İntiqam kölgəsində qalan ömür – Qətibə İnanc
Akademik Milli Dram Teatrı növbəti səhnə əsəri – görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin məşhur "Qılınc və qələm" romanının motivləri əsasında hazırlanan "Qətibə İnanc" tarixi dramı ilə tamaşaçılarının görüşünə gəldi.
Xalq artisti M. Fərzəlibəyovun quruluşçu rejissorluğu ilə ərsəyə gələn bu səhnə əsəri Çingiz Ələsgərli tərəfindən yeni versiyada işlənib. İki hissədən ibarət olan tamaşa izləyiciləri XII əsr Gəncəsinin mürəkkəb siyasi və mənəvi mühitinə səyahətə çıxarır. Səhnə üçün hazırlanan dekorasiyalar və dövrün ruhunu əks etdirən libaslar tamaşanın vizual təsir gücünü daha da artırırdı.
Tamaşanın mərkəzində Gəncə hakimi Əmir İnancın qızı Qətibənin (Bəsti Cəfərova) dahi Şeyx Nizami Gəncəviyə (Sabir Məmmədov) olan nakam sevgisi dayanır. Sevgisi rədd edildikdən sonra qəlbi nifrətlə dolan bir qadının daxili faciəsi aktyorların peşəkar oyunu ilə yüksək səviyyədə nümayiş etdirildi.
Aktyorların ustalığı, xüsusən Qətibənin mürəkkəb xarakterini — sevgisiz bir evliliyə sürüklənməsini və daxili çırpıntılarını canlandıran obrazı salondakı hər kəsi sükuta qərq etdi. Qətibənin Məhəmməd Cahan Pəhləvana ərə getməsi və oğlu Qutluğ (Elnur Qədirov) ilə olan həyat yolu yalnız bir ailənin deyil, həm də bir dövrün dramı kimi canlandırıldı.
Səhnədə Qətibə İnancın daxili təlatümlərini, nifrət və sevgi arasındakı incə cizgini canlandıran aktyor heyəti, tamaşaçıları hadisələrin gedişatına tam qərq edə bildi. Xüsusilə dramatik monoloqlar zamanı salondakı sükut əsərin təsir gücünün bariz nümunəsi idi.
1977-ci ildə Tofiq Kazımovun qoyduğu ilk iz səhnədə yenidən canlandı. Əsəri bizə sübut etdi ki, klassik əsərlərimiz nə qədər vaxt keçsə də, öz aktuallığını və emosional gücünü heç vaxt itirmir.
Əgər siz də tarixə kiçik səyahət etmək, sevgi və nifrətin amansız qarşıdurmasına şahidlik etmək istəyirsinizsə, "Qətibə İnanc" mütləq izlənilməli olan tamaşalar siyahısındadır.
Nigar Yahyazadə
14:41 19.12.2025
Oxunuş sayı: 1259