Soydaşlarımız Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb
Bütün dünya azərbaycanlıları kimi Almaniyanın Ştutqart şəhərində və Gürcüstanın Bolnisi rayonunda yaşayan soydaşlarımız da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini anıb, onun Vətən, millət yolundakı misilsiz xidmətlərindən danışıblar.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Ştutqartda keçirilən anım tədbiri Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Günay Mirzəyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qurulması və inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb, onun “Azərbaycan mənim həyatımdır, Azərbaycan mənim nəfəsimdir” sözlərini xatırladıb. Ümummilli Liderin əziz xatirəsinin xalqımızın qəlbində daim sevgi və hörmətlə yaşayacağını vurğulayıb.
Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində təşkil olunan anım tədbirində mərkəzin direktoru Rezo Həsənov, Gürcüstan Parlamentinin sabiq deputatı, ziyalı Ramiz Bəkirov, soydaşlarımız Çingizxan Yaqubov, Natəvan Mehdiyeva, Tahirə Əliyeva və Sehrab Aslanov çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin bütün dünya azərbaycanlılarının lideri olduğu, onun uzaqgörən siyasətinin, müdrik qərarların və formalaşdırdığı strateji xəttin uğurlu nəticələrinin bu gün də aydın şəkildə hiss edildiyi vurğulanıb. Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrdən, onun dövlətçilik fəlsəfəsi və liderlik keyfiyyətləri barədə danışılıb. Heydər Əliyevin ana dilimizə göstərdiyi xüsusi qayğıdan, dünya azərbaycanlılarına olan diqqət və himayəsindən söz açılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyi, bunun nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi qeyd olunub. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qısametrajlı film göstərilib.
21:30 18.12.2025
Oxunuş sayı: 999