İran prezidenti: Xalq narazıdırsa, günahı kənarda yox, özümüzdə axtarmalıyıq
İran Prezidenti Məsud Pezeşkian ölkədə baş verən etirazlarla bağlı açıqlama verərək, mövcud problemlərə görə məsuliyyətin birbaşa hökumətin üzərində olduğunu bildirib. O, məmurları bütün çətinliklərə görə xarici qüvvələri, xüsusilə də ABŞ-ni günahlandırmamağa çağırıb.
Crossmedia.az xəbər verir ki,Pezeşkian bu fikirləri vilayət planlaşdırma şurasının iclasında çıxışı zamanı səsləndirib. Prezident vurğulayıb ki, problemlərin həllində əldə olunan uğur böyük ölçüdə düşüncə tərzindən və idarəetməyə yanaşmadan asılıdır.
“Əgər insanlar narazıdırsa, bu, bizim günahımızdır. Günahkarı Amerikada və ya başqa yerlərdə axtarmayın. Məsuliyyət bizim üzərimizdədir”, – deyə İran prezidenti qeyd edib.
Onun sözlərinə görə, cəmiyyətdə yaranmış narazılıqlar ölkənin üzləşdiyi iqtisadi çətinliklər, inflyasiyanın artması və milli valyutanın dəyərdən düşməsi ilə birbaşa bağlıdır. Pezeşkian bildirib ki, hökumət mövcud problemləri real şəkildə qəbul etməli və onların həlli üçün daxili imkanlara əsaslanan addımlar atmalıdır.
Qeyd edək ki, son dövrlərdə İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda müxtəlif bölgələrdə etiraz aksiyaları müşahidə olunur. Hakimiyyət isə vəziyyəti sabitləşdirmək və ictimai narazılığı azaltmaq üçün islahatlara ehtiyac olduğunu etiraf edir.
Nastya Qəniyeva
15:02 02.01.2026
Oxunuş sayı: 1219