Deputat: Zəngəzur dəhlizinin açılması məsələsi heç vaxt olmadığı qədər yaxın görünür
Cənubi Qafqazda sülh gündəliyi daha reallığa yaxın və perspektivli görünür. ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Keyt Fironun bəyanatına görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib. Vyanada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasının yekunları göstərdi ki, dialoq və diplomatiya vasitəsilə regionda uzunmüddətli sülhün təmin olunması mümkündür. Minsk prosesinin rəsmi şəkildə bağlanması isə yeni mərhələnin başladığını təsdiqləyir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış sazişlər və sülh müqaviləsinin paraflanması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında tarixi bir addım olub. Onun sözlərinə görə, yekun sülh müqaviləsinin imzalanmasına mane olan məsələlərdən biri olan Minsk qrupunun ləğvi ilə bağlı müraciət ATƏT-ə göndərilmiş və 1 dekabrda qurum tərəfindən təsdiqlənmişdir: "Gündəlikdə yeganə qalan məsələ Ermənistanın Konstitusiyasında ediləcək dəyişikliyin parlament seçkisindən sonra həll olunmasıdır ki, bu da regionda davamlı sülh üçün vacibdir. 8 avqustdan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi sürətlənib. Dövlət başçılarımız xarici platformalarda ikitərəfli görüşlər keçirir, parlamentlərimizin sədrləri və xarici işlər nazirləri müntəzəm görüşür, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimad mühitinin formalaşmasına öz töhfəsini verir. Delimitasiya və demarkasiya üzrə yaradılmış komissiyaların görüşləri intensivləşmişdir. Uzun illərdən sonra ilk dəfə Ermənistanın baş nazirinin birinci müavini Miher Qriqoryanın rəhbərlik etdiyi komissiya Qəbələdə azərbaycanlı həmkarları ilə görüş keçirdi. Yaxın zamanda nümayəndə heyətimizin Ermənistana səfəri planlaşdırılır. Azərbaycan Ermənistan üçün tranzit yüklərin daşınmasındakı məhdudiyyətləri aradan qaldırıb”.
Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin açılması məsələsi heç vaxt olmadığı qədər yaxın görünür: "Ermənistanın ərazisindən keçən 42 km-lik TRİPP layihəsinin tikintisinə 2026-cı ildə başlanılması planlaşdırılır. Azərbaycanla razılaşdırılmış bütün məsələlərin icrasına Ermənistanın hazır olduğunu bəyan etməsi regionda yeni reallığın təsdiqidir. Bütün bunlar göstərir ki, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın partiyası hakimiyyətdə qalsa, ilin ikinci yarısında yekun sülh müqaviləsinin imzalanması mümkün olacaq. Bu isə uzun illər davam edən düşmənçilik səhifəsini bağlayaraq münasibətlərin yeni mərhələyə başlaması deməkdir”, — deyə deputat vurğulayıb.
A.Badamov yekun olaraq bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi bu gün müsbət qiymətləndirilə bilər və regionda sülhün təmin olunmasına real ümidlər yaradır.
Mehriban Yariyeva
15:45 06.12.2025
Oxunuş sayı: 2027