Yaponiyada Qara Qarayevin musiqilərindən ibarət kompakt disk hazırlanıb
Yaponiyada yaşayan azərbaycanlı musiqiçi, “Ongakuno-le” musiqi məktəbinin rəhbəri Gülnarə Səfərovanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət kompakt disk (CD) hazırlanıb. Bu, Yaponiyada, eləcə də Asiyada Qara Qarayevin işıq üzü görən ilk CD-dir.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
CD-dəki musiqilər fortepianoda, simli və nəfəsli alətlərdə istedadlı musiqiçilər tərəfindən ifa olunub. Diskin hazırlanmasında yüksək peşəkarlığa malik səsyazma rejissoru, prodüser, dizayner və digər mütəxəssislər iştirak ediblər.
Səsyazma Yaponiyanın Miyaqi prefekturasının paytaxtı Sendai şəhərində yerləşən dünyaca məşhur “KAWAI” musiqi şirkətinin studiyasında həyata keçirilib. Audio materialın kompakt disk formatına salınması və CD-nin hazırlanması isə Tokioda baş tutub.
Hazırlanan CD-lərin “KAWAI” və “YAMAHA” musiqi mərkəzlərinə, həmçinin yanvar ayında keçiriləcək Zama Beynəlxalq Festivalında musiqisevərlərə paylanılması nəzərdə tutulur.
Qeyd edək ki, Gülnarə Səfərovanın gələn ilin iyulunda Tokioda baş tutacaq konsertində CD-nin təqdimatı olacaq.
Bu layihə Azərbaycan–Yaponiya mədəni əlaqələrinin inkişafına, Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə təbliğinə və Qara Qarayev yaradıcılığının daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
18:43 18.12.2025
Oxunuş sayı: 1073