Nəsimi rayonunda tarixi yaşayış binasında bərpa işləri yekunlaşmaq üzrədir
Bakıda yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasının damı layihəyə uyğun bərpa edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır:
"Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir".
Xatırladaq ki, tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, "VEST PARK" MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanmışdı. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulmuşdu.
Lakin təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metal kirəmit tipli konstruksiya quraşdırılmışdı. Həmçinin, damda yerləşən tüstü və havalandırma bacaları qapadılmış, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaratmışdı.
Dövlət Xidməti bu nöqsanlarla əlaqədar təmir-bərpa işlərini dayandırıb, şirkət barəsində inzibati tədbirlər görmüşdü. Tarixi abidənin dam örtüyünün əvvəlki görkəminə qaytarılması məqsədilə layihədən kənar quraşdırılmış dam örtüyü sökülmüş, nəticədə binanın damının müəyyən hissəsinin zədələnməsinə və yağışlı havalarda isə sakinlər üçün əlavə narahatlıqların yaranmasına səbəb olmuşdu.
10:55 19.12.2025
Oxunuş sayı: 1287