Almaniyada yaşayan soydaşımızın filmi beynəlxalq mükafat alıb
Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı sənətçi, rejissor və opera müğənnisi Cavid Səmədov beynəlxalq miqyasda növbəti uğura imza atıb.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Onun Qarabağ müharibəsi mövzusuna həsr etdiyi “Yarım Polad” (Half Steel) adlı qısametrajlı film Türkiyədə keçirilən HAK-İŞ 14-cü Beynəlxalq Qısa Film Yarışmasında Beynəlxalq kateqoriya üzrə II yerə layiq görülüb.
Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən, yarım əsrlik mədəni ənənəyə söykənən builki yarışmada 118 ölkədən 4106 film iştirak edib.
Film Vətən müharibəsi qazisi Polad Rzayevin həyatından bəhs edir. l Qarabağ müharibəsi şəhidinin oğlu olan qazimiz hər iki ayağını itirsə də yaşamaq eşqi sönməyib. Ekran əsəri Polad Rzayevin timsalında insan iradəsi, mənəvi güc kimi mövzuları ön plana çıxarır.
“Yarım Polad” filmi beynəlxalq festivallarda böyük maraqla qarşılanıb. Bugünədək 14 festivalda müxtəlif dərəcəli mükafatlar qazanıb.
Filmin müəllifi, opera sənətçisi olan Cavid Səmədov son illərdə kino sahəsində də Azərbaycan mədəniyyətini uğurla təmsil edir. Onun yaradıcılığı müasir sənət dili ilə milli kimlik, insan taleyi kimi mövzuları birləşdirir.


16:12 19.12.2025
Oxunuş sayı: 937