Soydaşlarımız Praqa Azərbaycan Evində bir araya gəlib
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan Evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova Həmrəylik Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıları təbrik edib. Bu əlamətdar günlərin Azərbaycan Evində qeyd edilməsinin qürurverici olduğunu bildirib.
Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdlərinin hazırladığı tamaşa böyük maraqla izlənib. Gənc pianoçu Lamiyə Axundova görkəmli Azərbaycan bəstəkarı Vaqif Mustafazadənin əsərlərindən parçalar ifa edərək tədbirə xüsusi musiqi ovqatı qatıb. Praqa rəqs qrupunun təqdimatında nümayiş etdirilən Azərbaycanın milli rəqsləri qonaqların zövqünü oxşayıb.
Bayram tədbirində Praqada yaşayan Azərbaycan əsilli İnna Papşevanın doğma diyarımızın multikultural dəyərlərini, rəngarəngliyini və mənəvi zənginliyini əks etdirən “Kaleydoskop” adlı rəsm sərgisi də təqdim olunub.
İştirakçılar milli mədəniyyətimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, Azərbaycan adət-ənənələrinin ölkə hüdudlarından kənarda tanıdılması baxımından bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.



15:26 30.12.2025
Oxunuş sayı: 1268