Bayramqabağı bazarda vəziyyət necədir?: Alıcılar da narazıdır, satıcılar da... -REPORTAJ
Bir neçə gündən sonra 2026-cı ilə başlayacağıq. Sabah isə artıq bayramdır. Məlum olduğu kimi, bayram ərəfəsində insanlar ənənəvi bazarlıq edirlər. Biz də bazarlardakı vəziyyəti öyrənmək üçün "Vasmoy" kimi tanınan 8-ci kilometr bazarına üz tutduq.
İnsanlar az deyil. Bazar ki bazar... Əksəriyyət qışqırır. Sanki hər kəs tələsir: alıcılar da, satıcılar da. Amma alıcılar daha münasibət qiymətə daha çox bazarlıq etmək istəyir, satıcılar isə özlərinin dediyi kimi, evə beş manat pul aparmağa. Yerdə soğan, kələm, karof qalıqları gözə dəyir...
İlk dəqiqələrdən hiss edirəm ki, insanlar artıq dövrün tələblərinə uyğun olaraq hər şeydən bol deyil, az-az, lakin bütün çeşidlərdən almağa üstünlük verirlər. Mən də bu prinsiplə yanaşanlardan biriyəm. Məsələ burasındadır ki, bu yanaşma maddiyyat baxımından sərfəli olmağı ilə yanaşı geniş israfçılığa yol açmamaq baxımından da üstünlüyü var. Necə deyərlər, hər kəs çıxacağına getməlidir.

Bazarın içərisinə doğru gəzirəm. Çox keçmir ki, satıcıların müraciətini eşitməyə başlayıram. "Oğul", "Bala", "Qardaş", "Əmioğlu" kimi xitablarla başlayan müraciətlərin hamısının məqsədi eynidir: alış- verişə çağırmaq. Qəribədir, bütün satıcılar da öz mallarının ən yaxşı olduğunu iddia edirlər. Doğrudanmı, bazarda pis, ya da lap ortabab məhsul yoxdur?
Gəzə- gəzə satıcılara yaxınlaşıram.
Sürıtli şəkildə meyvə- tərəvəzləri torbalara yığıb, sonra tərəzidə çəkərək satan 35-36 yaşlarında kişidən pomidorun qiymətini soruşuram.
Məlum olur ki, Qazax pomidorunun qiyməti 1 manat 70 qəpikdir. Hərçənd keçən eyni növ məhsul 1 manat 50 qəpiyə təklif edilirdi.
Başqa bir piştaxtaya yaxınlaşır, yenə qiymətlərlə maraqlanıram. Deyirlər ki, Tovuz kartofunun qiyməti 1. 20 - 1.40 arası dəyişir. Soğanın bir kiloqramı isə 70-80 qəpikdir. Halbuki kartof ötən il 1.10 qəpik, soğan isə 50-60 qəpik idi. Yəni bahalaşma danılmazdır. Bununla belə satıcılar özlərinin "cüzi" adlandırdıqları bahalaşmara fərqli cür "don geyindirməyə", müxtəlif aspektlərdən izah erməyə çalışırlar. Məsələn, onlar deyirlər ki, bu, bayram ərəfəsi, məhsula qoyulan xərclərin artımı, yer kirayəsi və sair faktorlarla bağlıdır.

Bazarın "mərkəzi"ndə, "taburetka" da oturaraq alıcıların suallarını cavablandıran və məhsul satan 50 yaşlarında qadın isə məhsulun bol olmasına baxmayaraq, alıcının az olduğunu deyirlər. Alıcılar isə buna səbəb kimi qiymət bahalaşmasını göstərir.
Onlarla söhbət zamanı isə aydın olur ki, bir çox ailə bayram süfrəsini əvvəlki kimi zəngin açmaqda çətinlik çəkir. Ərzaq seçimi daha çox ehtiyac və prioritetlər üzərində qurulur. “Hər şeydən bir az” prinsipi artıq “ən vacib olanı almaq”la əvəzlənib. Xüsusilə ət və bəzi meyvə məhsullarında qiymətlərin yüksək olması alıcıların narazılığına səbəb olur.
Alıcılar xüsusən meyvələrdə ciddi artımın olduğunu qeyd edirlər.
Səsi xeyli uzaqdan eşidilən 20-25 yaşlarındakı gənc isə deyir ki, bazarda qızıl əhmədi almasının bir manat 30 qəpik, portağal 1.30 - 1.60 manata, kivi isə 1-1.30 manara təklif edilir. Halbuki bu məhsulların da qiyməti bir neçə ay əvvəl daha aşağı idi.
Yeri gəlmişkən, bazarda belə gənc satıcılar da az deyil. Əslində oxumalıdırlar. Amma danışdırsam deyəcəklər ki, evə pul aparmağa məcburam...
Qeyd etdiyim məsələlərə rəğmən, hər kəs qarşıdan gələn bayram süfrəsini imkan daxilində tamamlamağa, ənənələri qorumağa çalışır. Buna baxmayaraq, ümumi mənzərə göstərir ki, bu il bayram alış-verişi əvvəlki illərlə müqayisədə daha ehtiyatlı aparılır.

Ümumiyyətlə, bazar təkcə alış-veriş məkanı deyil, həm də cəmiyyətin sosial-iqtisadi vəziyyətinin aynasıdır. Burada insanların ümidləri, narahatlıqları və bayrama olan münasibəti aydın şəkildə görünür. Alıcılıq qabiliyyəti əvvəlki illərlə müqayisədə zəifləsə də, bayram əhval-ruhiyyəsi tam itib demək olmaz. İnsanlar imkanları daxilində bayramı qarşılamağa, ailə süfrəsini bəzəməyə çalışırlar. Bu mənzərə bir daha göstərir ki, bazar yalnız qiymətlərin deyil, həm də ictimai ovqatın göstəricisidir. "Vasmoy" bazarında bu gün hökm sürən ab-hava ehtiyatlı nikbinlik və düşünülmüş seçimlər üzərində qurulub.
Qaş qaraldıqca bazarda seyrəlmə müşahidə olunur. Ümid edirəm, alıcılar da, satıcılar da evlərinə sevinclə gedə biləcəklər...
16:27 30.12.2025
Oxunuş sayı: 4929