AMEA-da süni intellektlə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
AMEA-nın 80 illik yubileyinə həsr olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc alimlərin məqalə müsabiqəsinin qalibləri bəlli olub.
Bu barədə Crossmedia.az-a AMEA-dan bildirilib. Ötən müddət ərzində müsabiqəyə “Süni intellektin humanitar və ictimai elmlərdə tətbiqi modelləri”, “Humanitar və ictimai elmlərdə rəqəmsal transformasiyalardan istifadə”, “Fəlsəfi və etik aspektlərdə süni intellektin rolu” və “Humanitar və ictimai elmlər üzrə rəqəmsal platformaların və süni intellektin elmi mühitə gətirilməsi” istiqamətlərində məqalələr qəbul olunub.
Müsabiqənin keçirilməsi üçün AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin sədrliyi ilə Komissiya yaradılıb, təqdim edilmiş məqalələr AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin sədrliyi ilə Ekspertlər qrupu tərəfindən yoxlanılıb.
Oktyabrın 20-nə kimi davam edən müsabiqəyə ümumilikdə 19 məqalə təqdim olunub və müsabiqənin nəticələri AMEA-nın Rəyasət Heyətinin 10 dekabr 2025-ci il tarixində keçirilən iclasında açıqlanıb. Müsabiqənin nəticələrinə əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Ləman Rüstəmli I yerin sahibi olub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Röya Mirzəbəyova II yer, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əyani doktorantı Cahandar Cabarov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı İlahə Əsədzadə və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Rüzgar Camal III yeri tutublar. Həmçinin 13 nəfər həvəsləndirici mükafata layiq görülüb.
AMEA-nın Rəyasət Heyətinin 17 dekabr 2025-ci il tarixində keçirilən iclasında isə gənc mütəxəssislərə mükafatları AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən təqdim olunub.
Təqdimetmə mərasimində akademik İsa Həbibbəyli bildirib ki, müsabiqədə Akademiyanın elmi müəssisə və təşkilatları ilə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin gənc mütəxəssislərinin də iştirakı üçün şərait yaradılıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, ölkəmizdə süni intellekt sahəsində ilk dəfə keçirilən məqalə müsabiqəsi dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində süni intellekt və rəqəmsal inkişafla bağlı alimlərimiz qarşısında qoyduğu vəzifələrin icrasına öz töhfəsini verəcək.
16:52 18.12.2025
Oxunuş sayı: 5247