Strateji düşüncə, irəli hədəflər və zamanın ruhunu oxumaq bacarığı
Dövlətlər yalnız coğrafiya, sərhəd və institutlarla mövcud olmur. Dövlət əsl dövlətdirsə, o – eyni zamanda iradədir, məsuliyyətdir, ədalətin tənətənəsidir, tarixi zamanla dialoq bacarığıdır. Bu anlamda, hər bir dövlətin taleyində elə məqamlar olur, həmin mərhələlərdə lider faktoru sadəcə idarəçilik mexanizmi kimi çıxış etmir, eyni zamanda, millətin taleyinə yön verən əsas qüvvəyə çevrilir. Çağdaş Azərbaycan dövlətinin keçdiyi yol bu baxımdan ayrıca bir model, ayrıca bir dərs sayılmağı haqq edir.
Müstəqilliyin ilk illərində qarşılaşdığımız xaos, parçalanma və təhlükə riskləri dövlətçilik ideyasının nə qədər həssas və kövrək olduğunu göstərmişdi. – Bunu səhih xatırlayırıq; lakin zaman sübut etdi ki, doğru liderlik dövlətin taleyini dəyişə, tarixi axarı milli çıxarların lehinə çevirə bilir. Bu gün artıq qətiyyətlə demək mümkündür ki, çağdaş Azərbaycan dövlətinin uğurlu inkişafında, əldə olunan tarixi başarılarda və beynəlxalq nüfuzun artmasında İlham Əliyevin - beynəlxalq səviyyədə nüfuz sahibi olan Prezident və Müzəffər Ali Baş Komandanın rolu müstəsnadır.
Onun liderliyi, necə deyərlər, klassik avtoritet anlayışı ilə məhdudlaşmır; İlham Əliyevə xas liderlik strateji düşüncə, mərhələli hədəflər və zamanın ruhunu düzgün oxumaq bacarığı üzərində qurulub. Onun nəyi, nə vaxt, harda və necə etmək gərək olduğunu zərgər dəqiqliyi ilə bildiyi – artıq dəfələrlə sübut olunub. Ən önəmlisi isə – bu liderlik milli iradəni dövlət siyasətinə çevirə bilib. Toplumun gözləntisi ilə dövlətin məqsədləri arasında yaranan bu unikal birlik Azərbaycanın son illərdə əldə etdiyi uğurların əsas izahı sayıla bilər.
Lider faktorunun ən parlaq və taleyüklü təcallası, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfərin təkcə hərbi qələbə olmadığı Gün kimi apaydındır. Bəli, bu, uzun illər formalaşdırılan siyasi xəttin, diplomatik təmkinin, iqtisadi gücün və milli ruhun sintezinin, dövlət-xalq birliyinin parlaq sonucu idi. Zəfərdən iki il keçməmiş həyata keçirilən və bir sutkadan da qısa sürən antiterror tədbirləri isə Azərbaycanın konstitusion quruluşunun bütün ərazilərdə təmin olunması ilə dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə bir mərhələ ki, öz başlanğıcını aldığı tarix və hadisə öncəki – yadellilər və işğalla bağlı iki yüz illik qaramat dönəmi də qapatmış oldu!
Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, lider faktoru yalnız müharibə dövründə özünü göstərmədi; budur, liderimizi, onun ləyaqətli liderliyini ədalətli sülh və quruculuq mərhələsində də görür, qürur duyuruq. Zəfərdən sonra başlayan bərpa və reinteqrasiya prosesi, “Böyük Qayıdış” strategiyası, bölgənin sosial-iqtisadi və mədəni dirçəlişi dövlət ağlının davamlılığını ortaya qoyur. Bu, rasional dövlətçilikdir; planlarla işləyən idarəçilik modelidir.
Bu gün Azərbaycan artıq savaşsonrası ölkəsi olmaqdan daha üstün, Zəfərsonrası mərhələsinə uğurla qədəm qoymuş dövlətdir. Yeni gerçəkliklər mühitində qarşıda duran strateji vəzifələr müstəqilliyi qorumaqla yetinmir – onu dərinləşdirmək, möhkəmləndirmək və gələcək nəsillər üçün təhlükəsiz inkişaf trayektoriyası yaratmaq məqsədi daşıyır. Davamlı və dayanıqlı inkişaf anlayışı burada yalnız iqtisadi göstəricilərlə süslənmir, üstəkik, siyasi sabitlik, hüquqi sistemin işləkliyi və milli kimliyin qorunması ilə ölçülür.
Bəli, liderlik bəzən tarixə nominal cavab verməkdən ötə – tarixi qabaqlamaq məsuliyyəti, zehni və zəhmətidir. Məhz bu məsuliyyəti üzərinə götürən liderlər dövlətlərini zamanın sınağından qalib çıxara bilir. Azərbaycan örnəyi göstərir ki, güclü liderlik dövlətin təkcə sabahını da təmin edir.
Bu gün Azərbaycan xalqının öz gələcəyinə inamı təsadüfi deyil. Bu inam arxasında ardıcıl siyasət, sınanmış liderlik, dövlətçilik fəlsəfəsi və xəlqi cəsarət dayanır. Dövlət quruculuğunda lider faktoru məhz bu nöqtədə öz tarixi missiyasını tamamlamır, əksinə, yeni mərhələnin əsas təminatçısına çevrilir.
Liderimizin müstəqil və güclü dövlətçilik bayrağı uca olsun!
Dövlətimiz zaval görməsin!
Əkbər Qoşalı
16:37 30.12.2025
Oxunuş sayı: 1609