Həbsdən azad olunmuş şəxslərin ən ciddi və taleyüklü problemi: məşğulluq və karyera
Bəzən dövlətin gücü sərt qanunlarda deyil, mərhəmətlə verilən qərarlarda ölçülür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş sonuncu amnistiya təşəbbüsü məhz bu qəbildən olan, dərin məna və tarixi əhəmiyyət daşıyan addımlardandır. Bu təşəbbüs yalnız hüquqi mexanizm deyil — bu, vətəndaşa, insan taleyinə və gələcəyə verilmiş böyük etimadın dövlət səviyyəsində ifadəsidir. Müstəqil Azərbaycanın tarixində ilk dəfə bu qədər geniş əhatə dairəsinə malik, bu qədər dərin humanist məzmun daşıyan bir amnistiya aktı gündəmə gəlir və cəmiyyətə dövlətin öz vətəndaşlarının taleyinə biganə qalmadığı mesajını ötürür. Bu qərar göstərir ki, Azərbaycan dövləti gücünü yalnız cəza mexanizmlərində deyil, insanı qorumaq, onu yenidən cəmiyyətə qazandırmaq iradəsində görür.
Ölkə başçısının bu təşəbbüsü siyasi iradənin ən ali formasıdır. Bu, cəza fəlsəfəsindən ədalətə, intiqam anlayışından bağışlama mədəniyyətinə doğru atılmış düşünülmüş və cəsarətli addımlardan növbətisidir. Suverenlik uğrunda mübarizə aparmış şəxslərin, gənc yaşlarında həyatın sərt üzünü görmüş azyaşlıların, qadınların, yaşlıların və fiziki məhdudiyyətləri olan insanların azadlığa qovuşması, dövlətin yalnız qanunları icra edən mexanizm deyil, insani dəyərləri yaşadan canlı bir sistem olduğunu nümayiş etdirir.
Bu, minlərlə insan, yüzminlərlə ailələr üçün yenidən nəfəs almaq, yenidən inanmaq, yenidən başlamaq imkanıdır.
Lakin azadlıq özü-özlüyündə son deyil, yeni bir başlanğıcdır. Qapılar açıldıqdan sonra insanı qarşılayan cəmiyyətdə onun əlindən tutmağa hazır olmalıdır. Əks halda, bu azadlıq boşluğa çevrilə, daha böyük fəlakətlə əvəzlənə bilər. Məhz bu səbəbdən də Cənab Prezidentin humanist qərarı dövlət strukturları ilə yanaşı, vətəndaş cəmiyyətinə, iş dünyasına və sosial institutlara da çağırış edir, cəmiyyəti bütövlükdə azadlığa çıxan insanlara qarşı daha humanist olmağa səsləyir.
Həbsdən azad olunmuş şəxslər üçün qarşılaşdıqları ən ciddi və taleyüklü problemlərdən biri məşğulluq və karyera məsələsidir. Azadlıq qapısından çıxan insanı qarşılayan cəmiyyət onun əlindən tutmağa hazır deyilsə, verilən azadlıq real imkana deyil, boşluğa çevrilə bilər. Bu boşluq isə təkrar cinayətkarlıq, sosial təcrid və marginalizasiya risklərini artırır. Dünya təcrübəsi göstərir ki, azadlığa çıxan keçmiş məhkumlar çox zaman aşağıdakı göstərilən maneələrlə üzləşirlər:
— işəgötürənlərin cinayət keçmişi olan şəxsləri işə götürməkdə etdiyi tərəddüd;
— yeni azadlığa çıxmış şəxslərin müasir bazar tələblərinə uyğun səriştələrinin olmaması;
— azadlığa çıxmış şəxslərin bir çoxlarının sosial çevrələrinin zəifliyi, psixoloji dəstəyin məhdud olması, ümumilikdə ağırlaşmış sosial şərait;
Sadalanan problemlər yalnız ölkəmizə məxsus deyil, demək olarki dünyanın bir çox ölkələrində oxşar problemlər mövcuddur. İnkişaf etmiş cəmiyyətlər keçmiş məhkumların işə cəlb olunması, yenidən cəmiyyətə inteqrasiyası üçün üçün ixtisaslaşmış proqramlar, karyera planlaşdırılması, peşə yönləndirilməsi, sosial reinteqrasiya mexanizmləri və normativ mühit formalaşdırılar. Xüsusilə azyaşlı yaşlarında həbsə düşmüş və həyat təcrübəsi məhdud olan şəxslərə qarşı daha həssas və fərdi yanaşma tətbiq edilməlidir. Bu kateqoriyaya aid şəxslər üçün karyera məsləhətçiliyi eyni zamanda təhsil, psixoloji reabilitasiya və sosial bacarıqların inkişafı ilə paralel aparılmalıdır. Psixoloji tədqiqatlar göstərir ki, azadlığa çıxan şəxslər cinayət keçmişindən çıxıb normal həyata inteqrasiya olunduqda təkrar cinayətkarlıq riskləri azalır və onların cəmiyyətə faydalı vətəndaş kimi qatqı vermə ehtimalı artır.
Həbsdən çıxmış şəxslərin məşğulluq məsələlərinə dəstək məqsədi ilə müxtəlif proqram və layihələr həyata keçirilir. Hesab edirəm bu proqramlar daha da təkmilləşdirilməsi, həmin şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində ciddi töhvə verəcəkdir. Belə ki, şəxsin həyatının istiqamətini müəyyən edən əsas oxlardan biri də məhz karyera məsələləridir. Karyera yalnız iş tapmaq deyil — bu, insanın özünü dəyərli hiss etməsi, cəmiyyətə faydalı olduğunu görməsi və uzunmüddətli həyat strategiyası qurması deməkdir. Məhz bu səbəbdən azadlığa çıxmış şəxslərlə iş zamanı karyera məsləhətçiliyi institutu xüsusi əhəmiyyət kəsb edir. Azadlığa çıxmış şəxslrin məşğulluğuna dəstək məqsədi ilə bir neçə istiqaməti qeyd edə bilərəm.
- Müxtəlif peşə hazırlığı proqramları
- İşəgötürənlərə dövlət tərəfindən müxtəlif stullaşdırıcı güzəştlər
- Vətəndaş cəmiyyəti isntutları tərəfindən müxtəlif mentorluq proqramları
- Pxisoloji reabiltasiyaya proqramlarına cəlb ilə bağlı xüsusi kompaniyalar
- Xüsusilə gənclərlə bağlı fərqli yanaşma həyata keçirilməli, inkişaf proqramlarına cəlb edilməli, müxtəlif istiqamətlərdə təlimlər almalarına şərait yaradılmalıdır
- Media orqanlarının bu məsələni cəmiyyətdə geniş maarifləndirilməsi
Bu prosesə amsitiya aktı imzalandı və bitdi kimi baxmaq lazım deyil, çünki bu sənəd hüquqi hadisə olmaqdan çox, sosial yenidənqurma prosesidir. Bizlər yalnız cinayəti bağışlamaqla kifayətlənməməli, azadlığa çıxan insanlara məşğulluq, dəstək və ikinci şans verməyi ön planda tutmalıyıq və bunu ifadə etməliyik. Yalnız belə yanaşma ölkəmizi dünyada mütərəqqi cəmiyyət nümunələrindən birinə çevirə bilər.

İlkin Şərifov
Karyera məsləhətçisi
10:10 17.12.2025
Oxunuş sayı: 2608