Milli qüdrət və tarixi nailiyyət: Prezident İlham Əliyevin 64 yaşı
24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin 64-cü doğum günü tamam olur. Bu əlamətdar gün münasibətilə Azərbaycanın müasir inkişaf tarixində müstəsna rol oynamış bir liderin həyat və fəaliyyətinə nəzər salmaq, onun prezidentlik dövründə həyata keçirdiyi siyasi, iqtisadi və sosial islahatları, eləcə də tarixi nailiyyətləri təhlil etmək olduqca yerinə düşər. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qısa müddətdə regional güc mərkəzinə, söz sahibi olan müstəqil və nüfuzlu dövlətə çevrilmişdir. 2003-cü ildən bu günədək ölkə iqtisadi artım, sosial rifah, siyasi sabitlik və ən nəhayət, ərazi bütövlüyünün tam bərpası kimi fundamental nailiyyətlər əldə etmişdir.

İqtisadi nailiyyətlər: dayanıqlı iqtisadiyyata keçid
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı sürətli və sistemli inkişaf mərhələsindən keçmişdir. Xüsusilə 2005–2007-ci illərdə ölkə ÜDM artım tempinə görə dünyada lider mövqelərdə yer almış, bu artım strateji enerji layihələrinin uğurla icrası hesabına mümkün olmuşdur. Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsi və ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirmiş, ölkəni Avropanın etibarlı enerji tərəfdaşına çevirmişdir. Neft və qaz gəlirlərinin dəyişkənliyini nəzərə alan Prezident İlham Əliyev 2014-cü ildən etibarən iqtisadi diversifikasiyanı dövlət siyasətinin əsas istiqaməti elan etmişdir. Bu siyasət nəticəsində kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, sənaye və rəqəmsal iqtisadiyyat qeyri-neft sektorunun aparıcı sahələrinə çevrilmişdir. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində oynadığı rol, sənaye parklarının yaradılması və elektron hökumət sistemlərinin tətbiqi iqtisadiyyatın rəqabət qabiliyyətini artırmışdır. “Azərbaycan 2030” və 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası neftdən asılılığın azaldılmasına və dayanıqlı iqtisadi modelin formalaşdırılmasına xidmət edir. Artıq qeyri-neft sektorunun ÜDM-də payı əsaslı şəkildə artmış, valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələmişdir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan şaxələndirilmiş, dayanıqlı və qlobal çağırışlara davamlı iqtisadi sistem qurmağa nail olmuşdur.
Sosial siyasət: İnsan amilinin önə çıxarılması
Prezident İlham Əliyevin siyasətinin mərkəzində insan amili dayanır. Sosial islahatlar əhalinin rifahının yüksəldilməsinə, aztəminatlı təbəqələrin müdafiəsinə və insan kapitalının inkişafına yönəlib. Son 20 ildə sosial siyasətin prioritet elan edilməsi yoxsulluğun 44,7 faizdən (2003) 5,2 faizə (2023) enməsi ilə nəticələnib. Bu göstəricilər 3–4 milyon vətəndaşı əhatə edən ardıcıl sosial islahat paketlərinin real nəticəsidir. Əməkhaqları, pensiyalar və sosial müavinətlər mərhələli şəkildə artırılıb. 2018–2025-ci illərdə minimum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, minimum pensiya 320 manata, orta aylıq pensiya isə 540 manata çatıb. Sosial ödənişlər üçün ayrılan illik vəsait 5 dəfə artıb. 2025-ci ildə hədəfli sosial yardım alan 76 min ailəyə 200 manat birdəfəlik yardım göstərilməsi də bu siyasətin davamı olub. Postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 6900 mənzilin verilməsi sosial ədalətin təminatına xidmət edib. Səhiyyə və təhsil infrastrukturu əsaslı şəkildə yenilənib. 2003–2013-cü illərdə yüzlərlə səhiyyə müəssisəsi tikilib və ya təmir olunub, son illərdə rəqəmsal səhiyyə sistemləri tətbiq edilib. Təhsil sahəsində büdcə xərcləri dəfələrlə artırılıb, müasir məktəblər, ali təhsil və inklüziv təhsil proqramları genişləndirilib. İnsan kapitalının inkişafı “Azərbaycan 2030” strategiyasının əsas prioritetlərindən biridir. Azərbaycanın Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi sosial infrastrukturun inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə töhfə verib. Eyni zamanda multikulturalizm və dini tolerantlıq dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. 2016-cı ilin “Multikulturalizm İli” elan olunması, dini abidələrin bərpası və icmalar üçün yaradılan şərait Azərbaycanın tolerant cəmiyyət modelini dünyaya təqdim edib.
Prezident İlham Əliyevin sosial siyasəti insan kapitalını gücləndirərək Azərbaycanın sosial baxımdan dayanıqlı və inklüziv inkişafını təmin etmişdir.

Qarabağ Zəfəri: tarixi ədalətin bərpası
Prezident İlham Əliyevin siyasi iradəsi, strateji uzaqgörənliyi və Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yaratdı. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsi ölkəmizin qəti Qələbəsi ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala son qoyuldu. Müharibə dövründə Azərbaycan Ordusu müasir silahlanma, yüksək peşəkarlıq və çevik taktiki üstünlüklər nümayiş etdirdi. Hərbi əməliyyatlar nəticəsində strateji əhəmiyyətli mövqelər ardıcıl şəkildə azad edildi. Bu Zəfərin zirvə nöqtəsi 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad olunması oldu. Prezident İlham Əliyevin həmin gecə xalqa müraciətində səsləndirdiyi “Biz Şuşanı qaytardıq! Biz Şuşaya qayıtdıq!” sözləri Qələbənin rəmzinə çevrildi. Şuşanın azad edilməsi təkcə hərbi uğur deyil, milli ruhun dirçəlişi və tarixi ədalətin bərpası kimi qiymətləndirildi. 44 günlük müharibə nəticəsində Azərbaycan Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, eləcə də yüzlərlə kənd və qəsəbəni işğaldan azad etdi. Ermənistan ordusunun hərbi infrastrukturu ciddi itkilərə məruz qaldı. Bu uğurun təməlində illər boyu aparılan ordu quruculuğu, müasir silah sistemlərinin əldə edilməsi və peşəkar hərbi kadrların hazırlanması dayanırdı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanat müharibəyə son qoydu və Azərbaycanın ərazi bütövlüyünün bərpasını beynəlxalq hüquqi müstəvidə təsbit etdi. Bu sənəd Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılmasını təmin etdi və regionda yeni siyasi-hərbi reallıqlar formalaşdırdı. 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal antiterror tədbirləri isə Qarabağda mövcud olmuş separatçı rejimin tam ləğvi ilə nəticələndi. 24 saatdan az davam edən əməliyyat Azərbaycanın suverenliyinin bütün ərazilərində bərpasını təmin etdi və 30 illik separatizmə qəti son qoydu. Qarabağ Zəfəri Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi, hərbi gücünü qlobal miqyasda nümayiş etdirdi və “Dəmir yumruq” anlayışını milli birlik simvoluna çevirdi. İşğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi, regionun sosial-iqtisadi dirçəlişi üçün möhkəm zəmin yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə təkcə torpaqların azad edilməsi deyil, xalqın milli ləyaqətinin, tarixi yaddaşının və dövlət suverenliyinin tam bərpasıdır. Qarabağ Zəfəri Azərbaycan tarixində əbədi yaşayacaq və gələcək nəsillər üçün qürur mənbəyi olaraq qalacaqdır.

Yenidənqurma və “Böyük Qayıdış”
2020-ci il Qarabağ Zəfərindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü və şəxsi nəzarəti ilə “Böyük Qayıdış” proqramının icrasına start verildi. 2022-ci ildə təsdiqlənmiş Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa, quruculuq və reinteqrasiya prosesi həyata keçirilir. Proqramın əsas məqsədi keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli şəkildə doğma yurdlarına qayıtmasını təmin etmək, eyni zamanda regionu müasir, dayanıqlı və “yaşıl enerji” zonasına çevirməkdir. 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpasına 23 milyard manatdan artıq vəsait ayrılıb. Bu investisiyalar əsasən yol-nəqliyyat infrastrukturu, enerji təminatı, sosial obyektlər və yaşayış məntəqələrinin sıfırdan qurulmasına yönəlib. Füzuli–Şuşa “Zəfər yolu”, Bərdə–Ağdam, Horadiz–Zəngilan–Ağbənd və digər strateji magistrallar inşa edilib. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun nəqliyyat əlaqələrini köklü şəkildə dəyişib. Yenidənqurma prosesində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsas prioritet kimi seçilib. Zəngilanın Ağalı kəndi bu model üzrə tam bərpa edilərək sakinlərinə təhvil verilib. Şuşa, Füzuli və Ağdamda analoji layihələr davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan olunub, günəş və külək elektrik stansiyalarının tikintisi həyata keçirilir. Paralel olaraq məktəblər, xəstəxanalar, sənaye parkları, hotellər və Qarabağ Universiteti kimi mühüm sosial obyektlər istifadəyə verilir. Mina təmizləmə işləri də geniş vüsət alıb və yüz minlərlə hektar ərazi təhlükəsiz hala gətirilib. “Böyük Qayıdış” artıq real nəticələr verir. 2025-ci ilə qədər on minlərlə keçmiş məcburi köçkün Füzuli, Laçın, Zəngilan, Ağdam və digər yaşayış məntəqələrinə qayıdıb, regionda yaşayır, işləyir və təhsil alır. Proqnozlara görə, 2026-cı ilin sonunadək 140 minə yaxın insanın doğma torpaqlarına köçü təmin ediləcək. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa edilmir, eyni zamanda müasir inkişaf modelinə əsaslanan yeni həyat məkanına çevrilir. “Böyük Qayıdış” həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün güclü və dayanıqlı Azərbaycanın təməlidir.
Xarici əiyasət: Prezident İlham Əliyevin çoxvektorlu diplomatiyası
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu Azərbaycanın müstəqilliyini, milli maraqlarını və ərazi bütövlüyünü qorumaq prinsiplərinə əsaslanan, eyni zamanda regional və qlobal reallıqları dəqiq nəzərə alan çoxvektorlu və balanslaşdırılmış diplomatiya modelidir. Son iyirmi il ərzində bu siyasət Azərbaycanı Cənubi Qafqazda əsas söz sahibi olan dövlətə, eləcə də qlobal enerji və təhlükəsizlik məsələlərində etibarlı tərəfdaşa çevirmişdir. İlham Əliyevin xarici siyasətinin əsas xüsusiyyətlərindən biri strateji muxtariyyətin qorunmasıdır. Azərbaycan heç bir böyük güc mərkəzindən asılı olmadan, öz milli maraqlarını müstəqil şəkildə müdafiə etməyi bacaran nadir ölkələrdəndir. Bu yanaşmanın bariz nümunəsi Azərbaycanın 2019–2024-cü illərdə 120 üzvü birləşdirən Qoşulmama Hərəkatına sədrlik etməsidir. Bu dövrdə Azərbaycan təşkilatın institusional güclənməsinə mühüm töhfələr vermiş, Bakıda keçirilən zirvə toplantıları və təşəbbüslər vasitəsilə Qlobal Cənubun səsini beynəlxalq müstəviyə çıxarmışdır. Xüsusilə 2023-cü ildə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın təşəbbüskarlıq və liderlik qabiliyyətini bir daha nümayiş etdirmişdir. Azərbaycanın xarici siyasətində Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Azərbaycan–Türkiyə əlaqələri klassik tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəlmişdir. Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi və siyasi təməlini formalaşdırmış, iki ölkə arasında hərbi, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha da dərinləşdirmişdir. Bu gün Türkiyə Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir və Qarabağla Şərqi Zəngəzurun bərpasında türk şirkətləri aparıcı rol oynayır. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də siyasi və strateji xarakter daşıyır. Prezident İlham Əliyevin balanslaşdırılmış siyasəti Avropa İttifaqı ilə münasibətlərdə də özünü göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul olunur. Xüsusilə 2022-ci ildən sonra Avropaya qaz ixracının kəskin artması Azərbaycanın strateji əhəmiyyətini daha da yüksəltmişdir. Bu əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır, eyni zamanda nəqliyyat, “yaşıl enerji” və dayanıqlı inkişaf istiqamətlərini də əhatə edir. Avropa İttifaqı ilə aparılan danışıqlar Azərbaycanın beynəlxalq nüfuzunun və etimad kapitalının göstəricisidir. Rusiya ilə münasibətlərdə isə Prezident İlham Əliyev praqmatik və realist yanaşma nümayiş etdirir. İki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq baxımından mühüm çərçivə yaradıb. 2020-ci ildən sonra Qarabağ məsələsində yaranmış yeni reallıqlar fonunda Azərbaycanın suverenliyinin tam bərpa olunması prosesi Rusiya ilə koordinasiyalı və qarşıdurmadan uzaq şəkildə həyata keçirilmişdir. Bu, İlham Əliyevin diplomatik çevikliyinin və siyasi iradəsinin nəticəsidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın artan rolu da Prezident İlham Əliyevin xarici siyasət uğurlarından biridir. Azərbaycanın təşəbbüsü ilə təşkilatın institusional inkişafı sürətlənmiş, iqtisadi, nəqliyyat və enerji layihələri yeni mərhələyə keçmişdir. Qarabağın Türk dünyası üçün “yaşıl inkişaf zonası” kimi təqdim olunması Azərbaycanın regional liderliyinin simvoluna çevrilmişdir. Eyni zamanda Azərbaycan İslam dünyası və ərəb ölkələri ilə əlaqələrini də ardıcıl şəkildə genişləndirir. Körfəz ölkələrinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi investisiya layihələri Azərbaycanın iqtisadi cazibədarlığını və siyasi etibarlılığını təsdiqləyir. Xüsusilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərin Azərbaycana marağı ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurunu göstərir. Prezident İlham Əliyevin xarici siyasəti Azərbaycanı beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyə malik dövlətə çevirmişdir. Azərbaycan nə hər hansı blokun peykinə çevrilmiş, nə də təcrid olunmuş vəziyyətdə qalmışdır. Əksinə, milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda dialoq və əməkdaşlığa açıq olan etibarlı tərəfdaş kimi tanınmışdır. Bu balanslı və praqmatik diplomatiya artıq beynəlxalq ekspert dairələrində “Azərbaycan modeli” kimi dəyərləndirilir və ölkənin gələcək mövqeləri üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan həm daxili, həm də beynəlxalq səviyyədə misilsiz inkişaf yolu keçmişdir. Onun qətiyyətli siyasəti nəticəsində ölkəmiz güclü, modern və peşəkar orduya, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyata, möhkəm dövlətçiliyə və tam suverenliyə malik bir dövlət kimi formalaşmışdır. Bu nailiyyətlərin ən parlaq ifadəsi 2020-ci il Qarabağ Zəfəridir – 30 illik işğala son qoyan və Azərbaycanın ərazi bütövlüyünü təmin edən tarixi qələbə. Eyni zamanda, iqtisadi və sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, investisiya layihələri, təhsil və səhiyyə infrastrukturunun yenilənməsi, habelə beynəlxalq nüfuzun artması Prezident İlham Əliyevin liderliyinin real göstəriciləridir.
Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, strateji təşəbbüslər və regiondakı lider mövqeyi ölkəmizi qlobal siyasət və enerji məsələlərində etibarlı tərəfdaş kimi tanıtmışdır. “Böyük Qayıdış” proqramı, işğaldan azad olunmuş ərazilərin bərpası və regionda dayanıqlı inkişaf modelinin tətbiqi isə gələcək nəsillər üçün möhkəm və etibarlı zəmin yaratmışdır.
Prezident İlham Əliyevin doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür və dövlətçilik yolunda yeni, böyük uğurlar arzulayırıq. Onun rəhbərliyi ilə Azərbaycan bundan sonra da güclü, müstəqil və inkişaf etmiş ölkə kimi öz yolunu inamla davam etdirəcəkdir.
07:48 24.12.2025
Oxunuş sayı: 5593