Ermənistana əvvəl taxıl, sonra neft göndərildi, İrəvan Bakının addımlarına hansı cavabı verəcək?- Açıqlandı
2025-ci il 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş regionda uzunmüddətli sülhün təməlini qoymuş mühüm tarixi hadisədir. Bu görüşdə sülh müqaviləsinin mətni paraflanmış, birgə bəyannamə imzalanmış və regional əlaqələrin açılmasına dair prinsipial razılaşmalar əldə olunmuşdur. Azərbaycan qalib tərəf olaraq revanşist mövqelərdən uzaq duraraq, sülhə sadiqliyini konkret və praktiki addımlarla nümayiş etdirməkdə davam edir. Rəsmi Bakının əsas hədəfi keçmiş münaqişəni sadəcə dondurmaq deyil, Cənubi Qafqazda davamlı sabitlik, qarşılıqlı etimad və normal qonşuluq münasibətlərinin formalaşdırılmasıdır.
Bu strateji xəttin təzahürü olaraq, Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması nəticəsində Ermənistana taxıl tranziti (o cümlədən Rusiya və Qazaxıstandan yüklər) həyata keçirilmiş, beyin mərkəzləri nümayəndələrinin görüşləri təşkil olunmuş və son olaraq neft məhsullarının (benzin) ilk partiyası çatdırılmışdır. Bu təşəbbüslər təkcə iqtisadi əməkdaşlıq aktları deyil, həm də qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş vacib tədbirlər kimi dəyərləndirilməlidir. Azərbaycan bu addımları ilə aydın mesaj verir: sülh kağız üzərindəki razılaşmalarla deyil, real və konkret əməllərlə gücləndirilməlidir.
Regionda sabitliyin əsas sütunu isə qarşılıqlı etimadı hüquqi çərçivəyə çevirəcək əhatəli sülh müqaviləsidir. Bu baxımdan, paraflanmış müqavilənin yaxın perspektivdə – 2026-cı ildə imzalanması və ratifikasiyası gözlənilir. Lakin bu prosesin uğurlu olması təkcə bir tərəfin xoş məramından asılı deyil. Qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi zəruridir.
Beləliklə, sual aktual olaraq qalır: Ermənistan tərəfi bu məsuliyyətli mərhələdə hansı konkret addımları atmalıdır? Azərbaycanın sülh naminə göstərdiyi konstruktiv jestlərə cavab olaraq İrəvan hansı siyasi, hüquqi və praktiki öhdəlikləri prioritetləşdirməlidir?
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-ın suallarını cavablandırın:
- Ermənistan Azərbaycanın bu humanistliyinə adekvat olaraq hansı addımları ata bilər?
- Fikrimcə, Azərbaycan bazarında Ermənistan üçün maraqlı ola biləcək xeyli məhsul mövcuddur. Görüşlər zamanı yanacaq, tranzit imkanları, eləcə də Rusiya və Qazaxıstan üzərindən daşımalar kimi məsələlər müzakirə olunur. Hazırda növbəti mərhələdə hansı məhsulların göndəriləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Lakin mən beyin mərkəzləri rəhbərləri və ya texniki səviyyədə yeni görüşlərin keçiriləcəyini gözləyirəm. Bu görüşlərin isə bu il yox, gələn ilin əvvəlində baş tutacağı ehtimal olunur.
- Atılan bu addımlar gələcək iqtisadi əlaqələrin təməli hesab oluna bilərmi?
- Ümumilikdə bu, müsbət haldır. Birincisi, bu, yaxşı qonşuluq siyasətinin göstəricisidir. İkincisi, iqtisadi baxımdan yeni bazarların açılması deməkdir. Düzdür, Ermənistan bazarı böyük deyil, lakin istənilən halda yeni bazardır. Bu mənada vaxtilə Türkiyə–Ermənistan sərhədlərinin açılması ilə bağlı müzakirələri xatırlatmaq olar. O zaman da qeyd olunurdu ki, Türkiyə iqtisadi baxımdan xeyli güclüdür və açıq iqtisadi münasibətlər Ermənistan iqtisadiyyatını ciddi şəkildə asılı vəziyyətə sala bilər. Eyni yanaşma Azərbaycan üçün də keçərlidir. Azərbaycan mallarının Ermənistan bazarına daxil olması həm iqtisadi, həm siyasi, həm də milli maraqlar baxımından mühüm əhəmiyyət daşıyır.
- 2026-cı ildə sülh müqaviləsinin imzalanması ehtimalı varmı?
- Ermənistanın üzərinə götürdüyü əsas öhdəliklərdən biri referendumun keçirilməsidir. Yalnız bundan sonra sülh prosesinin tam şəkildə davam etməsi mümkündür. Bu baxımdan 2026-cı ildə Azərbaycanla Ermənistan arasında sülhün reallaşması əsasən Ermənistandakı siyasi proseslərdən, xüsusilə də parlament seçkilərinin nəticəsindən asılı olacaq. Hesab edirəm ki, baş nazir Nikol Paşinyan seçkilərdən əvvəl referendum keçirməyəcək. Daha məntiqli variant ondan ibarətdir ki, əvvəl seçkilər keçirilsin, Paşinyan hakimiyyətdə qalsın və bundan sonra referendum təşkil olunsun. Çünki referendum xalqın mövqeyini açıq şəkildə ortaya qoymalıdır. Əgər seçkilərdə Paşinyan qalib gələrsə, bu, xalqın ona etimad göstərdiyini də təsdiqləmiş olacaq.
- Sizcə Ermənistanda Azərbaycan siyasi maraqlarına ən uyğun namizəd kimdir?
- Hazırkı vəziyyətdə Paşinyanın yenidən seçilmək ehtimalı kifayət qədər yüksəkdir. Ermənistan müxalifəti ciddi kütləvi dəstək formalaşdıra bilmir. 2018-ci ildə Paşinyanın yüz minlərlə insanı küçələrə çıxardığını xatırlasaq, bu gün müxalifətin beş-on min nəfəri belə səfərbər etməkdə çətinlik çəkməsi vəziyyətin aydın göstəricisidir. Bu səbəbdən müxalifətin hakimiyyəti dəyişmək gücündə olduğunu demək çətindir. Bu reallıqları nəzərə alsaq, hazırkı mərhələdə Azərbaycanın maraqlarına uyğun olan və prosesləri davam etdirə biləcək yeganə real fiqur məhz Paşinyandır. Ermənistanda hazırda alternativ, yeni və güclü siyasi fiqur görünmür. Yeni gələcək hər hansı şəxsin əvvəlcə siyasətini sübut etməsi, regional reallıqları qəbul etməsi və düzgün xətt aparması lazım olacaq. Açığı, Ermənistan xalqının belə bir namizədi dəstəkləyəcəyinə inam böyük deyil.
Ayhan
22:05 26.12.2025
Oxunuş sayı: 915