Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olunub
Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının yaradıcılıq hesabatı keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov açıb: “Biz Bakıdakı 190 nömrəli məktəbdə birgə oxumuşuq. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş edildi. Kifayət qədər gözəl pyes idi. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim”.
Daha sonra Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.
Dünya Azərbaycan Alimlər Birliyinin sədri Məsud Əfəndiyev qeyd edib ki, Kamal Abdulla böyük yazıçı olmaqla yanaşı, həm də böyük alim, elm xadimidir: “Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür”.
Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla təkcə dilçiliyin yox, ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi”.
Xalq artisti Nurəddin Mehdixanlı Kamal Abdullanın müəllifi olduğu şeiri səsləndirib.
Müğənnilər Zabitə Əliyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səsləndirilib.
Daha sonra Xalq yazıçısının eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.
14:40 06.12.2025
Oxunuş sayı: 1133