“Kaş sənə güllə dəyməyəydi, Salatın…” – Əməkdar jurnalistdən sarsıdan etiraf
Yazıçı-publisist, əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illiyi münasibətilə “Ötür durna qatarı” mövzusunda görüş keçirilib. Əməkdar jurnalist Zemfira Məhərrəmli tələblər ilə görüş zamanı universitet və tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb. O, tanınmış jurnalistlərdən dərs aldığını qeyd edib, tələbələrə məsləhətlər verib, jurnalist peşəsinin üstünlüklərindən danışıb və I Qarabağ müharibəsi ilə bağlı xatirələrini paylaşıb.
-“Ömür bitər, yol bitməz” əsəri əsasında insanın həyat yolu onun öz iradəsinin nəticəsidir, yoxsa zaman bu yolu formalaşdırır?
– Bu, yaradıcılığımın ilk dövrünə aid kitabdır. Özündən razı olan, özünü formalaşmış və yetkin hesab edən jurnalistlərin ömür boyu bir “yol kitabı” olmalıdır. Mən də o zaman öz yol kitabımı yazdım, xarici səfərlərimlə bağlı qeydlərimi qələmə aldım. Ömür bitir, amma yol bitmir. Düşünürəm ki, insan özü öz ömür yolunu seçir, yol insanı seçmir. Kənar amillər də olur. Məsələn, bizimlə birgə 13 qız oxuyurdu, onlardan cəmi 2-3 nəfər jurnalistikaya gəldi, digərlərinə isə kənar amillər imkan vermədi.
– Hüquqi mövzuda yazılar jurnalist üslubunuza təsir göstərdimi?
– Bu mövzuda əsasən xəbər üslubunda yazırdım. Press-relizlər hazırlayarkən hüquqşünaslarla məsləhətləşirdim. Amma jurnalistika üslubum dəyişməyib.
– Cəbhə bölgəsindən yazdığınız yazılar hansı janra aid idi?
– Cəbhə bölgəsindən yazdığım materiallar publisistik yazılar idi. Publisistika çağıran, sövq edən, insanı arxasınca aparan və mübarizəyə səsləyən bir yaradıcılıq növüdür. Əsl publisist oxucunu arxasınca apara bilməlidir. Mən də bəzi əsərlərimdə fikrimi publisist kimi çatdırmasam, bunun dəyəri olmazdı. Özümü həm publisist, həm də yazıçı hesab edirəm.
– Müharibəni görmək və müharibədən yazmaq sizcə nə deməkdir?
– Müharibəni görmək, onu yaşamaq və o hisslərlə yazmaq böyük məsuliyyətdir. Yazılar həyəcanla, qələbə hissi ilə yazılmalıdır.
– Birinci Qarabağ müharibəsində şəhid olan jurnalistlərə nəsə demək imkanınız olsaydı, nə deyərdiniz?
– Şəhid jurnalistlərimizdən Salatın Əsgərovanı xüsusilə xatırlayıram. Şəhidlər xiyabanına gedəndə ilk onun məzarına çiçək qoyuram. 8 Martda belə qadın döyüşçülərimiz üçün bayram etmirik, çünki orada uyuyan şəhidlərimiz var. Salatına demək istərdim ki, sən ürəkağrısıyla informasiya ötürməyə getdin. Kaş sənə güllə dəyməyəydi, kaş yaşayardın və canlı əfsanə kimi qalardın.
– Əsərlərinizdən yalnız birini seçməli olsaydınız, hansını seçərdiniz?
– Bu, övlad sevgisi kimidir. Bu əsərləri mən yaratmışam, onları bir-birindən ayıra bilmərəm. Hamısı mənim üçün eyni dərəcədə doğmadır.






Fatimə Məmmədova
22:02 16.12.2025
Oxunuş sayı: 4388