“Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi” mövzusunda təlim proqramı başa çatıb
Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi” mövzusunda təlim proqramının yekun tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti orqanlarının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması və İctimai-siyasi və humanitar məsələlər şöbələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 11 dekabr və 2025-ci il 15 may tarixli fərmanlarına əsasən, Dövlət İdarəçilik Akademiyasına müvafiq təlimlərin təşkili həvalə olunub. Bu çərçivədə icra hakimiyyəti orqanlarının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması və İctimai-siyasi və humanitar məsələlər şöbələrinin rəhbərləri üçün akademiyada üç aylıq təlim proqramı keçirilib. Təqdim olunan “Dövlət idarəçiliyində inkişaf göstəriciləri və onların ölçülməsi” adlı təlim uğurla başa çatıb.
Təlim müddətində iştirakçılar iqtisadi vəziyyətin ölçülməsi və təhlili, gəlirlərin müəyyənləşdirilməsi və bölüşdürülməsi, əhalinin və ev təsərrüfatlarının gəlir indikatorları, yoxsulluq və insan inkişafı göstəriciləri, demoqrafik siyasətin idarəetmə prosesinə təsiri, davamlı inkişafın idarə olunması, idarəetmə texnologiyaları və liderlik kimi sahələr üzrə nəzəri biliklər və praktiki bacarıqlar əldə ediblər. Həmçinin sosial müəssisələr və icma əsaslı sosial layihə modelləri üzrə müzakirələr aparılıb. Təlimin həm əyani, həm də onlayn formatda təşkili iştirakçıların geniş şəkildə prosesə cəlb edilməsinə imkan yaradıb. Proqramın əsas məqsədi yerli icra strukturlarının rəhbər heyətinin müasir dövlət idarəçiliyi sahəsində peşəkar kompetensiyalarını artırmaq, idarəetmə indikatorlarının tətbiqi ilə bağlı praktiki vərdişlərini gücləndirmək olub.
Sonda yekun qiymətləndirmə əsasında təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
14:50 16.12.2025
Oxunuş sayı: 1032