Bu gündən Azərbaycanda bu sahələrdə dəyişikliklər qüvvəyə minir - SİYAHI
Bu gündən — 1 yanvar 2026-cı ildən Azərbaycanda bir sıra vergi, rüsum və sosial ödənişlərlə bağlı dəyişikliklər qüvvəyə minib.
Crossmedia.az xəbər verir ki, dəyişikliklərə əsasən, tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb. Alkoqollu və enerji içkiləri üçün də aksiz dərəcələri yüksəldilib. Benzin, dizel və maye qaza görə yol vergisi 3,5 dəfə artırılaraq hər litr üçün 0,02 manatdan 0,07 manata qaldırılıb.
İdxal olunan köhnə minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. Hibrid və elektromobillərin idxalı və satışında ƏDV güzəştinin müddəti başa çatıb, lakin Azərbaycanda yığılan elektrikli avtobuslar ƏDV-dən azad ediləcək.
Azərbaycana gətirilən bir ədəddən artıq mobil telefonun qeydiyyatı üçün 100 manat rüsum müəyyən edilib. Hər ay elektrik enerjisi və təbii qaz üzrə 1 manat sabit tarif tutulacaq.
Qeyri-formal işləyən şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək. Bu məbləğ aylıq 16 manat təşkil edəcək. Qeyri-neft-qaz özəl sektorda 2500 manata qədər maaşdan 3 faiz gəlir vergisi tutulacaq.
Evlərini kirayə verənlər üçün vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib. Media subyektləri vergilərdən azad edilib. Bankların iflas prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad olunur.
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat müəyyən edilib. Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdirilərək 65 yaş olub.
Sosial sığorta sahəsində də dəyişikliklər edilib. Torpaq sahiblərinin, fərdi sahibkarların, vəkil və mediatorların ödədiyi sosial sığorta haqları artırılıb. Fərdi iş sahibləri — dərzilər, aparıcılar, musiqiçilər və digər şəxslər sosial sığorta haqqını minimum aylıq əməkhaqqının 8 faizi həcmində ödəyəcək.
Bundan əlavə, kişi və qadın salonları, eləcə də kosmetoloji mərkəzlərin xidmətlərində ƏDV geri qaytarılacaq.
12:00 01.01.2026
Oxunuş sayı: 4766