Çimərlik mövsümü başladı - ekspertdən təhlükəsizliklə bağlı vacib xəbərdarlıq
Bakıda çimərliklərin mövsümə hazırlanması yay istirahətinin başlanğıcı ilə yanaşı, həm də təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir.
Keçən il dənizdə baş verən boğulma hadisələri göstərdi ki, təkcə infrastrukturun hazır olması kifayət etmir, insan amili və təhlükəsizlik qaydalarına riayət olunması həlledici rol oynayır.
Bu baxımdan, çimərlik mövsümünün açılması həm istirahət, həm də məsuliyyət mövzusu kimi dəyərləndirilir.
Mütəxəssislər hesab edirlər ki, düzgün təşkilatçılıq, nəzarətin gücləndirilməsi və ictimai maarifləndirmə tədbirləri bu cür faciələrin qarşısının alınmasında əsas faktorlar ola bilər.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev Crossmedia.az-a açıqlama verib:

“Çimərliyə gedərkən insanlar mütləq təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməlidirlər. İlk növbədə, yalnız çimərlik üçün ayrılmış ərazilərə üz tutmaq vacibdir. Yəni hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə, hansı çimərliklər çimərlik üçün nəzərdə tutulubsa və hansı çimərliklərdə xilasetmə xidməti mövcuddursa, məhz həmin yerlərə getmək daha doğru və düzgün qərardır.
Çünki çimərlik üçün ayrılan ərazilərdə adətən xilasetmə xidməti fəaliyyət göstərir. Digər vacib məsələ həmin gün üçün nəzərdə tutulan hava şəraitinə diqqət yetirməkdir. Əgər hava əlverişsizdirsə, belə hava şəraitində çimərliyə birmənalı olaraq getmək olmaz. Çünki ümumiyyətlə, əlverişsiz hava şəraitində həm boğulma riski yüksək olur, həm də sualtı axınların yaranma ehtimalı artır. Ona görə də mütləq əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır”.
Ekspert əlavə edib ki, digər bir məsələ günün qaranlıq saatlarında çimərliyə getməməkdir:
“Qaranlıq saatlarda çimərlikdən istifadə etmək tövsiyə edilmir. Həmçinin özü ilə hər hansı kiçik mühərrikli gəmi, katamaran və yaxud qayıq gətirib icazəsiz şəkildə suya daxil olmaq da təhlükəsizlik baxımından yol verilməzdir.
Ən diqqət edilməli məqamlardan biri də ümumiyyətlə spirtli içki qəbul edib çimərliyə girməkdir. Bu da qətiyyən yol verilməməlidir.
Daha sonra çimərliklərdə məhdudlaşdırıcı şarlar olur. Bu şarlar vasitəsilə təhlükəsiz zona müəyyənləşdirilir və həmin məhdudlaşdırıcı ərazini keçmək olmaz.
Əfsuslar olsun ki, bəzən insanlar çimərliyi yarış meydançasına çevirirlər. Kim daha çox uzaq məsafəyə üzə bilər və ya saatlarla suda vaxt keçirir, yaxud da qayaların, daş parçalarının və dəmir konstruksiyaların üzərinə çıxaraq suya tullanırlar.
Bu cür təhlükəli hərəkətlər etmək qətiyyən yol verilməzdir. Nəzərə almaq lazımdır ki, bu kimi təhlükəsizlik qaydalarının pozulması sonda boğulma hadisələrinə gətirib çıxara bilər.
Ona görə də mütləq diqqət edilməli olan təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Ən əsası isə azyaşlı uşaqları çimərliyə nəzarətsiz buraxmamaqdır.
Əfsuslar olsun ki, bəzən valideynlər özləri müxtəlif əyləncələrə və ya istirahətə başı qarışdığı üçün uşaqlar nəzarətsiz qalır. Artıq xəbər tutanda isə gec olur. Ona görə də mütləq bu məsələlərə xüsusi diqqət yetirilməlidir”.
Ayhan
16:13 15.05.2026
Oxunuş sayı: 52