Polad Həşimov: İgidliyin və zabit ləyaqətinin adı
Bu gün, 2 yanvar — Azərbaycanın Milli Qəhrəmanı, qəhrəman general-mayor Polad Həşimovun doğum günüdür.
1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dünyaya göz açan Polad İsrayıl oğlu Həşimov, ömrünün qısa, lakin şərəfli 45 ilini Vətənə, xalqa və torpağa həsr etdi. Sadə bir ailədə böyüsə də, qəlbində böyük və sarsılmaz vətənpərvərlik ruhu daşıyırdı.
Sumqayıtda orta təhsil aldıqdan sonra Ali Hərbi Məktəbə daxil olan Polad Həşimov, Birinci Qarabağ müharibəsindən başlayaraq Aprel döyüşlərinədək daim ön cəbhədə olub. O, vəzifəsindən asılı olmayaraq heç vaxt arxa mövqedə dayanmayıb, hər zaman əsgərlərinin yanında, təhlükənin içində yer alıb.
Polad general əsgərləri üçün ata, döyüş yoldaşları üçün qardaş, xalq üçün isə əsl əfsanə idi. 2016-cı ilin Aprel döyüşlərində yaralansa da, onun iradəsi və döyüş ruhu heç vaxt sarsılmadı. 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olması bütün Azərbaycanı ayağa qaldırdı — onun adı milyonların dilində şüara çevrildi.
Polad Həşimov sadəcə bir general deyildi. O, Azərbaycan ruhunun, igidliyin, fədakarlığın və əsl zabit ləyaqətinin simvolu idi. Onun şəhadəti 44 günlük Vətən müharibəsində xalqımıza mənəvi güc verdi, torpaqlarımızın azad olunmasına ilham oldu. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.
Bu gün Polad generalımızın doğum günündə onun əziz xatirəsini ehtiramla yad edirik.
13:05 02.01.2026
Oxunuş sayı: 1580