Qahirədə diaspor mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Qahirədə Misir-Azərbaycan Dostluq Mərkəzində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, diaspor rəhbəri tədqiqatçı-alim Seymur Nəsirov, Qahirədə yaşayan soydaşlarımız, Misir-Azərbaycan Dostluq Cəmiyyətindəki kurslarda Azərbaycan dilini öyrənən bir qrup tələbələr iştirak ediblər.
Mərasimin açılışında Azərbaycanın və Misirin Dövlət himnləri səsləndirilib.
Seymur Nəsirov çıxışında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi barədə qısa məlumat verib. Qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilib. O, Azərbaycan icmasının, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən danışıb. Mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə verdiyini diqqətə çatdıran diaspor rəhbəri Dostluq Cəmiyyətinin bu sahədə rolunu vurğulayıb. Qeyd edib ki, Cəmiyyətin təşkil etdiyi kurslarda dünyanın müxtəlif ölkələrindən olan tələbələr ödənişsiz olaraq peşələrə yiyələnirlər.
Sonra səfir Elxan Poluxov çıxış edərək bildirib ki, Ulu Öndərin müəyyən etdiyi bu tarixi gün xalqımızın gələcəyinə istiqamət verib. Diplomat sona çatmaqda olan 2025-ci ilin Misir-Azərbaycan əlaqələrinin inkişafı baxımdan yaddaqalan hadisələrin şahidi olduğunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ və Misir prezidentlərinin dəvəti ilə Şarm əl-Şeyxdə Qəzza zolağının müharibədən sonrakı vəziyyətinə həsr olunmuş böyük beynəlxalq sammitdə iştirakı əlamətdar hadisə olub. İqtisadi əlaqələrin inkişafına toxunan səfir bu yaxınlarda Qahirədə keçirilmiş Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasının bu kontekstdə əhəmiyyətini qeyd edib.
Tədbirin sonunda Misir-Azərbaycan Dostluq Cəmiyyətində təhsil alan tələbələrin ifasında Azərbaycan dilində vətənpərvərlik şeirləri dinlənilib. Daha sonra qonaqlar üçün ziyafət təşkil olunub.
09:17 28.12.2025
Oxunuş sayı: 1379