Qazax Dövlət Dram Teatrında "Simurq quşu" tamaşası nümayiş olunub
Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə onun "Simurq quşu" hekayəsinin əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi olub.
Crossmedia.az xəbər verir ki, teatrın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti isə Gülüstan Mustafayevadır. Rolları Əməkdar artist Hacı Hacıyev, Elvin Abbasov, Ceyhun Vəlizadə, İlqar Hacəliyev, Kamil Məmmədov canlandırıblar.
Tamaşanı Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının nümayəndələri izləyiblər.
Qeyd edək ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri var. Parlaq mədəniyyət hadisəsinə çevrilən, dünya və insan haqqında məşhur “Qətl günü” romanı ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırıb.(AZƏRTAC)





03:30 19.12.2025
Oxunuş sayı: 1149