ETX və MSİM universitetlərdə süni intellektin istifadəsinə dair maarifləndirici görüşlərə başlayıb
Dekabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu, ADPU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II respublika elmi-praktik konfransı keçirilib.
Crossmedia.az xəbər verir ki, ADPU-dan bildirilib ki, açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, alim və tədqiqatçılar, universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransın açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxış edərək tədbirin elmi, ictimai və mədəni əhəmiyyətindən danışıb. Professor Mahirə Hüseynova konfransın məhz “Qərbi Azərbaycan folkloru” mövzusuna həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, bu mövzu Azərbaycan xalqının tarixi yaddaşı, mədəni kimliyi və milli mənsubiyyətinin dərk olunması baxımından mühüm elmi istiqamətdir. Qərbi Azərbaycan əraziləri Azərbaycan xalqının tarixində, folklorunda və mənəvi dünyasında silinməz izlər buraxıb. Çıxışında azərbaycançılıq ideologiyasına toxunan professor Mahirə Hüseynova Qərbi Azərbaycan məsələsinin bu ideologiyanın mühüm tərkib hissəsi olduğunu vurğulayıb.
M.Hüseynova Prezident İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli bəyanatını xatırladaraq, Azərbaycanın dədə-baba torpaqlarına qayıdış ideyasının tarixi və siyasi baxımdan strateji əhəmiyyət daşıdığını qeyd edib. Qeyd edilib ki, Qarabağın azad olunması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin bariz nümunəsidir və bu mübarizə heç vaxt başqa xalqların torpaqlarına iddia məqsədi daşımayıb. Prorektor çıxışında ermənilər tərəfindən türklərin tarixi torpaqlarından deportasiya edilməsinin ağır sosial, mədəni və mənəvi nəticələrinə də toxunub. Qeyd edib ki, bütün bu proseslərə baxmayaraq, Azərbaycan xalqı öz folkloruna, etnoqrafik irsinə və mədəni yaddaşına sədaqətlə bağlı qalıb. Professor Mahirə Hüseynova Qərbi Azərbaycan folklorunun Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, xalqın tarixi yaddaşını yaşadan əsas mənbələrdən biri olduğunu xüsusi vurğulayıb. Sonda prorektor bu cür elmi-praktik konfransların, xüsusilə gənc tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb, Qərbi Azərbaycan folklorunun türk xalqları kontekstində, türk dilləri aspektindən sistemli şəkildə araşdırılmasının vacibliyinə diqqət çəkib.
AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri çıxışında folklorun milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətindən danışıb. O, Qərbi Azərbaycan folklorunun elmi əsaslarla araşdırılmasının təkcə mədəni deyil, həm də tarixi yaddaşın bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu istiqamətdə elmi müəssisələrin qarşısında duran vəzifələrə toxunub.
Qərbi Azərbaycan İcmasının sədri dosent Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan folklorunun toplanması, qorunması və nəşri məsələlərinə diqqət çəkib. O, deportasiyalar nəticəsində bu irsin böyük bir hissəsinin yaddaşlarda qaldığını, lakin folklor nümunələrinin hələ də informatorlar vasitəsilə toplanmasının mümkün olduğunu bildirib. Ə.Ələkbərli qeyd edib ki, folklor irsinin sistemli şəkildə araşdırılması Qərbi Azərbaycanla bağlı tarixi-mədəni həqiqətlərin elmi əsaslarla təqdim olunmasına xidmət edir.
AMEA Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev konfransın Qərbi Azərbaycan folklorunun aktual problemlərinin müzakirəsi və bu sahədə gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi platforma olduğunu bildirib. O, Folklor İnstitutunda Qərbi Azərbaycan folklorunun toplanması və nəşri istiqamətində aparılan işlərdən söz açaraq, konfrans materiallarının gələcək elmi araşdırmalar üçün dəyərli mənbə olacağını vurğulayıb.
Açılış mərasimindən sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
16:35 26.12.2025
Oxunuş sayı: 1088