Azərbaycan və Gürcüstan ali təhsildə əməkdaşlığı genişləndirir
Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev bu ölkənin təhsil, elm və gənclərlə İş üzrə nazirinin birinci müavini Levan Qirsiaşvili ilə birlikdə Tbilisi Dövlət Universitetini (TDU) ziyarət edib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin TDU-nun rektoru, akademik Caba Samuşiya ilə görüşündə iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni birgə akademik təşəbbüslərin hazırlanması imkanlarına toxunulub.
Müzakirələr zamanı TDU-nun Humanitar elmlər fakültəsində fəaliyyət göstərən Qafqazşünaslıq proqramının əhəmiyyətinə xüsusi diqqət yetirilib. Bildirilib ki, proqramın əsas modullarından biri olan Azərbaycanşünaslıq bölməsi regionda mədəni dialoqun güclənməsinə, elmi əlaqələrin inkişafına və tələbələr arasında qarşılıqlı anlaşmanın artırılmasına mühüm töhfə verir.
Ziyarət çərçivəsində TDU-nun kitabxanası və muzeyinin təşkilatçılığı ilə Azərbaycan mövzusuna həsr edilimiş xüsusi sərgi qonaqlara təqdim olunub. Sərgi iki ölkə arasında dostluq, mədəni əməkdaşlıq və təhsil əlaqələrinin tarixi inkişafını əks etdirib. (Report)
14:38 06.12.2025
Oxunuş sayı: 998