2026-cı il sülh ili ola bilərmi? - Deputatlar danışdı
Azərbaycan və Ermənistan arasında onilliklər davam edən münaqişənin həlli istiqamətində ən mühüm addım 2025-ci il avqustun 8-də Vaşinqtonda atılıb. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyan Birgə Bəyannamə imzalayıb, xarici işlər nazirləri isə “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” müqavilənin 17 maddəlik mətnini paraflayıblar. Bu sənəd hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, nəqliyyat kommunikasiyalarının açılmasını və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutur. Paraflanma uzunmüddətli danışıqların nəticəsi olaraq tarixi nailiyyət hesab olunur və bölgədə davamlı sülhün əsasını qoyur.
Paraflanmadan sonra diqqətlər müqavilənin tam imzalanmasına yönəlib və 2026-cı il bu baxımdan əsas gözlənti ili kimi qəbul edilir. Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında ərazi iddialarını əks etdirən maddələrin dəyişdirilməsini ön şərt qoyduğundan, İrəvanın bu prosesi 2026-cı ildə başa çatdırması planlaşdırılır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamalarında iki ölkənin sülh müqaviləsinə “heç vaxt olmadığı qədər yaxın” olduğunu bildirib və paralel olaraq Türkiyə-Ermənistan normallaşmasında da simvolik addımların 2026-cı ilin əvvəlində atılacağını qeyd edib. Beləliklə, 2026-cı il Cənubi Qafqazda yeni sülh erasının başlanğıcı kimi gözlənilir və region ölkələri bu tarixi anı böyük ümidlə izləyir. Bəs 2026-cı il, həqiqətən, sülh ili ola bilərmi?
Crossmedia.az məsələ ilə bağlı Milli Məclis deputatlarının fikirlərini öyrənib.

Milli Məclisin İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev: "Sülh sazişinin imzalanması istiqamətində Azərbaycan öz səylərini əhəmiyyətli dərəcədə gücləndirib. Vaşinqton razılaşmaları çərçivəsində əldə olunan nəticələr onu deməyə əsas verir ki, artıq sülh mətni tam paraflanıb. Ermənistan tərəfi də sülhün vacibliyini dərk edir və bu prosesin reallaşması üçün səylərini artırmaq niyyətindədir. Lakin Azərbaycanın bu məsələdə konkret və prinsipial şərtləri mövcuddur. Həmin şərtlərdən birincisi, bəlkə də, ən vacibi, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tam şəkildə imtina etməsidir. Bu isə yalnız Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi ilə mümkün ola bilər. Azərbaycanın digər mühüm tələblərindən biri ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı idi. Bu istiqamətdə artıq praktiki addımlar atılıb və Minsk Qrupu faktiki olaraq ləğv edilib. Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə, Ermənistan və ABŞ arasında xüsusi razılaşma əldə olunub. Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi artıq “Tramp yolu” adlandırılıb. Yolun inşası və istismarı ABŞ şirkətinə həvalə ediləcək, layihənin icrası üçün ABŞ tərəfindən maliyyə vəsaiti ayrılıb. Proseslərə 2026-cı ilin ikinci yarısına qədər start verilməsi planlaşdırılır".
Deputat əlavə edib ki, ümumilikdə, sülhün əldə olunması üçün vacib addımlar atılıb: "Lakin sülh sazişinin imzalanmasına mane ola biləcək əsas amillər də mövcuddur. Bunlardan birincisi Ermənistanda keçiriləcək parlament seçkilərində Ermənistan baş naziri Nikol Paşinyan hökumətinin qalib gəlib-gəlməməsidir. İkinci mühüm məsələ isə referendum yolu ilə Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bu proseslərin 2026-cı ildə reallaşacağı və Paşinyanın yenidən hakimiyyətdə qalacağı təqdirdə, sülhün də məhz həmin il baş tutması mümkün görünür. Bununla yanaşı, sülh yalnız kağız üzərində qalan sənəd olmamalıdır. Saziş imzalanmamışdan öncə artıq vətəndaş cəmiyyəti nümayəndələri arasında qarşılıqlı səfərlər və görüşlər təşkil olunub. Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında bir neçə dəfə görüş keçirilib. Hətta İstanbulda ATƏT-in toplantısı çərçivəsində hər iki ölkənin nümayəndə heyətləri arasında da təmaslar baş tutub. Sərhədlərin demarkasiyası və delimitasiyası üzrə xüsusi komissiyalar fəaliyyət göstərir və artıq 12 kilometrlik ərazidə bu işlər yekunlaşıb. Böyük ehtimalla, Zəngəzur dəhlizi tam fəaliyyətə başlayana qədər sərhədlərin dəqiqləşdirilməsi prosesi mərhələli şəkildə davam etdiriləcək. Bir sözlə, proseslər göstərir ki, lazımi işlər görülür. Kənar müdaxilələr və fors-major hallar baş vermədiyi təqdirdə, 2026-cı ildə Azərbaycan-Ermənistan sülhünün reallaşmasına şahidlik etmək mümkün olacaq".

Milli Məclisin Ailə, Qadın və Uşaq komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib ki, Azərbaycan sülhün imzalanması prosesinə olduqca yaxındır: "Müharibə başa çatdıqdan sonra Azərbaycanın sülh sazişinin imzalanması üçün irəli sürdüyü şərtlər, demək olar ki, bir neçə ay öncə Ermənistan rəhbərliyi tərəfindən qəbul edilmişdi. Ən yüksək səviyyəli görüşlərdə, ardıcıl şəkildə keçirilən təmaslarda və müxtəlif formatlarda aparılan danışıqlarda da müsbət istiqamətdə addımlar atılmışdı. Lakin Ermənistan daxilində mövcud olan revanşist qüvvələr, eyni zamanda bölgədə hələ də öz qərəzli maraqlarını həyata keçirməkdən əl çəkməyən bəzi beynəlxalq güclər və təşkilatlar bu gün də öz dırnaqarası “missiyalarını” davam etdirmək niyyətindədirlər. Baxmayaraq ki, münaqişənin həllində ən uğursuz və səmərəsiz mexanizm kimi yadda qalan ATƏT-in Minsk Qrupu artıq ləğv edilib və bu qurum faktiki olaraq öz fiyaskosunu etiraf etmiş oldu, son günlərin müşahidələri onu göstərir ki, bəzi beynəlxalq təşkilatlar müəyyən müddətlik geri çəkildikdən sonra yenidən aktivləşiblər. Onlar yeni nüanslar, süni səbəblər və bəhanələr irəli sürərək sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışırlar".
J.Əliyeva qeyd edib ki, bu cəhdlər bir daha onu göstərir ki, həmin dairələr bölgəyə davamlı sülhün gəlməsində maraqlı deyillər: "Bunun üçün də onlar yenə də Ermənistandakı müəyyən siyasi və ictimai qüvvələrdən alət kimi istifadə etməyə çalışırlar. Halbuki Ermənistan tarix boyu bu cür xarici institutların və dairələrin təsir dairəsində bir alətə çevrilmiş ölkə olub. Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan artıq öz sözünü deyib. Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Cənab Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, bu gün heç bir qüvvə Azərbaycanla təhdid və ya hədə dili ilə danışa bilməz. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq müqavilələrə əsaslanan, tamamilə legitim və məqbul şərtləri var və bu şərtlər mütləq şəkildə yerinə yetirilməlidir. Bu şərtlərin icrası yalnız regiona deyil, eyni zamanda dünyanın bir parçası olan bu coğrafiyaya davamlı və qalıcı sülh gətirə bilər. Azərbaycan bu məqsədlə bütün siyasi, diplomatik və institusional resurslarını səfərbər edib. Əgər əvvəlki aylarda əldə olunan razılaşmaların ruhu qorunub saxlanılarsa, ikitərəfli və çoxtərəfli danışıqlar konstruktiv məcrada davam edərsə və Ermənistan tərəfi yenidən hər hansı xarici təsirin altına düşməzsə, bu halda sülh müqaviləsinin önümüzdəki il imzalanması tamamilə labüd görünür. Eyni zamanda onu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan yeni münaqişə və ya yeni müharibə ilə təhdid edilə bilməz. Azərbaycanın hərbi gücü və hərbi potensialı bu gün regionun ən güclü faktorlarından biridir. Son beş ildə keçirilən Zəfər Paradı da bir daha bütün dünyaya Azərbaycanın ordusunun, hərbi sənayesinin, zabit və əsgər heyətinin hazırlıq səviyyəsini və gücünü açıq şəkildə nümayiş etdirdi. Məhz buna görə də Azərbaycanla müharibə dili ilə danışmaq, onu təhdid etməyə çalışmaq qəbuledilməzdir və bu cür cəhdlər yalnız həmin tərəflərin öz əleyhinə çevrilə biləcək amillər kimi qiymətləndirilməlidir".

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Arzuxan Əlizadə: "Mən hələ bir müddət əvvəl də öz proqnozumu açıqlamışdım ki, Ermənistanda 2026-cı ilin may ayında keçiriləcək parlament seçkiləri baş tutmadan və Nikol Paşinyan həmin seçkilərdə növbəti dəfə qalib gəlmədən Ermənistan–Azərbaycan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Bunun əsas səbəbi Azərbaycanın ortaya qoyduğu konkret və prinsipial şərtlərdir. Ermənistanın üzərinə götürdüyü öhdəliklər var və həmin öhdəliklərin başında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarının çıxarılması dayanır. Bu isə yalnız referendum yolu ilə, yəni Konstitusiya dəyişiklikləri vasitəsilə mümkündür. Paşinyanın seçkilərə qədər referendum keçirməsi və Konstitusiyada dəyişikliklərə getməsi isə real hesab olunmur. Mən bunu əvvəldən də açıq şəkildə qeyd etmişdim. Ən yaxşı halda, 2026-cı ilin sonlarına doğru Ermənistanda referendumun keçirilməsi və Konstitusiyaya dəyişikliklərin edilməsi ehtimalı mövcuddur. Hazırda müəyyən gözləntilər var ki, parlament seçkiləri ilə paralel şəkildə referendum da keçirilə bilər və Konstitusiya dəyişiklikləri eyni vaxtda reallaşdırılsın. Lakin bu ssenari çox az ehtimal olunur".
A.Əlizadə bildirib ki, Paşinyanın hazırkı əsas prioriteti 2026-cı il seçkilərində qələbə qazanmaqdır: "Seçkilərdə uğur əldə etmək üçün isə o, Konstitusiya dəyişikliklərinə əvvəlcədən getməyi məqsədəuyğun saymır. Belə bir addım ölkə daxilində ona qarşı olan müxalif qüvvələrin daha da güclənməsinə səbəb ola bilər və Paşinyan bu riskin fərqindədir. Məhz buna görə də onun planı ilk növbədə seçkilərdə qalib gəlmək, hökuməti yenidən formalaşdırmaq, bundan sonra isə Konstitusiya dəyişiklikləri və referendum məsələsini gündəmə gətirməkdən ibarətdir. Bu baxımdan hesab edirəm ki, ən real ssenari 2026-cı ilin sonlarına doğru mümkündür. Əgər Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklər edilərsə və Azərbaycanın irəli sürdüyü digər şərtlər də qəbul olunarsa, məhz bundan sonra – yəni Konstitusiya dəyişikliklərindən sonra – sülh müqaviləsinin imzalanması prosesinə şahidlik edə bilərik".

Milli Məclisin Mədəniyyət və İctimai Birliklər və Dini Qurumlar komitəsinin üzvü Tənzilə Rüstəmxanlı: "Şübhəsiz ki, Azərbaycanın hazırda əsas məqsədi regionumuza davamlı sülhün gətirilməsidir. Bu istiqamətdə Azərbaycan bütün zəruri addımları atır. Hesab edirəm ki, Ermənistan–Azərbaycan münaqişəsi faktiki olaraq başa çatıb və artıq sülh danışıqlarının aparılması üçün real zəmin formalaşıb. Ermənistan tərəfinin də, xüsusilə Baş nazir səviyyəsində, bu sülhün regiona bir an öncə gəlməsi istiqamətində müəyyən siyasi iradə nümayiş etdirdiyi görünür. Bununla belə, Ermənistanda revanşist qüvvələr hələ də mövcuddur. Xüsusilə Erməni Apostol Kilsəsinin rəhbərliyi bu prosesdə destruktiv mövqe tutur. Tarix boyu erməni kilsəsi münaqişələrin alovlanmasında, xüsusən də türklərə qarşı nifrət və qarşıdurma ideologiyasının yayılmasında mühüm rol oynayıb. Bu gün də kilsə sülh prosesinə qarşı çıxan və gərginliyi qorumaqda maraqlı olan əsas mərkəzlərdən biri kimi çıxış edir. Məhz bu zehniyyət və revanşist düşüncə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının qarşısında duran ən ciddi əngəllərdəndir".
Deputat əlavə edib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, sərhədlərinin təhlükəsizliyini təmin edib: "Bu reallıq fonunda ümid edirik ki, 2026-cı il region üçün sülh və barış ili olacaq. Ermənistanın uzun illər davam edən işğalçı siyasətdən imtina etməsi, daxili barışa nail olması və qonşuları ilə normal münasibətlər qurması ilk növbədə erməni xalqının öz maraqlarına xidmət edəcək. Kaş ki, bunu daha tez dərk etsinlər. Bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə regionun taleyini müəyyən edən mühüm məsələlərin həllində və irimiqyaslı layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Azərbaycanın bu liderliyi artıq beynəlxalq müstəvidə də inkar edilə bilməz. Mən inanıram ki, Azərbaycanın öncüllüyü ilə regionumuza sülh gələcək və 2026-cı ilin barış və sabitlik ili olması ümidi ilə bu prosesin tərəfdarı olduğumuzu bir daha ifadə edirik".
11:08 17.12.2025
Oxunuş sayı: 4635