"Soyuq əllər, isti ürəklər"dən reportaj: Atmosfer yüksəkdir, qiymətlər isə...
Şəhərin mərkəzi hesab olunan Nizami küçəsindəki "Soyuq əllər, isti ürəklər" yarmarkası uzun müddətdir ki, hər il təşkil edilir. Artıq bu yarmarka yeni ilin gəlişini simvolizə edən tədbir kimi də qəbul olunur. Xeyriyyə məqsədli aksiya sakunlərin ən sevimli yerləridir.
...Demək olar, hər il buraya gəlirəm. Ən azından yolum buradan düşür. Bu dəfə də asudə vaxtımdan istifadə edib yarmarkaya gedirəm. Amma indi həm də jurnalist kimi...
Bakının sərt küləyi burada, bu məkanın içində heç nəyə bənzəmir - sanki düşüncələrə toxunur, insanı özü ilə aparmaq istəyir. Lakin içəri keçən kimi, bunun tam tərsi ilə rastlaşırsan. Elə bil, başqa bir iqlim var: soyuq barmaqların titrəyişi ilə, isti ürəklərin döyüntüsü arasında qurulmuş gözəgörünməz körpü.

Buranın, doğrudan da, başqa ab- havası var. Adamlar o qədər çoxdur ki, iynə atsan yerə düşməz. Kimisi uşağı, nəvəsi ilə, kimisi dostu ilə gəlib. Əl- ələ gəzən cütlüklər də az deyil. Sağ- sol tərəfdəki stendlərdəki fərqli ərzaq məhsulları diqqət çəkir. Bir az mübaliğə ilə desək, fərqli qoxular insanı bihuş edir...
Ən vacib məqam isə odur ki, bəlkə də, buraya gələn hər kəs yarmarkanın xeyriyyəçilik mahiyyətini anlayır. Bu, onların davranışlarında, üzlərindəki təbəssümdə hiss olunur.
Ata və qızı əl- ələ tutub gəzirlər. Onların dialoquna necə deyərlər, "qulaq misafiri" oluram:
- Ata, mənə "kartoşka" al da...
- Alıram, qızım.
Körpənin üzündəki gülüş dünyalara bərabərdir. Axı onlar mələkdirlər...
Gənclər olduqca şən görünürlər...
Hardan gəlirsən və kim olursan ol, burada qarşılaşdığın ilk təbəssüm sənə bahalı qızıl qədər qiymətli görünür. Bir könül qonşuluğu var burada, sanki insanların hissləri üz-üzə dayanıb, söhbət edir.

Masanın arxasında əlləri üşüyən gənc bir qız oturub. O danışanda səsini eşidən hər kəs hiss edir ki, bu sözlərin içində qırılmayan bir ümid, tükənməyən bir inam gizlənib. Qız stendin pəncərəsinə tərəf boylanır, qış küləyinin dumanlı nəfəsini görə-görə pıçıldayır:
- Buraya gələn hər insan bir az yorğun, bir az da üşümüş olur. Ancaq burdan çıxanda artıq heç nəyi soyuq hiss etmir.
Bu sözlər elə səmimi səslənir ki, bir anlıq qeyd aparmaq, sual vermək unudulur. Sanki mətbuat deyil, ədəbiyyat buradadır. Sanki mikrofon yox, şeir danışır.
Bir az kənarda yaşlı bir kişi, çay stəkanını barmaqları ilə sarıb, sanki o çayın içindəki istiliklə öz həyatının qışlarını isidir. O, danışmır, lakin gözlərində nitq azadlığı var - həyatın ağır zamanlarından, keçidlərindən, taleyin sərt rüzgarlarından danışan gözlər.
Burada hər kəsin isti ürəyi bir sobadır, hətta səsi çətin çıxanların belə. Bu məkanın öz dili var - insan dili, insan nəfəsi, insan ümidinin dili.
...Stendlərdən birinə yaxınlaşıram. 25-26 yaşlarında gülərüz oğlan məni təbəssümlə qarşılayır:
- Buyur, qardaş...
- Özüm üçün bir kumpir sifariş verirəm. Satıcı sürətlə kartofun içərisinə müəyyən məhsullar yığır, yaxşıca qarışdırır, sonra moyonez əlavə edib, yenidən qarışdırır.
Doqquz manat ödəyir, yeyə- yeyə gəzirəm.
Bəziləri buradakı qiymətlərdən şikayət etsələr də, məncə, o qədər də baha deyil.
Məsələn, qovrulmuş şabalıd və toyuq çubuqları altı manatdır. Son zamanlar adını çox eşitdiyimiz "Dolutos" isə səkkiz manata təklif olunur. Əslində tərkibində xüsusi nə isə yoxdur. Amma dadından çox danışırlar. Bir də haçan gələcəm bilmirəm. Odur ki, onun da dadına baxıram.
Stendin arxasında əməlli- başlı növbə var. Satıcı "Doritos" paketini açır, içərisinə zeytun, file, qarğıdalı və sous əlavə edib, sonra da qarışdırır. Dadına baxıram. Mənə görə, iddia edildiyi qədər ləziz olmasa da, maraqlı dadı var. Hər halda sınamağa dəyər.

Burada insanla ünsiyyət qurmağa söz kifayət etmir; sadəcə baxışlar, sadəcə susmaq belə yetər. Çünki susmaq bəzən ən böyük dostluqdursa, susqunluğun ən böyük səsi də burada eşidilir.
Bir anlıq özümə "boylanıram". Əllərim soyuqdur, barmaqlarım sanki sonub. Amma ürəyimdən isti bir xətt keçir. Buradakı insanların mənə ötürdüyü o duyğu xətti. Buraya reportaj hazırlamağa gəlmişdim, amma buradan ibrət, mənəviyyatla geri dönürəm. Bu məkandan çıxarkən külək yenə üzümə dəyir. Amma artıq əvvəlki külək deyil. Daha bu soyuğun içində belə bir istilik var. Buraya gələn hər kəs kimi mən də indi anlayıram ki: soyuq əllər, bəzən ən isti ürəkləri daşıyır.
Elmir Heydərli
12:04 08.12.2025
Oxunuş sayı: 4838