"Musiqi məbədi Şuşa" kitabının təqdimatı keçirilib
"Musiqi məbədi Şuşa" kitabının təqdimatı keçirilib
İrsimizin Tətbiqi və Təbliği İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə ithaf edilən "Musiqi məbədi Şuşa" kitabının təqdimatına həsr olunan "Şuşa musiqidə" adlı ədəbi-bədii tədbir həyata keçirilib.
Şuşanın zəngin musiqi və mədəni irsinə həsr olunmuş tədbir yüksək mənəvi ovqatda keçirilib. Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın tarixini, sənət ənənələrini və musiqi yaddaşını əks etdirən tədbir iştirakçıları milli ruh və qürur hissi ilə bir araya gətirib. Tədbir Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Şuşanın tarixi, mədəni irsi və mənəvi simasını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda Ulu öndər Heydər Əliyevin "Biz Şuşaya gedəcəyik, biz Şuşasız yaşaya bilmərik" fikirləri, Prezident İlham Əliyevin "Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" və "Biz Şuşanı azad etdik" sözləri yer alıb. Videoçarxda həmçinin Şuşa haqqında ilk mahnının müəllifi olan Xan Şuşinskinin "Şuşanın dağları" mahnısının sədaları altında Şuşanın bugünkü görüntüləri təqdim olunub.
Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxışında bildirib ki, nəşrin yaranmasına 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin "Biz Şuşanı azad etdik, Şuşa artıq azaddır" sözləri ilham verib. Müəllif bu kitabı Şuşaya mənəvi hədiyyə kimi qələmə aldığını, sənətkarın ən dəyərli töhfəsinin söz və kitab olduğunu vurğulayıb.
Proqram Şuşaya həsr edilmiş musiqi nümunələri ilə davam edib. Süleyman Ələsgərovun "Gözəl Şuşa", Oqtay Rəcəbovun "Şuşa", Emin Sabitoğlunun "Şuşanı qar gördüm", Səid Rüstəmovun "Gözəl Şuşa" musiqi ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, dosent, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Leyla Zöhrabovanın "Musiqi məbədi Şuşa" kitabı və məzmunu haqqında çıxışı xüsusi maraq doğurub. Bildirilib ki, kitab Şuşanın XVIII əsrdən bu günədək uzanan zəngin musiqi tarixini əhatə edir, şəhərin mədəni həyatına elmi-ensiklopedik baxış təqdim edir. Nəşrdə Şuşanın musiqili teatr ənənələri, görkəmli şuşalı musiqiçilər və onların nəsilləri haqqında qısa, lakin əhatəli məlumatlar yer alır. "Şuşa musiqidə" bölməsində isə həm xalq, həm də professional musiqidə Şuşaya həsr olunmuş əsərlər təhlil olunur.
Kitabın yekun bölməsində Şuşanın azad edilməsindən sonra aparılan mədəni dirçəliş prosesi, Üzeyir Hacıbəyli və Bülbülün ev muzeylərinin bərpası, Xarı-Bülbül Festivalı və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti geniş şəkildə əks etdirilir. Qeyd olunub ki, dörd yüz səhifədən artıq həcmə malik olan kitab Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib.
Tədbirdə Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva çıxış edərək Şuşanın mədəniyyət paytaxtı kimi yenidən dirçəlməsindən, bu kimi nəşrlərin milli yaddaşın qorunmasında rolundan danışıb.
Ziyalılar İctimai Birliyinin sədri, rəssam Minayə Feyzullayeva da Şuşanın Azərbaycan mədəniyyətindəki müstəsna yerini vurğulayıb.
Proqram çərçivəsində Xarı-Bülbül mövzusunda kompozisiya təqdim olunub. Kompozisiyanı balabançalanlar ansamblı müşayiət edib. Daha sonra Əməkdar artist Elza Seyidcahanın müəllifi olduğu "Şuşam", Rüfət Ramazanovun musiqisi, Səadət Təhmirazqızının sözləri ilə "Gözəl Şuşa" mahnıları ifa olunub. Xalq artisti Fidan Hacıyevanın ifasında sözləri Vahid Əzizin musiqisi professor Könül Hüseynovaya məxsus "Şuşam mənim", musiqisi Vasif Adıgözəlovun, sözləri Vüqar Abdülovun "Şuşam laylay" mahnısı təqdim edilib.
Sonda C. Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin "Renessans" xor kollektivinin ifasında Aytən İsmixanovanın sözlərinə bəstələnmiş Seymur Aslanovun "Şuşa evinə qayıtdı" mahnısı ilə proqram yekunlaşıb.
12:15 27.12.2025
Oxunuş sayı: 3091