Kütahyada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunub
Türkiyənin Kütahya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunan fotosərgi təşkil edilib.
Crossmedia.az bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Sərginin təşkilatçıları Kütahyada fəaliyyət göstərən Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyi və Kütahya Dumlupınar Universitetinin nəzdindəki Xarıbülbül Birliyi olub.
Kütahyanın mərkəzindəki Azərbaycan Parkındakı sərgidə Ulu Öndər Heydər Əliyevin həyat yolu, liderlik fəaliyyəti və Türk dünyasına qazandırdığı dəyərlər fotoşəkillər vasitəsilə ictimaiyyətə təqdim edilib.
Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov çıxışında Heydər Əliyevi müasir Azərbaycanın qurucusu, “Bir millət, iki dövlət” ideyasının memarı olduğunu bildirib və Türkiyə-Azərbaycan qardaşlığının inkişafında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu gün ölkədə mövcud olan azadlıq, sabitlik və güclü dövlətçilik Ümummilli Liderin xidmətidir və gənclərin əsas vəzifəsi bu irsi qoruyub gələcək nəsillərə ötürməkdir.
Sərgi ziyarətçilərin böyük marağı ilə qarşılanıb.
20:00 16.12.2025
Oxunuş sayı: 921