“Strukturlaşmış doktorantura kadr hazırlığında keyfiyyəti artıracaq” – Ekspert
Gələn ilin sentyabrından etibarən Azərbaycanda strukturlaşmış doktorantura proqramına başlanılacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində deyib ki, gələn ilin sentyabrından etibarən Azərbaycanda strukturlaşmış doktorantura proqramına başlanılacaq.
O bildirib ki, strukturlaşmış, yəni əvvəli və nəticəsi bilinən yeni nəsil doktorantura proqramlarına başlanılacaq:
"Məktəb və ali təhsil mərhələsində uzun illər ərzində formalaşmış problemlər nəticəsində elmi düşüncə, analitik yanaşma və metodoloji hazırlıq kifayət qədər inkişaf etməyib. Bunun nəticəsində yeni nəsil hələ doktorantura mərhələsindən etibarən elmi-tədqiqat fəaliyyətinə tam hazır vəziyyətdə başlaya bilmir".
Nazir bunu ciddi problem sayır:
"Müşahidələr göstərir ki, doktorantura səviyyəsində əsas çatışmazlıq real elmi araşdırma aparmaq bacarığının, tənqidi düşüncənin və metodoloji əsasların yetərincə formalaşmamasıdır. İnsanlar elmi fəaliyyəti necə planlamağı, necə ölçmə aparmağı, nəticəni necə əsaslandırmağı sistemli şəkildə öyrənmirlər. Metodologiya isə istənilən fəaliyyətin, istər elmi, istər sosial, istərsə də praktik sahənin əsas dayağıdır. Metodologiya olmadan nə davamlı elmi iş qurmaq mümkündür, nə də uzunmüddətli nəticə əldə etmək. Bu boşluq gələcəkdə daha böyük fəsadlara yol açır: sosial layihələr yaranmır, elmi ənənələr formalaşmır, tarixi ardıcıllıq və institusional yaddaş qurulmur".
Bu barədə Crossmedia.az-a açıqlama verən gənc alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, strukturlaşmış doktorantura proqramına keçid təhsil sistemində qəbul planlarının optimallaşdırılması və əmək bazarının real tələbləri ilə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, optimallaşdırma ilk növbədə əmək bazarı ilə təhsil sistemi arasında balansın yaradılması deməkdir:
“İstər orta ixtisas, istərsə də ali və doktorantura səviyyəsində əsas funksional vəzifə əmək bazarı üçün keyfiyyətli kadr hazırlamaqdır. Uzun illər ərzində bəzi ixtisaslar üzrə həddindən artıq qəbul aparılması işsiz diplomluların sayının artmasına səbəb olub, eyni zamanda bir sıra sahələrdə qəbulun olmaması kadr çatışmazlığı yaradıb. Strukturlaşmış doktorantura proqramı bu balansın qurulmasına töhfə verəcək”.
İ.Orucov qeyd edib ki, yeni proqram çərçivəsində kadr hazırlığı həm dövlət, həm də özəl sektorun ehtiyacları nəzərə alınmaqla həyata keçirilməlidir: "Bu yanaşma təhsil müəssisələrinin resurslarından daha səmərəli istifadə edilməsinə, infrastrukturun, laboratoriyaların, elmi-tədqiqat mühitinin və pedaqoji heyətin potensialının gücləndirilməsinə imkan verəcək.
Köhnəlmiş və əmək bazarında tələbat olmayan ixtisaslar mərhələli şəkildə sıradan çıxarılmalı, əvəzində müasir dövrün çağırışlarına cavab verən elmi istiqamətlər üzrə doktorant hazırlığı prioritet olmalıdır. Strukturlaşmış doktorantura real elmi fəaliyyət, tədqiqat bacarıqları və akademik karyera üçün yeni imkanlar yaradacaq. Bu həm elmi səmərəliliyi artıracaq, həm də doktorantura pilləsinə ictimai etimadı gücləndirəcək”.
İ.Orucov əlavə edib ki, proqram çərçivəsində rəqəmsallaşmanın tətbiqi, elektron resursların genişləndirilməsi, eləcə də elmi rəhbərlərin və gənc tədqiqatçıların davamlı inkişafı xüsusi əhəmiyyət kəsb edir: "Eyni zamanda yüksək nəticə göstərən doktorantlar üçün təqaüd, təcrübə və məşğulluq imkanlarının əvvəlcədən müəyyənləşdirilməsi təhsil–elm–əmək bazarı əlaqələrinin daha effektiv qurulmasına şərait yaradacaq.
Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi islahatlar, xüsusilə strukturlaşmış doktorantura modelinə keçid, ölkədə elmin inkişafı və beynəlxalq rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması baxımından mühüm addımdır".
Lalə Rəvəndi
10:20 17.12.2025
Oxunuş sayı: 1241