I Ümumittifaq Türkoloqlar Qurultayının 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
15 Dekabr - Dünya Türk Dilləri Günü münasibətilə Yusup Balasağın adına Qırğız Milli Universitetində I Ümumittifaq Türkoloqlar Qurultayının 100 illiyinə həsr olunan “Türk xalqlarının dirçəlişində əcdad irsinin yaddaşı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Konfrans Y.Balasağın adına Qırğız Milli Universiteti, Qırğız Respublikası Azərbaycanlıları “Birlik” İctimai Birliyi, Qırğızıstan Xalqları Assambleyası, “Türk İrsi” Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Türkoloqların tarixdə ilk qurultayı 1926-cı ildə Bakıda keçirilib və türkologiyanın, dil siyasətinin, elmi əməkdaşlığın inkişafında dönüş nöqtəsi olub.
Qırğızıstan, Azərbaycan, Türkiyə və Başqırdıstandan olan alimlər, türkoloqlar və mütəxəssislərin iştirak etdiyi Türkoloqlar Qurultayının 100 illiyinin qeyd olunması ilə yanaşı, türk xalqları arasında elmi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyıb.
Tədbir çərçivəsində dil irsinin qorunması, tarixi yaddaş və türkoloji elmin müasir inkişaf istiqamətlərinə həsr olunan elmi məruzələr təqdim edilib.
Qırğızıstanda fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev dil, tarix və ümumi türk irsinin xalqları birləşdirən əsas dəyər olduğunu və bu kimi elmi forumların türk xalqlarının yaxınlaşmasına, onların mənəvi dəyərlərinin qorunmasına mühüm töhfə verdiyini deyib.
Sonda birlik tərəfindən məruzəçilərə və təşkilatçılara təşəkkürnamələr təqdim edilib.
20:38 17.12.2025
Oxunuş sayı: 899