞ və İsrail bunu nəzərə alaraq Xameneini sıradan çıxarmır. Bu, müəyyən mənada indiki rejim və ölkədə müəyyən birləşdirici amildir”.
S.Soltanın fikrincə, bu proses İranda alternativlər yaranana qədər davam edə bilər:
“Digər tərəfdən, Venesuela ordusunda, silahlı qüvvələrində baş verən hadisələr hələ ki, İran İnqilab Keşikçiləri Korpusunda (SEPAH) açıq şəkildə müşahidə olunmur. Ola bilsin gələcəkdə SEPAH-ın tərkibində ayrı-ayrı ölkələrlə əməkdaşlıq edən, əlaqədə olan yüksək rütbəli məmurlar, agentura şəbəkəsi tapılsın. Hələ ki, SEPAH monolitdir. SEPAH-ın monolit olması Xameneinin müəyyən mənada sağ qalmasına, hakimiyyətdə qalmasına təkan verir.
Hesab edirəm ki, Xameneyə qarşı zərərsizləşdirici aksiyanın keçirilməsi ABŞ və İsrailin gündəliyində hələ ki, yoxdur. Bu həm də belə bir addımın atılmasının zamanının yetişmədiyindən irəli gəlir. Tehran hakimiyyəti üçün onsuz da həll ediləcək çox sayda məsələ var. Digər tərəfdən bu tip addımlar ABŞ-nin beynəlxalq imicinə də təsir göstərə bilər. Bu, onun beynəlxalq aləmdə “polis” rolunda çıxış etməsini təsdiq edir. ABŞ dünyanın ayrı-ayrı ölkələrinin daxili işlərinə qarışmaq kimi yaxud məqsədinin olmadığını, dünyanın idarə edilməsi məsuliyyətini öz üzərinə götürmədiyini bəyan edir. Bu baxımdan Xameneinin məsələsi daha çox İran cəmiyyətinin, hakimiyyətdə olan daxili qüvvələrin və xaricdə olan İranyönlü qüvvələrin ölkə daxilindəki yenilik istəyən qüvvələrlə birgə fəaliyyətindən, həm də ABŞ və İsrailin həmin qüvvələri dəstəkləməsinin nəticəsindən asılı ola bilər”.
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu isə hesab edir ki, İran Venesuela deyil:
“İran həm dövlət institutlarının möhkəmliyi, həm təhlükəsizlik aparatının qapalı və çoxqatlı strukturu, həm də regional və qlobal təsir imkanlarına görə tamamilə fərqli miqyaslı aktordur. Venesuelada mümkün olan məhdud, hədəfli xarakter daşıyan əməliyyat modeli İran üçün avtomatik tətbiq oluna biləcək ssenari deyil.

Bildiyimiz və hətta çox yaxın keçmişdə şahid olduğumuz kimi, ABŞ və İsrailin xüsusi xidmət orqanlarının İranda gizli əməliyyatlar aparmaq imkanları mövcuddur. Keçmiş illərdə nüvə alimlərinə qarşı sui-qəsdlər, kiberhücumlar və sabotaj aktları bunu göstərib. Lakin ali lider səviyyəsində bir şəxsin ələ keçirilməsi artıq taktiki yox, strateji müharibə aktı sayılır və ciddi, genişmiqyaslı hərbi eskalasiyaya səbəb ola bilər.
Bundan əlavə, Xameneinin təhlükəsizliyi İranın ən qapalı və ən güclü strukturları-SEPAH, “Qüds” qüvvələri və xüsusi mühafizə şəbəkəsi tərəfindən təmin olunur. Onun fiziki olaraq ələ keçirilməsi təkcə texniki deyil, siyasi və psixoloji baxımdan da son dərəcə çətin və risklidir. Belə əməliyyatın uğursuzluq ehtimalı isə ABŞ və İsrail üçün strateji fəlakət anlamına gələ bilər ki, bu da böyük riskdir. Bu cür əməliyyat nəzəri cəhətdən müzakirə oluna bilər, lakin real siyasətdə onun dəyəri risklərindən qat-qat azdır.
Bu iddiaların gündəmə gətirilməsində əsas məqsəd daha çox psixoloji təzyiq, informasiya müharibəsi və İran daxilində qorxu və qeyri-müəyyənlik yaratmaqdır. Qərb mediasında bu cür ssenarilərin müzakirəsi real planın mövcudluğundan çox, Tehrana “toxunulmaz deyilsiniz” mesajının ötürülməsinə xidmət edir.
İrana qarşı əsas xətt yaxın perspektivdə gizli sabotajlar, diplomatik təzyiq və daxili proseslərdən faydalanmaq üzərində qurulub, birbaşa lideri ələ keçirməyə yönəlmiş əməliyyat isə daha çox informasiya savaşı çərçivəsində dövriyyəyə buraxılan ssenari kimi qiymətləndirilməlidir”.
16:08 06.01.2026
Oxunuş sayı: 2347