Hər zaman həmrəy olan Azərbaycanım
Həmrəylik milli birlik, Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, bağlılıq hisslərini özündə təcəssüm etdirir. Tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün həlledici faktor kimi çıxış etmiş milli identiklik, həmrəylik və özünüdərk xalqın milli həmrəylik və bütövlüyünün təmin olunması milli siyasətin sayəsində mümkün olub. Milli dövlətçiliyin əsasının möhkəmləndirilməsi, xalqın birləşmük ideologiyanın formalaşdırılması, ictimai-siyasi sabitliyin fonunda nail olunur.
1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevin sədrliyi ilə keçən iclasda 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edir və ölkə parlamentinə müraciət edilir. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirir. Milli birliyin yaradılması, bu birliyi müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıc nöqtəsi idi. Bu birlik müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməlini qoydu. Bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü amilə çevrildi. Harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız bu ideologiya ətrafında birləşir və beynəlxalq aləmdə Azərbaycanın layiqli yer tutmasına, tanınmasına, ölkəmizlə bağlı həqiqətlərin təbliğində yorulmadan dünya ictimaiyyətinə töhfələr verməyi özünə mənəvi borcu sayır. Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları milli maraqlarımızın müdafiəsində yorulmadan fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması bugün soydaşlarımızla bağlı dövlət siyasətinin həyata keçirilməsinə zəmin yaratdı. Azərbaycan diaspor təşkilatları mövcud problemlərin aradan qaldırılmasında öz fəaliyyətləri ilə mühüm rol oynayır.
2001-ci il noyabr ayının 9-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayında Ümummilli Liderimiz Heydər Əliyevin iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir azərbaycanlını bir daha bu şüar altında birləşdirir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirilməsi onun xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qormasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab etməsi kimi, dünya azərbaycanlılarını vahid məfkurə ətrafında sıx birləşdirir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir.
Dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz onları birləşdirən milli dəyərləri 35 ildir ki, dünyanın hər bucağında qeyd edir. Bu gün milli birliyimizin, həmrəyliyimizin yaradılmasından kecən illəri hər ilin son günündə qürurla, fəxrlə qeyd edirik. Dünya Azərbaycanlılarının Həmrəylik Günündə birliyimizin gücünü bir daha nümayiş etdirməklə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx səfərbər olmaqla bir daha nümayiş etdirdik.
Həmrəylik bayramımız mübarək!

Afaq Sadıqova
Bakı Dövət Universitetinin elmi işçisi
18:10 26.12.2025
Oxunuş sayı: 4231