Heydər Əliyev Mərkəzində "And və Qafqaz dağları arasında təxəyyül dünyası” sərgisinin açılışı olub
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” (The Imaginary World between the Andes and the Caucasus) adlı sərgisinin açılışı olub.
Crossmedia.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov da iştirak edib.
Sərgidəki əsərlərin əsas qəhrəmanları And yaylasının rəmzinə çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar insani duyğularla təsvir edilir.
Açılış mərasimindən əvvəl perulu rəssam Sol Alexo jurnalistlərə bildirib ki, Peru dünyada alpakaların məskəni kimi tanınır. Onun əsərlərinin böyük bir hissəsini məhz alpakalar təşkil edir və rəssam bu obrazları yaradıcılığında müasir üslubda təsvir edir.
Rəssam bildirib ki, Bakının və Şamaxının tarixi abidələri, görməli məkanlarından ilhamlanaraq sərgi üçün yaradıcılıq nümunələri ərsəyə gətirib və alpakaları həmin ərazilərdə təsvir edib. O, bu məkanları gəzərkən tamamilə fərqli duyğular yaşadığını və yeni ideyalar əldə etdiyini qeyd edib.
Sol Alexo And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində alpakaları həm rəmzi, həm də emosional mənada təqdim edib. Onun sözlərinə görə, əsərlərdə bəzən tək, bəzən cüt təsvir olunan alpakalar ətraf mühitlə qarşılıqlı əlaqəni nümayiş etdirir.
Sənətkar əlavə edib ki, bu kolleksiya onun üçün xüsusi əhəmiyyət daşıyır və gələcəkdə Azərbaycanla bağlı yeni yaradıcılıq işləri ərsəyə gətirə bilər.
Daha sonra qonaqlar “And və Qafqaz dağları arasında təxəyyül dünyası” adlı sərgi ilə yaxından tanış olublar.
Ekspozisiyada Sol Alexonun müxtəlif əsərləri nümayiş etdirilir. Bunların sırasında rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı rəsmlər də yer alır.
Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı olan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, And və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında yaşayan alpakaların ümumiləşmiş obrazı vasitəsilə incəsənətin mədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Rəssamın əsərlərində alpakalar təkcə süjet xətti deyil, eyni zamanda rəmzi və emosional məna daşıyır.
09:11 19.12.2025
Oxunuş sayı: 1478