Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni səhifə: Sistemli işlər, konktet vəzifələr
Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində yeni mərhələnin başlanması təkcə iki ölkə münasibətlərinin növbəti addımı deyil, həm də Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən formalaşması baxımından strateji hadisədir. Prezident İlham Əliyevin “yeni səhifə” ifadəsi təsadüfi deyil — çünki ilk dəfə olaraq tərəflər münasibətləri sistemli, proqramlaşdırılmış və texnoloji inteqrasiyaya əsaslanan rəsmi çərçivəyə keçiriblər.
Bu, həm hərbi-texniki əməkdaşlığın dərinləşməsi, həm texnologiya transferi, həm də ordular arasında peşəkar hazırlıq və təlim proqramlarının genişlənməsi baxımından yeni imkanlar yaradır. Eyni zamanda tərəflərin bir-birinə verə biləcəyi dəstək yalnız hərbi sahə ilə məhdudlaşmır — regional təhlükəsizlikdən tutmuş enerji infrastrukturunun qorunmasına, investisiya və kəşfiyyat əməkdaşlığına qədər çoxşaxəli əməkdaşlıq platforması formalaşır.
Milli Məclisin deputatı Azər Allahverənov məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib:
"Yeni mərhələni çox yüksək qiymətləndirirəm. Bunun bir neçə əsas səbəbi var. “Yeni səhifə” dedikdə nəyin nəzərdə tutulduğunu da təxmin edə bilirəm. Məsələ ondadır ki, Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində geniş spektrli işlər bundan sonra daha intensiv şəkildə həyata keçiriləcək. Niyə? Çünki 2025-ci ilin 30 oktyabr tarixində 2026–2027-ci illəri əhatə edən ikitərəfli müdafiə əməkdaşlığı planı imzalanıb. Bu sənəd müdafiə sənayesi və hərbi əməkdaşlıq baxımından sözün əsl mənasında yeni bir səhifədir. Çünki bu günə qədər bu səviyyədə rəsmi, sistemli bir sənəd mövcud deyildi. Əvvəllər əməkdaşlıq olsa da, proseslər ayrı-ayrı sahələr üzrə aparılırdı. İndi isə bu plan çərçivəsində işlər sistemli, mərhələli və konkret vəzifələr əsasında icra olunacaq. Bu, yeni səviyyənin göstəricisidir".
Deputat qeyd edib ki, bu planda konkret sazişlər, proqramlar və gələcək fəaliyyət istiqamətləri öz əksini tapıb: "Real mexanizmlərin müəyyənləşdirilməsi isə müdafiə sənayesi və hərbi texnologiya sahəsində daha səmərəli əməkdaşlığa imkan yaradır. Britaniyanın zəngin texnoloji imkanlarından Azərbaycan üçün faydalanmaq, həmin texnologiyaların ölkəmizə transfer olunması və yerli sənaye infrastrukturuna uyğunlaşdırılması bu planın ən vacib hissələrindən biridir. Bütün bunlar müdafiə sənayesinin müxtəlif segmentləri üzrə yeniliklərin, modern standartların tətbiqi, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün ciddi imkan yaradır. Bu plan, həmçinin strateji planlaşdırma və əlaqələndirmə baxımından olduqca vacibdir. Digər tərəfdən, sənəd təkcə hərbi texnologiyaları əhatə etmir. Buraya təlimlərin təşkili, peşəkar hərbçilərin və mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi də daxildir. Britaniya ordusunun peşəkarlığının Azərbaycan ordusuna transferi, ordumuzun müasir tələblərə uyğunlaşdırılması baxımından bu komponentlər çox əhəmiyyətlidir. Strateji və regional təhlükəsizlik məsələləri də sənədin mühüm hissəsidir. Britaniyanın Cənubi Qafqazda ciddi enerji, təhlükəsizlik və kəşfiyyat maraqları var. Xüsusilə BP-nin bölgədəki layihələrini nəzərə alsaq, təhlükəsizlik və risklərin idarə olunması üzrə koordinasiyanın gücləndirilməsi vacib elementlərdəndir".
A.Allahverənov son olaraq bildirib ki, bundan başqa, sənəd iqtisadi və investisiya mühitini də yaxşılaşdıracaq: "Bu isə Britaniya şirkətlərinin Azərbaycanda yeni investisiya imkanları əldə etməsinə şərait yaradacaq. Sadalanan bütün bu məqamlar bütövlükdə yeni səhifənin məzmununu təşkil edir. Tərəflərin bir-birinə nə cür dəstək verə biləcəyinə gəlincə, bunların böyük hissəsi birbaşa Azərbaycanın müdafiə potensialının artırılması, ordunun modernləşdirilməsi və müdafiə sənayesinin inkişafı ilə bağlıdır. Britaniya üçün isə bu əməkdaşlıq bölgədəki təhlükəsizlik iştirakının dərinləşməsi, mövqelərinin güclənməsi və beynəlxalq nüfuzunun artması deməkdir. Münasibətlər 1990-cı illərin ortalarından enerji layihələrinin təhlükəsizliyi çərçivəsində formalaşmağa başlayıb. Sonrakı mərhələlərdə NATO ilə birgə təlimlər, zabitlərin peşəkarlığının artırılması və hərbi idarəetmə üzrə əməkdaşlıq genişlənib. 44 günlük Vətən müharibəsinə qədər olan dövrdə terrora qarşı mübarizə, kəşfiyyat və enerji infrastrukturlarının qorunması sahələrində əlaqələr daha da dərinləşib. Müharibədən sonra isə bu proses daha intensiv xarakter alıb. Bütün bunların məntiqi nəticəsi olaraq 2026–2027-ci illəri əhatə edən müdafiə əməkdaşlığı planının imzalanması baş verdi. Bu, həm mövcud proseslərin genişləndirilməsi, həm də yeni strateji mərhələyə keçidin rəsmi təsdiqi deməkdir. Məhz bu səbəbdən yeni səhifə dedikdə, bu strateji xəttin formalaşması və icrasının başlanması nəzərdə tutulur".
Ayhan
13:23 06.12.2025
Oxunuş sayı: 3802